Məhkəmə qərarları › İş №2-2(107)-29/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-29/2022

16.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-29/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-103/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2.000.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçının Bakı şəhəri Xətai rayonu, Xocalı pr 32 ünvanında inşa etdiyi A2 və C2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunmasının Cavabdeh MMC-yə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19.01.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndə-vəkili Nümayəndə həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi 26.01.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi “ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayış qanunla bu mübahisəyə baxmaq səlahiyyəti olmayan mediator tərəfindən verilmişdir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı isə qərardaddan verdiyi şikayətdə bildirir ki, cavabdehin hüquqi ünvanı ünvan 1mmersiya Məhkəməsi ilə eyni şəhər və rayonda, həmçinin həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində mediasiya təşkilatı fəaliyyət göstərmir və Mediasiya Şurası tərəfindən ilkin mediasiya sessiyasının aparılması üçün təyin edilmiş mediator qanunverciliyin tələblərinə uyğun təyin edilmiş mediatordur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. İddia ərizəsinə əlavə olunmuş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Bakı şəhərində fəaliyyət göstərən mediator Orxan Yusubov tərəfindən mediasiya sessiyası təşkil edilərək 08.12.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi mediatorun seçilməsi barədə tərəflər arasında razılaşma olmamasına baxmayaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyatı üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. İddiaçı, cavabdehin hüquqi ünvanının Şəki şəhərində olmasına baxmayaraq, faktiki ünvanının Bakı şəhərində olmasını şikayətinin dəlillərindən biri kimi qeyd etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan maddi hüquq norması mediasiyanın keçirilmə yerini cavabdehin hüquqi və ya faktiki ünvanı üzrə deyil, işə baxan məhkəmənin yerləşdiyi yer üzrə müəyyən etmişdir. Bundan başqa iddiaçı şikayətində Şəki Kommersiya Məhkəməsi ilə eyni şəhər və rayonda, həmçinin həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində mediasiya təşkilatının fəaliyyət göstərmədiyini qeyd etsə də, bununla bağlı hər hansı sübutunu(rəsmi arayış və s.) şikayətinə əlavə etməmişdir. Şikayətin bu dəlili ilə bağlı Məhkəmə əlavə olaraq qeyd edir ki, Şəki şəhərində və ona yaxın ərazilərdə mediatorlar fəaliyyət göstərir. Buna baxmayaraq mediasiya prosesinin Bakı şəhərində fəaliyyət göstərən mediator tərəfindən həyata keçirilməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 yanvar 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar