Məhkəmə qərarları › İş №2-2(107)-26/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-26/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-26/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - Həsənоv Nizаmi Firudin оğlu və onun nümayəndəsi və vəkili Vəkil2, Cаvаbdeh Nəcəfоv Turаl Rаhim оğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Həsənоv Nizаmi Firudin оğlunun cаvаbdeh Nəcəfоv Turаl Rаhim оğlunа qаrşı “27.10.2017-ci il tаrixli kredit müqаviləsinə əsаsən cаvаbdehdən 100000 mаnаt pulun tutulmаsı tələbinə dаir” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsindən iddiaçı Həsənоv Nizаmi Firudin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “27.10.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 100000 manat pulun tutulması” tələbinə dair iddiası rədd edilmiş və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 27.10.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən İddiaçı 100000 manat məbləğində pulu borcalan Cavabdeh verməyi, borcalan həmin krediti 30.01.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Borcverən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Notariat orqanı tərəfindən təqdim edlmiş müqavilənin üzərində cavabdeh tərəfindən pulu aldığına dair qeyd aparılmışdır. Borc ödənilmədiyindən icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya 16.09.2020-ci il tarixli bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış və tərəflər arasında hazırki mübahisə yaranmşdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, 100 000 manat pul notarial qaydasında müqavilə ilə Cavabdeh verilmiş, pul müqavilənin bitməyinə az qalmış cavabdehdən istənilmiş, lakin cavabdeh pulu geri qaytarmamaq üçün dəfələrlə müxtəlif bəhanələr gətirmişdir. İddiaçı ilə cavabdeh xeyli müddətdir ki, bir-birlərini tanıyırdılar. Əvvəllərdə iddiaçı qarşı tərəfə borc pul vermiş və cavabdeh verilən pulu həmişə vaxtında qaytarmışdır. Bu barədə sübutları yoxdur. Amma bu dəfə sonuncu borcdan heç nə qaytarmamışdır. Əvvəl verilən pul borcları ilə bağlı tərəflər arasında müqavilə olmamışdır. Kiçik məbləğlər olduğuna görə müqavilə imzalanmayıb. Hazırkı işlə bağlı Şəki Rayon Məhkəməsindəki iclasda cavabdeh və onun vəkilinin izahatında qeyd edildiyi kimi, cavabdeh hündür mərtəbəli binalara lift quraşdırma işi ilə məşğul olurdu. Bu işlə bağlı pulu çatmayıb və ona görə borc pul alıb. 100000 manat da az pul olmadığına görə, iddiaçı pulu notarial qaydada vermişdir. İddiaçı tikinti materiallarının alqı-satqısı ilə məşğuldur. Tərəflərin münasibəti barədə, onların harda necə tanış olmaları barədə məlumatı yoxdur, sadəcə əvvəllər də cavabdehin borc pul alması və onu vaxdında qaytarması, indi böyük məbləğdə pul istədiyinə görə notarial qaydada verilməsini deyə bilər. Üç il ərzində müqavilənin yerinə yetirilməsi üçün cavabdehdən şifahi və yazılı qaydada pul tələb edilmiş, lakin qarşı tərəf hər dəfə pulu tələb edərkən girov kimi atası və bacısına məxsus torpaq sənədlərinin əsillərini iddiaçıya təqdim etmişdir. Həmin torpaq sənədlərinin müqavilə bağladıqdan sonra və ya əvvəl verildiyi ilə bağlı sübut yoxdur, bu ancaq şahid ifadələləri ilə bəlli olar. Tərəflər arasında girov müqaviləsi olmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı iddia müddətini ötürməmişdir, bu müddət ərzində bir neçə dəfə müraciət etmişdir, sonuncu dəfə 2020-ci ilin sentyabr ayında pulun qaytarılması barədə bildiriş də göndərmişdir və həmin bildirişin alınmasına dair xəbərnamə iş materiallarında mövcuddur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı əsassız hesab edirlər, pul alınmamışdır. Qarşı tərəf nə qədər iddia etsə belə həmin iddia müddəti ötürülüb, bununla bağlı ərizə də vermişlər. İcra qeydi barədə bildirişin cavabdeh tərəfindən alınması ilə bağlı məlumatı yoxdur. İddia müddətinin ötürülməsi əsası ilə məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, bildiriş, çıxarış, torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı Həsənоv Nizаmi Firudin оğlu birinci instаnsiyа məhkəməsinin qətnаməsindən apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iddia müddətinin keçməsini əsas gətirərək iddianı rədd etmişdir. İş materiallarından da görünür ki, aralarında 100000 manatlıq kredit müqaviləsi bağlanmışdır və həmin müqavilə məhkəməyə iddia vermək üçün əsas mübahisə predmeti sayıla bilər. Belə ki, kredit müqaviləsinin son icra müddəti 30.01.2018-ci il tarixədək müəyyən edilsə də, cavabdeh ödəməli olduğu puldan xəbərdar idi. Dəfələrlə aralarında olan danışıqlar əsasında cavabdeh götürdüyü öhdəliyindən əsassız bəhanələrlə boyun qaçırmış, tezliklə pulu ödəyəcəyi ilə bağlı vədlər vermiş, həmçinin bunun isbatı olaraq həmin pulun təminatı olaraq ailə üzvlərinə məxsus əmlakların rəsmi sənədlərini də ona təqdim etmişdir. Bundan əlavə olaraq məhkəmənin əsas gətirdiyi iddia müddətinin keçməsini əsassız hesab edir. O, pulun ödənilməsi ilə bağlı cavabdehə rəsmi şəkildə bildiriş göndərmişdir. Bununla bağlı lazımi sənədlər də iş materillarına əlavə olunmuşdur. Qanunvericilikdə də qeyd olunmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Cavabdeh dəfələrlə pulu ödəcəyini demiş, hətta o pulun təminatı olaraq girov qismində iki rəsmi sənədi də ona təqdim etmişdir. Bir neçə müddət sonra cavabdehin pulu qərəzli şəkildə ödəmədiyini bildiyi halda məhkəməyə müraciət etmişdir. Hesab edir ki, bu hal onun öz hüququnun pozulduğunu bildiyi hal kimi qiymətləndirilə bilər. Qeyd edir ki, UNİON Park və cavabdehin bacısı X2 arasında bağlanmış alqı-satqı müqaviləsi və DƏDRX-nin ******* № li, 03.09.2013-cü il tarixli çıxarışı ilə babası X1 mülkiyyətində olan Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin rəsmi sənədi cavabdeh tərəfindən ona verilmiş, kredit məbləği geri ödəmədiyi halda sözügedən əmlakları həmin pulun əvəzi olaraq ona verəcəyi ilə bağlı aralarında şifahi danışıqlar aparmışlarHal-hazırda da sözü gedən sənədlərin əsli də ondadır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı Həsənоv Nizаmi Firudin оğlu və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, hər biri ayrı-ayrılıqda şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh Nəcəfоv Turаl Rаhim оğlunun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)- 424/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Nəcəfоv Turаl Rаhim oğlu məhkəmə kollegiyasının iclasının hazırkı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlilərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddianın hüquqi əsası ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları bildirir. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 739.1, 739.2) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış 27.10.2017-ci il tarixli kredit müqaviləsi 1 il müddətinə 30.01.2018-ci il tarixədək bağlanmışdır. Eyni zamanda iddia ərizəsindən də, tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarından da müəyyən olunur ki, iddiaçı tərəfindən heç bir ödəniş aparılmamışdır. Habelə iş materiallarından da görünür ki, iddiaçı tərəfindən 100000 manat pul verilmiş və 100000 manat pul hazırki iddia tələbi üzrə mübahisə predmetidir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsinin bağlanması, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməməsi hazırkı işin mübahisələndirilməyən hallarıdır. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 30.01.2018-ci il tarixədək bağlandığından kredit müqaviləsinin müddəti 30.01.2018-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 30.01.2018-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti 30.01.2018-ci il tarixdə başlanmış və 30.01.2021-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti Şəki Rayon Məhkəməsinə 29.04.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddia müddətinin axımı 30.01.2018-ci il tarixdə başlamış və 30.01.2021-ci il tarixdə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 29.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcələnin 379.1-ci maddəsinə əsasən, iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda, iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə, fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda, müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Göründüyü kimi, iddia müddətinin axımının dayandırılması ilə bağlı qanunverici tərəfindən müəyyən edilmiş hal hazırki mübahisənin iddia müddəti ərzində baş verməmiş, iddiaçı tərəfindən məhkəməyə 29.04.2021-ci il tarixdə müraciət olunduğundan iddia 01.07.2021-ci il tarixdən qüvvəyə minmiş Mediasiya haqqında qanunun təsir dairəsinə düşməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcələnin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, qanunverici iddia müddətinin axımının kəsilməsini iki halla şərtləndirmişdir. Bunlardan birincisi müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilməsi və ikinci hal borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsidir. Mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və onun məhkəmə orqanlarına müraciəti iddia müddətinin bitdiyi 30.01.20201-ci il tarixdən sonra 29.04.2021-ci il tarixdə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddia müddətinin axımının məhkəməyə müraciət edilməsi ilə bağlı kəsilməsi halı baş verməmişdir. İddia müdətinin kəsilməsinin ikinci halı ilə bağlı (borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsi) məhkəmə kollegiyası qeyd edir ki, borclu tərəfindən iddia müddəti ərzində etirafedici hərəkətlərin edilməsinə dair sübutların mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, cavabdehin kredit müqaviləsinin qüvvədə olma müddətində və 3 illik iddia müddəti ərzində borc aldığı puldan hər hansı ödəniş etməməsi iddiaçı tərəfindən iddia edilir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməyən haldır. Bundan başqa iddiaçının məhkəməyə müraciət etməzdən öncə 2020-ci ilin sentyabr ayında pulun qaytarılması barədə bildirişlə cavabdehə müraciət edilməsi iddia müddətinin axımını kəsməmiş və bu hal Mülki Məcəllənin 380-ci maddəsində müddətin kəsilməsi üçün əsas hesab edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Həsənоv Nizаmi Firudin оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-2(117)-424/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar