Məhkəmə qərarları › İş №2-2(107)-27/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-27/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-27/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 şirkətinin və "xxxx" şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasına dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş iddiaçılar, hər biri ilə cavabdeh arasında yaranmış “biznes münasibətləri” üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 53.216,59 avro, borcun gecikdirilməsinə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 11.175,48 avro pulun İddiaçı1 şirkətinin xeyrinə, əsas borcun ödənilməsi məqsədi ilə 26.015,06 avro, borcun gecikdirilməsinə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5463,16 avro pulun "xxxx" Şirkətinin xeyrinə, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə isə 30 manat pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların cavabdehə qarşı irəli sürdükləri “pul tələbi barədə” iddiaları əsasında icraat başlanılmış və işə baxmış Şəki Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixdə qəbul etdiyi qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçıların nümayəndə-vəkili həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına (bundan sonra- Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Hazırki kommersiya işinin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdehə qarşı tələblərini müştərək qaydada deyil müstəqil olaraq irəli sürmüşdürlər. Birinci instansiya məhkəməsi iddiaçıların hər biri tərəfindən cavabdehə yönəlmiş müstəqil tələblərə bir icraatda baxaraq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MPM-nin 149.3-cü maddəsinin tələbinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Məhkəmə onu da qeyd edir ki, İddiaçı1 şirkətinə münasibətdə iddia ərizəsi həm də ona görə geri qaytarılmalı və ya baxılmamış saxlanılmalı idi ki, iddia ərizəsini imzalayan nümayəndənin buna səlahiyyəti olmamışdır. Belə ki, MPM-nin 149.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 74.2-ci maddəsinin mənasına görə, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd edilən prosessual hüquq normalarının mənasından aydın olur ki, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı, nümayəndə tərəfindən imzalandığı halda, təmsil olunan tərəfin verdiyi etibarnamədə açıq və aydın göstərilməlidir ki, nümayəndəyə iddia ərizəsini imzalamaq səlahiyyəti verilmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçıların nümayəndəsivəkili qismində çıxış edən Nümayəndə tərəfindən imzalanmışdır. İşin 1-ci cildinin 132-ci vərəqəsində olan etibarnamədən görünür ki, İddiaçı1 şirkəti tərəfindən 13.04.2021-ci il tarixdə verilmiş etibarnamədə Nümayəndə iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi göstərilməmişdir. Məhkəmə bildirir ki, etibarnamədə qeyd edilmiş “ərizə tərtib etmək və imzalamaq” anlayışı isə “iddia ərizəsini vermək və onu imzalamaq” anlayışını əhatə etmir. Çünki iddia ərizəsi digər ərizələrdən fərqlənir. Başqa sözlə müəyyən edilir ki, İddiaçı1 şirkətinin adından iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddia ərizəsini geri qaytarmamışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi aradan qaldırılmayan səhv deyil və Mülki Prosessual Məcəllə bu səhvin aradan qaldırılmasını 259-cu maddədə nəzərdə tutmuşdur. Belə ki, işə baxan hakim, artıq icraata qəbul edilmiş iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməsini aşkar etdikdə, ərizəni baxılmamış saxlayır (maddə 259.0.3). Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim ərizəni baxılmamış saxlayır (maddə 259.0.12). Lakin birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu yol verilməzdir. Belə ki, MPM-nin 4-cü, 5-ci, 149-cu, 151-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir. Qeyd olunduğu kimi, həm iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, həm də iddia ərizəsini imzalayan Nümayəndə İddiaçı1 şirkəti adından iddia ərizəsini imzalamağa səlahiyyəti olmamışdır. Belə olan halda Şəki Kommersiya Məhkəməsi həmin iddia ərizəsi əsasında icraatı başlanılmış kommersiya işi üzrə qətnamə qəbul etmək səlahiyyətində deyildi. MPM-nin 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyinə, həm də iddia ərizəsi İddiaçı1 şirkəti adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz və bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 şirkətinin və "xxxx" şirkətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən 20 dekabr 2021-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar