Məhkəmə qərarları › İş №2-2(107)-29/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-29/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-29/2025 21.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 24743.84 manat borcun və 164.23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1219/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Bəhrəddin oğlu arasında kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli, 36-MCR-1-786-23 nömrəli razılaşmadan görünür ki, bank borc alan Cavabdeh 120 ay müddətinə, aylıq 2,50% olmaqla 50000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir.

2. Həmin kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23 nömrəli razılaşma üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Bəhrəddin oğlu arasında xx.xx.2021-ci il tarixdə 017M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh Bəhrəddin oğlunun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur.

3. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 36-MCR-1-786-23/1 nömrəli kredit verilməsinə dair müqavilədən görünür ki, İddiaçı ASC cavabeh Cavabdeh Bəhrəddin oğluna dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,58 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52 nömrəli çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi cavabdehin tam (xüsusi) mülkiyyətində olmaqla sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52-10301 nömrəli çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi cavabdehin tam (xüsusi) mülkiyyətində olmaqla sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır.

5. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52-10301 nömrəli çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsinin üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək 120 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödəniləmiş 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il mayın 20-dək Cavabdeh Bəhrəddin oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 22313.42 manat əsas, 2313.98 manat faiz və 465.74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25093.14 manat borcu vardır. Cavabdeh Bəhrəddin oğlunun xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 465.74 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 116.44 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh Bəhrəddin oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, əsas və faiz borcunu qəbul edirlər. Cərimə borcu və əmlakın likvid dəyəri ilə razı deyillər. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı təmsil olunmamışdır.

10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1219/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Bəhrəddin oğlundan xx.xx.2023-cü il tarixli, 36-MCR-1786-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu, 164.23 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, borc məbləğinin Cavabdeh Bəhrəddin oğlunun tam (xüsusi) mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 40000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh Bəhrəddin oğlundan tutularaq “Əmlak Ekspert Mərkəzi” MMC-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan bank hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödəniləmiş 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Ona görə də iddia bu hissədə təmin edilərək xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə tələbin “tutmanın Cavabdeh Bəhrəddin oğlunun mülkiyyətindəki ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

13. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan yaşayış evinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 40000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikаyəti vermişdir.

16. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara: kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23 nömrəli razılaşma, kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23/1 nömrəli razılaşma, hesabdan çıxarış, maliyyə arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbi kredit müqaviləsi borc məbləğinin tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsindən ibarət olmuşdur. Məhkəmə öz təşəbbüsü ilə iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin etmişdir. Həmin məhkəmə iclasında ekeprtizanın təyin edilməsi məsələsi tərəflərin iştirakı ilə (əsasən cavabdeh tərəfin) müzakirə edilmədən təyin edilmişdir. Nəticədə Əmlak Ekspert Mərkəzi MMC tərəfindən mütəxəssis rəyi hazırlanmış və verilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 50000 manat, likvid qiyməti 40000 manat müəyyənləşmişdir. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə razılaşmamış və hesab etmişlər ki, iş üzrə mütəxəssis rəyi deyil daha ixtisaslaşmış ekspert rəyi ilə ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Məhz buna görə də əsaslandırılmış vəsatətlə məhkəməyə mrüaciət edilmişdir. Lakin vəsatətimiz müzakirə edilərək məhkəmə tərəfindən rədd edilmişdir. Məhz buna görə qeyd edilən məsələnin ətraflı araşdırılması məqsədilə apellyasiya şikayəti vermək məcburiyyətində qalmışıq. Məhz bu kimi məsələrə görə iş üzrə yenidən ekspertiza təyin edilməli və cavabdehə məxsus olan ipoteka predmetinin ilkin satışı qiymətinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1219/2024 saylı qətnaməsinin ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 40000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edərək həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1219/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

25. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

34. Maddə 1.0.9. İlkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

35. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

36. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1219/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

49. Müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Bəhrəddin oğlu arasında kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh 120 ay müddətinə, aylıq 2,50% olmaqla 50000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 36-MCR-1-786-23/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh Bəhrəddin oğlu İddiaçı ASC-dən illik 19%-lə 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh Bəhrəddin oğlunun mülkiyyətindəki ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.

50. Apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən etdiyi 40.000 həmin əmlakın real qiymətindən aşağıdır.

51. Bununla bağlı kollegiya bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və “Əmlak Ekspert Mərkəzi” MMC-nin qiymətləndirmə rəyini almışdır

52. İş materiallarında olan “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri 40000 manat təşkil edir.

53. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 40000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.

54. İlk növbədə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA/00785/23 nömrəli ipoteka müqaviləsində də onların qarşılıqlı razılığı ilə ipoteka predmetinin bazar dəyəri 50.000 manat müəyyən etmişlər (müqavilənin 2.2-ci bəndi).

55. Həmin ipoteka müqaviləsinin 9.4-cü bəndində göstərilmişdir ki, tərəflərin qarşılıqlı razılığına əsasən, ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti 37.500 manat məbləğində müəyyənləşdirilir.

56. Eyni zamanda kollegiya bildirir ki, Cavabdeh əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir.

57. Belə olan halda apellyasiya şikayətinin həmin dəlili əsassız hesab edilməlidir.

58. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə verilmiş qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.

59. Belə ki, hazırkı işdə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı təkrar ekspertizanın təyin edilməsi üçün MPM-in 102-ci maddəsində göstərilmiş əsaslar mövcud deyildir.

60. Kollegiya hesab edir ki, iş üzrə verilmiş qiymətləndirmə rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu işə baxan məhkəmələə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

62. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

63. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

64. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

65. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1219/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)- 1219/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar