Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-24/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* və 30 manat dövlət rüsumunun, 20000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda elektron kabinet vasitəsilə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının hüquqi ünvanı olan ünvan 1 ünvanına şirkətin rəhbərliyinin, müəssisədə çalışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına cavabdeh tərəfindən məhdudiyyətlərin qoyulmasının qadağan edilməsi, əraziyə daxil olmağa şəraitin yaradılmasının cavabdehə həvalə edilməsi, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və satışının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı hüquqi ünvanı olan ünvan 1 ünvanına şirkətin rəhbərliyinin, müəssisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılmasının Cavabdehnə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şəraitin yaradılması qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadından Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin olunmaması, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddianın təmini tədbirinin qanunverciliklə müəyyən edilən “qətnamənin gələcəkdə icrasını təmin etmək” məqsədinə uyğun olmayan qərardad çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 157.2-ci maddəsinə əsasən, iddianın təmini tədbirinin görülməsində məqsəd mübahisə predmetinə dair iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməkdir. Bu tədbir qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönəlir. Lakin istər iddiaçının ərizəsində görülməsi xahiş edilən, istərsə də bu ərizəni qismən təmin edən məhkəmə qərardadında tətbiq edilən iddianı təmin etmə tədbirinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasını hansı şəkildə təmin edəcəyi və ya bu tədbirin görülməməsinin həmin qətnamənin icrasına hansı çətinlik və maneə yaradacağı, yaxud icranı ümumiyyətlə qeyri-mümkün edə biləcək halların konkret olaraq nədən ibarət olması əsaslandırılmamışdır. Baxmayaraq ki, iddianın təmini tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün müvafiq tədbir tətbiq olunarkən belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlığı baxımından qiymətləndirilməli və bu zaman məhkəmə cavabdehin və işdə iştirak edən digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini də nəzərə almalıdır. Məhkəmə iddianın təmini tədbirinin qanunverciliklə müəyyən edilən “işi qabaqcadan mahiyyəti üzrə həll etmir” tələbinə uyğun olmayan qərardad çıxarmışdır. Belə ki, MPM-in 157.2-ci maddəsinə əsasən, iddianın təmini tədbiri müvəqqəti xarakter daşımaqla işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Lakin məhkəmənin hazırkı qərardadla iddianın təmini qismində gördüyü tədbir (icarə obyekti olan ünvan 1 ünvanında yerləşən 12 ha torpaq sahəsindəki 12977,0 kv.m. kartof istehsal sexinə şirkətin rəhbərliyinin və müəssisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına və daşınmasına məhdudiyyətlərin qoyulmasının, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadənin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılmasının cavabdehə qadağan ediliməsi və həmin əraziyə daxil olmağa şəraitin yaradılmasının cavabdehə həvalə olunması) faktiki olaraq iddiaçının icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə iddia tələbi ilə eynilik təşkil etməklə, əslində həmin tələbin müvəqqəti də olsa qabaqcadan mahiyyəti üzrə həllinə yönəlmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-in nümayəndəsi X3 şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2- 2(117)-122/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri haqqında ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-in nümayəndəsi Ömərov Ramin Ağaəli oğlu, habelə nümayəndə və vəkil X1 şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “tərəflər arasında icarə müqaviləsi xx.xx.2020-ci il tarixdən başlamaqla 5 il müddətinə bağlanmış və iddiaçı tərəfindən 400000 manat məbləğində icarə haqqı ödənilməsi faktı vardır. İddiaçının sahibkarlıq subyekti olaraq hazırkı vəziyyətdə fəaliyyətinin davam etdirilməsinə şərait yaratma zərurəti vardır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilərək İddiaçı hüquqi ünvanı olan ünvan 1 ünvanına şirkətin rəhbərliyinin, müəssisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılması Cavabdehnə qadağan edilməli və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.2-ci maddəsinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etməklə bağlı iddianı təmin etmək üçün tədbirlər görülə bilər. 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. İstinad edilən qanunvericilik normalarının məzmunundan görünür ki, iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. İşdən görünür ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən istehsal prosesinin normal gedişinə maneələrin yaradılması iddiaçının istifadə hüquqlarının pozulmasına səbəb olur və belə hərəkətlərin cavabdeh tərəfindən davam etdirilməsi həm sahibkarlıq subyekti kimi iddiaçı şirkətin fəaliyyətinə mənfi təsir göstərir, həm də həmin şirkətdə çalışan işçilərin əmək haqlarının ödənilməsinə və digər zəruri xərclərin təmin edilməsinə süni maneələrin yaranmasına səbəb olur. Apellyasiya şikayətinin “məhkəmənin hazırkı qərardadla iddianın təmini qismində gördüyü tədbir faktiki olaraq iddiaçının icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə iddia tələbi ilə eynilik təşkil etməklə, əslində həmin tələbin müvəqqəti də olsa qabaqcadan mahiyyəti üzrə həllinə yönəlmişdir” barədə dəlili ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddianın təmini tədbiri qismində gördüyü tədbirlər mübahisənin mahiyyəti üzrə həll edilməsi demək deyildir və cavabdehin bu barədə bildirdikləri əsassızdır. Əksinə, iddianın təmin tədbirləri ilə iddiaçı müəssisənin və onun əməkdaşlarının işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı çıxarılana kimi hüquqlarının əsassız olaraq pozulmasının qarşısı alınacaqdır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-24/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-24/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver