Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-30/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin İsgəndər oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300.000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Bank ilə cavabdeh-borcalan Cavabdeh2 arasında 13 fevral 2020-ci il tarixli, 005R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,75 % dərəcəsi ilə, 36 ay müddətinə 35.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3 və Cavabdeh1 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh3 arasında 13 fevral 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 16.000 manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh2 arasında 13 fevral 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 20.000 manat məbləğində qiymətləndirilmişdir. X7 bölməsi tərəfindən “daşınar əmlakın rəsmi reyesrindən” verilmiş çıxarışdan müəyyən edilir ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 27.378,54 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 5.088,84 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 16.562,71 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə cavabdehlər – ipoteka qoyan şəxs Cavabdeh2 arvadı X2 və Cavabdeh3 arvadı X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 005R********** nömrəli kredit razılaşması üzrə 27.378,54 manat məbləğində kredit borcu, 5.088,84 manat faiz borcu və 16.562,71 manat məbləğində cərimə borcunun, 200 manat mediasiya xərcinin və 37,09 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, tələb olunan borc məbləğinin hərracdan əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq ödənilməsi, Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41.6 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank və Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 35.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planına əsasən cavabdeh kredit vəsaitini hər ay 1.324 manat, sonuncu ay isə 1.323,17 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. 35.000 manat vəsait bank tərəfindən cavabdehin **********831872 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 005S**********02 nömrəli (zamin Cavabdeh3) və 005S**********01 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılması barədə 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanmış 005L**********2 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 özünə məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) 16.000 manat qiymətləndirilməklə ipoteka qoymuşdur. Həmçinin, Cavabdeh2, özünə məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobili dəyəri (tərəflərin razılığı ilə) 20.000 manat qiymətləndirilməklə ipoteka qoymuşdur. Göstərilənlərə baxmayaraq cavabdehlər Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, kredit müqaviləsi üzrə Banka olan borcu ödəməmişlər. Öhdəliyin icra edilməməsi səbəbindən cavabdehlərin Banka 27.378,54 manat məbləğində əsas, 5.088,84 manat məbləğində müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən Bank tərəfindən cavabdehlərə 116.562,71 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən yazılı surətdə tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, meliasiya xərci olaraq 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37,09 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, xidmət haqqına görə 30 manat ödəmək məcburiyyətində qalmışdır. “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ƏEN/İ51-515/22 nömrəli məktubla təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilin likvid dəyəri 24.000 manat və Cavabdeh2 məxsus “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin likvid dəyəri isə 22.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4838 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə (banka olan borcu ümumilikdə 35.438,52 manat (əsas borc üzrə 27264,83 manat və faiz borcu 8173,69 manat) müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-7/2023 nömrəli iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 005R********** saylı kredit razılaşması üzrə 27.264,83 manat əsas, 5088,84 manat faiz borcu, 800 manat cərimə borcu, 131,97 manat mediasiya xərci, 37,09 manat dövlət rüsumu və 26,39 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi, borc məbləği Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə və Cavabdeh2 məxsus “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilin likvid dəyərinin 24.000 manat və Cavabdeh2 məxsus “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin likvid dəyərinin isə 22.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 59.3, 59.3.1, 59.3.2, 59.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti və apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin qətnamənin qismən, yəni “800 manat cəimə pulu və ipoteka predmeti olan “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin ilkin satış qiymətinin 22.000 manat müəyyən edilməsi” hissələrində ləğv edilməsi, iddia tələbinin 800 manat cərimə puluna aid hissədə təmin edilməməsi, “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə Bank tərəfindən hesablanmış absurd bir rəqəm olan 16.562,71 manat məbləğində dəbbə pulunu azaltmışdır. Lakin məhkəmənin müəyyən etdiyi 800 manat cərimə pulu da kifayət qədər çoxdur. Belə ki, onsuzda kifayət qədər borclanmış birinə əlavə olaraq 800 manat cərimə hesablanması ədalətsizlikdir. Hansı ki, məhkəmə cərimə məbləğini tamamilə silmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, məhkəmə ipoteka predmeti olan Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin ilkin satış (likvid) qiymətinin 22.000 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən «Əmlak Ekspert Mərkəzi» MMC-nin 28 iyul 2022-ci il tarixli rəyinə istinad etmişdir. Həmin rəydə göstərilmişdir ki, Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin ilkin satış (likvid) qiyməti 22.000 manat təşkil edir. Lakin mən bununla qətiyyən razı deyiləm. Belə ki, mənə məxsus olan Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin dəyəri 50.000-55.000 manat dəyərindədir. Hər kəs də bilir ki, 22.000 manata o avtomobili almaq mümkün deyildir. Hesab edirəm ki, başqa bir qiymətləndirici təşkilatdan avtomobilin real qiymətini özündə əks etdirən rəy alınmalı və həmin rəyə uyğun olaraq da qərar qəbul edilməlidir (mənim şikayətimin əsas məğzi də məhz avtomobilə qoyulmuş qiymət ilə bağlıdır). b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı Bank və digər cavabdehlər tərəfindən etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı Bank və digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (borcalan və girov qoyan) Kənan Abdullazadə ilə yanaşı digər cavabdehlərə (zaminlər Cavabdeh1 və (eyni zamanda ipoteka qoyan) Cavabdeh3) münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız mübahisələndirilən həcmdə və cavabdeh X1 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borc məbləğini mübahisələndirmir. O, bildirir ki, Bank tərəfindən ona münasibətdə tətbiq edilən cərimə məbləğini işə baxan məhkəmə 800 manata kimi azaltsa da, həmin məbləğ yenə də yüksəkdir. Cavabdeh hesab edir ki, cərimə məbləği məhkəmə tərəfindən tamamilə silinməli idi. Cavabdeh2 apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Məhkəmə hesab edir ki, Cavabdeh2 sözügedən kredit müqaviləsini bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də cərimənin hesab edilməsi halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 əsas və faiz borcunun yüksək olması və maddi vəziyyətinin ağır olması, onun Bank qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad etmir. Çünki bununla bağlı tərəflər arasındakı kredit müqaviləsində hər hansı şərt nəzərdə tutulmamışdır. Belə olan halda müəyyən edilir ki, Cavabdeh2 tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə Cavabdeh2 isə 16.562,71 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Cavabdeh2 Bankın xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək, hesab etmişdir ki, Cavabdeh2 Bankın xeyrinə tutulacaq cərimə borcu qismən – 800 manat həcmdə tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu məbləğini azaldarkən borclu Cavabdeh2 ilə yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh2 Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaltmaqda haqlı olmuşdur. Qeyd edilən bu hissədə apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə girov predmeti olan “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilinin ilkin satış qiyməti kimi müəyyən etdiyi 22.000 manat həmin avtomobilin real qiymətindən aşağıdır. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi girov predmeti olan avtomobilin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və “Əmlak Ekspert Mərkəzi” MMC-nin xx.xx.2022ci il tarixli qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, avtomobilin ilkin satış (likvid) qiyməti 22.000 manatdır. Cavabdeh2 avtomobilin qiymətinin daha da yüksək (50.000-55.000 manat) olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) Məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 apellyasiya şikayətində bildirir ki, avtomobilin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi məqsədilə avtomobil yenidən qiymətləndirilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir. Göstərilənləri və Cavabdeh2 müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutların təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməməli, birinci instansiya məhkəməsinin avtomobilin ilkin satış qiyməti ilə bağlı nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-30/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-30/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver