Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-28/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" X2 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “8988,94 manat əsas borc, 175,29 manat faiz borcu, 1328,09 manat məbləğində cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1680,20 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-36/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Tərəflər arasında 24 noyabr 2015-ci il tarixli 230/06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən ("xxxx" KB ASC) borc alana (Cavabdeh) ətliyin (maldarlığın) inkişafı məqsədilə 36 (otuz altı) ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə vaxtında qaytarmağı öhdəsinə götürmüşdür.
2. Ödəniş qrafikinə əsasən ilk 18 ay güzəşt olmaqla yalnız faiz məbləği olan 75 manat qalan aylar isə əsas faiz borcu ilə birlikdə ödəməklə 15000 manat əsas, 2063 manat faiz borcu olmaqla cəmi 17063 manat ödəməli idi.
3. Həmin müqavilənin 5.1-ci və 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün üçün illik 6 %-lə hesablanır və kredit müqaviləsinə əlavədə göstərilən qrafik üzrə ödənilir. 6.4-cü bəndinə əsasən borc alan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıdığı kredit vəsaitini xx.xx.2018-ci ilə qədər ödəməlidir. 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə kredit və kreditə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 0,1 % hesablanmaqla, borc verənə dəbbə pulu ödəməlidir.
4. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə 1 nömrəli əlavə üzrə qrafiklərə uyğun olaraq borc alan ilk 16 ay üçün güzəşt müddətilə 75 manat, sonrakı aylarda müvafiq məbləğdə ödəmələr etməklə sonuncu xx.xx.2018-ci il tarixdə kredit və faizlər üzrə ümumilikdə 200 manat ödəniş etmişdir.
5. Nəticədə cavabdeh öhdəliyini tam şəkildə icra etməmiş və onun ödənilməmiş borcu yaranmış və bu xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin xx.xx.2022-ci il tarixə əsas borcu 8988,94 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 175,29 manat, gecidirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu 1680,2 manat təşkil edir.
6. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
7. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “8988,94 manat əsas borc, 175,29 manat faiz borcu, 1328,09 manat məbləğində cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1680,20 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Birinci instansiya məhkməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, 2018-ci il tarixdə müqavilə müddəti bitmişdir. Lakin iddia müddəti 2018-ci il tarixdən başlayır. Belə ki, iddia müddəti bitməmiş, iddiaçı 2021-ci ildə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, sonradan iş aidiyyəti üzrə Şəki kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin, iş üzrə prosessual qaydalara riayət edilmədiyindən icraata qəbul edilməmişdir. İddiaçı ləğvetmə prosesində olduğundan Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Nümayəndə2 elektron kabinetində qeyd edilən qərar yerləşdirilmişdir. Bundan məlumatları olmamışdır. İddiaçı bankın ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu Bakı 1 saylı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında təyin edilmişdir. Ona görə də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır.Fondun rəhbəri isə qeyd edilən qərarlara ümumiyyətlə baxmır. Cavabdehə restruktruzasiya ilə bağlı təklif göndərilmiş, lakin cavabdeh sonradan təklifdən imtina etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 427.3 449.1, 449.4, 465-ci maddələrinə istinad olunmuşdur.
10. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
11. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-36/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, 126,52 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsi 36 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər bağlanmışdır. Lakin cavabdeh tərəfindən sonuncu tarixdə xx.xx.2018-ci il tarixdə 200 manat ödəniş edilmişdir ki, iddia müddətinin axımı sonuncu ödənişin olunduğu tarixdən başlayaraq hesablanır. İddia müddətinin axımı sonuncu ödənişin xx.xx.2018-ci il tarixdən başlanılmış hesab edilsə, qanunla müqavilə münasibətləri üçün müəyyən olunmuş 3 (üç) illik iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddətini ötürərək, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
14. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 381.1 və 381.2-ci və Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-36/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, eyni tələb ilə birinci dəfə xx.xx.2021-ci ildə Mingəçevir şəhər məhkəməsinə müraciət edilmiş və Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(051)-2043/2021 saylı qərardadla iddia ərizəsi aiddiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci iltarixdə Şəki Kommersiya Məhkəməsi tərəfindən mediasiya prosesində iştirak edilməməsi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. Həmin qərardad xx.xx.2021-ci il tarixdə də Nümayəndə2 (icraçı direktor) şəxsi elektron kabinetinə yerləşdirilsə də bankın elektron məhkəmə sistemində etibarnamə əsasında nümayəndəsi olan (hüquq şöbəsinin müdiri) Nümayəndə1 elektron kabinetinə yerləşdirilməmiş, nəinki sənədlər, hətta qərardad belə bankın hüqüqi ünvanına göndərilməmişdir. Bu barədə sorğumuza əsasən verilən cavab məktubu isə yalnız xx.xx.2022-ci il tarixdə bankın hüquqi ünvanına rəsmi daxil olduqdan sonra, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə tərəfimizdən Şəki şəhər 1 saylı Mediasiya təşkilatına təklif göndərilsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən tərəfimizdən ikinci dəfə xx.xx.2022-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Göründüyü kimi, Cavabdeh ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə - xx.xx.2018-ci il tarixdə olmaqla 200 manat ödəniş edildiyi müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən ödəniş, borcun etirafına yönəlmiş hərəkət hesab edilir və belə olan halda xx.xx.2018-ci il tarixdə edilən ödənişdən sonra iddia müddətinin axımı yenidən başlanılır və xx.xx.2021-ci il tarixdə başa çatmış hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi məsələsini araşdırarkən kobud pozuntuya yol vermişdir və göstərilən halda iddia müddətinin keçməsindən söhbət gedə bilməz. İddia müddəti tətbiqi yalnız o halda mümkündür ki, məhkəmə tərəfindən sübuta yetirilsin ki, iddiaçı vaxtında iddia qaldırmaq hüququndan öz təqsiri ucbatından istfadə etməyib. Göstərilən halda cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə öhdəlik lazımınca icra edilmədiyi və ya öhdəlik pozulduğu halda birinci instansiya məhkəməsi tərəfindən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun qarşısı süni şəkildə alınmışdır. Belə ki, əsassız olaraq iddia müddəti tətbiq edildiyi halda, kreditor müqavilə üzrə verdiyi pul vəsaitinin geri qaytarılmasını (öhdəliyinin icrasını) təmin edə bilmir. Qanunvericiliyin tələbinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılsa da, məsələyə formal olaraq yanaşmaq düzgün deyil. Belə ki, iddiaçı tərəfindən iş üzrə iddia ərizəsi ilə birinci dəfə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən həmin iddia ərizəsi heç bir əsas olmadan nəzərə alınmamış, iddia ərizəsinin xx.xx.2022-ci il tarixdə verilməsi əsas götürülərək iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Halbuki, iddia müddəti qanunvericilikdə birmənalı şəkildə iddiaçı tərəfindən süni şəkildə süründürməçiliyin qarşısını almaq üçün tətbiq edilən normadır. Amma indiki mülki iş üzrə iddiaçı iddia müddəti bitməmiş məhkəməyə müraciət etmiş, lakin ümumi məhkəmə mübahisənin kommersiya icraatı qaydasında baxılması qənaətinə gələrək aidiyyat üzrə işi Şəki Kommersiya Məhkəməsnə göndərmişdir. Şəki Kommersiya Məhkəməsi isə iddianın 2021-ci ilin sentyabr ayında verilməsini nəzərə almayaraq (xx.xx.2021-ci ildə MPM-in mediasiyaya aid məcburi tələb qüvvəyə minməsi) iddia ərizəsini bu əsasla geri qaytarmışdır. Sözügedən qərardadın mövcudluğu isə xx.xx.2022-ci ildə iddiaçıya məlum olmuşdur. Hesab edirlər ki, bu normanın tətbiqinə düzgün yanaşılmayıb, məhkəmə tərəfindən iddia müddətinin keçməsi qənətinə gəlinməsi əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edərək Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-36/2023 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Mülki Məcəllə
23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
28. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 36.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
41. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
42. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
53. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 tarixli Qərarında göstərilmişdir ki: “Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.”
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki: “... Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. ... kredit münasibətlərindən yaranan münasibətlərə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. ... kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. ...”
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında göstərilmişdir ki: “... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. ...”
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olanmüddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir
VI. Apellyasiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-36/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Araşdırma zamanı müəyyən edildiyi kimi, tərəflər arasında 24 noyabr 2015-ci il tarixli 230/06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana ətliyin (maldarlığın) inkişafı məqsədilə 36 (otuz altı) ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə vaxtında qaytarmağı öhdəsinə götürmüşdür.
61. Belə ki, həmin müqavilənin 5.1-ci və 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün üçün illik 6 %-lə hesablanır və kredit müqaviləsinə əlavədə göstərilən qrafik üzrə ödənilir. 6.4-cü bəndinə əsasən borc alan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıdığı kredit vəsaitini xx.xx.2018-ci ilə qədər ödəməlidir. 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə kredit və kreditə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 0,1 % hesablanmaqla, borc verənə dəbbə pulu ödəməlidir.
62. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin bağlanması, cavabdehin həmin kredit müqaviləsindən irəli gəldiyi öhdəlikləri icra etməməsi işin mübhisə edilməyən halları olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
63. Apellyasiya şikayətinin əsas dəlilləri mahiyyəti etibarı ilə ondan ibarətdir ki, iddiaçı iddia müddətini ötürməmişdir, cavabdehin verdiyi ərizə əsasında iddia müddəinin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsi mövqeyi əsassız olmuşdur.
64. İş materiallarından görünür ki, iddiaçı aidiyyət qaydalarını pozaraq, hazırkı mübahisə ilə bağlı öncə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
65. İş materiallarında olan birinci instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(117)-613/2021 saylı qəradadından (i/v78-80) görünür ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “11446,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi həmin ərizəyə əlavə edilən sənədlər natamam olduğundan (mediasiya, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması ilə bağlı tələblərə riayyət edilməməsi və s) geri qaytarılmışdır.
66. İddiaçı qeyd edilənləri əsas gətirərək belə hesab edir ki, onun iddia ərizəsinin məhkəməyə daxil olduğu gün - xx.xx.2021-ci il tarixdə iddia müddətinin axımı kəsilmişdir. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti üzrə göndərildikdən sonra da müddət axımının kəsilməsi davam etmişdir.
67. Halbuki, heç də bütün iddiaların verilməsi deyil, MM-in 380.1-ci maddəsinə (45-ci bənd) görə, müəyyənləşdirilmiş qaydada iddianın verilməsi iddia müddətinin kəsilməsinə səbəb olur.
68. İddiaçının nümayəndəsinin verdiyi izahatında qeyd edilmişdir ki, iddia müddəti ərzində iddiaçı hazırkı mübahisə ilə bağlı əvvəlcə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmənin xx.xx.2021-ci il tarixli qərardaddı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardad isə Əmanətlərin Sığortalanması Fonunun rəhbəri olan Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sitemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, onun elektron kabinetində yerləşdirilmədiyindən həmin qərardan məlumatları olmamış, sonradan müracətləri əsasında məhkəmədən verilmiş məlumat əsasında belə qərarın qəbul edildiyi məlum olmuşdur.
69. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...Mingəçevir Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilən qeyd edilən iş üzrə iddia ərizəsinin və sənədlərin qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC-nin ləğvedicisi qismində təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Nümayəndə2 müvafiq elektron kabinetində xx.xx.2021-ci il tarixdə yerləşdirilmişdir. Qeyd edilən şəxsin həmin qərarı oxumaması və ya məlumatlı olmaması qanunvericiliyin tələbini inkar edə bilməz. Belə ki, həmin şəxs buna görə məsuliyyət daşıyır və iddiaçı tərəfin yanaşması Mülki Prosessual Məcəllənin 10-3-cü maddəsinin tələblərinə uyğun deyildir. Bundan əlavə iddia tələbi üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, məhkəmə tərəfindən iddia ərizəsi və sənədlər geri qaytarıldıqdan sonra mediasiya prosesi ilə bağlı hər hansı bir hərəkət edilməmiş, yəni ən azı qərardaddan şikayət vermə müddəti ərzində hər hansı bir prosessual addım atılmamışdır. İddiaçı mediasiya üçün 2022-ci ilin oktyabr ayında Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, mediator xx.xx.2022-ci il tarixdə müvafiq arayış vermişdir.
70. Göründüyü kimi, iddiaçı Şəki Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi və sənədlər qaytarıldıqdan və iddia müddəti ötürüldükdən təxminən 1 ilə yaxın müddətdə hər hansı bir prosessual hərəkət həyata keçirməmiş, müddətin ötürülməsinə şərait yaradılmışdır. Əgər iddiaçı iddia müddəti ərzində mediasiya sesiyası üçün müraciət etsəydi, iddia müddətinin axımı dayandırılardı. Hazırkı halda isə iddia müddəti ötürüldükdən sonra mediasiya təşkilatına müraciət edilmişdir.
71. Digər tərəfdən, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi üçün iş üzrə iddia ərizəsi və sənədlər geri qaytarılmış və bu səbəbdən mahiyyəti üzrə işə baxılmamışdır. Bu hallarda qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı kəsilmir və ümumi qaydada davam edir.
72. Bundan başqa qeyd edlməlidir ki, kredit müqaviləsi 36 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər bağlanmışdır. Lakin cavabdeh tərəfindən sonuncu tarixdə xx.xx.2018-ci il tarixdə 200 manat ödəniş edilmişdir ki, iddia müddətinin axımı sonuncu ödənişin olunduğu tarixdən başlayaraq hesablanır. İddia müddətinin axımı sonuncu ödənişin xx.xx.2018-ci il tarixdən başlanılmış hesab edilsə qanunla müqavilə münasibətləri üçün müəyyən olunmuş 3 (üç) illik iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddətini ötürərək, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir...”.
73. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia ərizəsi düzgün verilmədiyindən məhkəmə aiddiyyəti üzrə göndərilmiş, səlahiyyətli məhkəmə tərəfindən isə sənədlərin natamlamlığı səbəbindən geri qaytarılmışdır. Beləliklə, ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş qaydada verilməmişdir.
74. İddiaçı bundan sonra nöqsanları düzəldərək ikinci dəfə artıq xx.xx.2022-ci il tarixdə yəni iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir.
75. Məhkəmə kollegiyasının qənaətinə görə, ilk olaraq iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada verilmədiyindən iddia müddəti MM-in 380.1-ci maddəsinin tələbinə görə, kəsilməmişdir.
76. Əslində, MPM-in 152.4-cü maddəsinin tələbləri də deyiləni təsdiq edir. Belə ki, həmin maddədə geri qaytarılmış iddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmənin mümkünlüyünün vurğulanmasına da eyni konteksdən yanaşılmalıdır.
77. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə edilən müraciət mahiyyət etibarilə yeni müraciətdir. Bu mənada, “ümumi qaydada ikinci dəfə müraciət edilməsi”nə dair prosessual qayda MM-in 380.1-ci maddəsində nəzərdə tutulmuş “müəyyənləşdirilmiş qaydada iddianın verilməsi” anlayışına tamamilə uyğundur.
78. Odur ki, bu məsələ ilə bağlı məhkəmə kollegiyasının yekun mövqeyi ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürmüş, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur.
79. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
80. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
81. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
82. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
83. Birinci instansiya məhkəməsi qətnamənin giriş və nəticə hissələrində cavabdehdən borcun “müştərək qaydada” tutulmasını göstərmişdir. Məhkəmə kollegiyası bunu mexaniki səhv kimi qiymətləndirir.
84. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-36/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)- 36/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov