Məhkəmə qərarları › İş №2-2(107)-30/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-30/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-30/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 17234,51 manat pulun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 142,31 manat məbləğindəki dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi imzalanmışdır. - Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 12 hektar ərazi üçün cavabdehə 21600 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə vəd edilmiş tütün cavabdeh tərəfindən əkilir, yığılır və iddiaçıya satılmış tütün yarpaqlarının alış qiymətinin 50%-i tutularaq geri ödəmə üçün istifadə olunur. - Həmin müqavilənin 3-cü maddəsinə əsasən 2021-ci il mövsümü üzrə yaşıl tütün alqı-satqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən alıcı tərəf dekabr 2021-ci il tarixindən gecikdirilmiş borcun illik 15%-faizi həcmində dəbbə pulu ödəyir.

2. Eyni zamanda tərəflər arasında 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən fermer, mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12 ha torpaq sahəsində müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tütün əkimi üçün müraciət edən fermerin torpaq sahəsini mütəxəssislərin iştirakı ilə baxış keçirir və baxış aktı əsasında tərtib olunmuş sənədlərin əsasında müqavilə bağlayır. - Həmin müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən fermer tütünü xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin şərtlərinə uyğun şəkildə şifarişçiyə təhvil verir və qəbul qəbzi əsasında rəsmiləşdirilir. - Həmin müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir.

3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 46361,57 manat vəsait köçürülmüşdür.

4. İddiaçı tərəfindən cavabdeh tərəfindən təhvil verilmiş mallara dair elektron qaiməfakturalar məhkəməyə təqdim edilmişdir. Həmin elektron qaimə fakturalardan göründüyü kimi fermer tərəfindən ümumi dəyəri 31713,1 manat olan yaşıl tütün iddiaçıya təhvil verilmişdir.

5. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-fakturaya əsasən 12600 manat məbləğində cavabdeh tərəfindən yaşıl tütün təhvil verilmişdir. İddiaçının nümayəndəsinin izahatına görə Həmin elektron qaimə-fakturanı “təhvil aldım” bölməsi iddiaçı X3 MMC-nin o dövr üçün məntəqə müdiri Ruslan Zeynalov tərəfindən imzalanmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanan müqaviləyə görə iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmişdir. Cavabdeh tərəf isə müqavilə şərtlərini pozmuşdur. Cavabdeh tərəfə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq borcunu ödəmir. İddiaçı tərəf olaraq məhkəməyə müraciət etməyə qərar vermişlər. İddiaçının nümayəndəsi əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli 193165 nömrəli elektron qaimədəki imza vaxtı ilə təmsil etdiyi təşkilatda məntəqə müdiri işləmiş Ruslan Zeynalova məxsus olmuş, həmin qaimədəki möhür isə təmsil etdiyi təşkilata məxsusdur. İddiaçı təşkilat qeyd edilən qaiməni mübahisələndirmir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəflə müqavilə bağlamış, müqavilə şərtlərinə görə 70 ton tütün təhvil vermişdir. Təhvil verdiyi tütünün qaimələrini iddiaçı tərəfə göndərmişdir. İddiaçı tərəfindən təsdiq edilib və qəbul olunmuşdur. 12600 manat dəyərində qaimə göndərmiş, o da təsdiq və qəbul olunmuşdur. Dövlətdən subsidiyasını da almışdır. İddiaçı tərəf də həmin qaimənin pulunu ondan təkrar istəyir. Araşdırılıb baxılmasını məhkəmədən xahiş etmişdir. İddianı qəbul etmir.

8. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 4634,51 manat pul, 100 manat hüquqi yardıma görə pul və 38,10 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd ediləməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 752.1 və 752.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-cü maddələrinin müddəalarına istinad etmişdir.

10. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

11. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: müqavilələr, elektron qaimələr, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...iş materiallarından göründüyü kimi, fərdi sahibkar Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 05 noyabr 2020-ci ildə “Tütün becərmə üzrə borc” müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən cavabdeh 2020-ci il üzrə 19928,98 manat, 2021-ci il üzrə 27353,71 manat ümumilikdə 49557.69 manat avans verilmişdir. Cavabdeh isə həmin götürülmüş avans məbləğinə görə 2021-ci ilin noyabr ayına kimi yetişdirdiyi tütün məhsullarından yaşıl tütün təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü həcmdə yaşıl tütün vermədiyindən hal-hazırda 17234,51 manat qalıq borcu qalmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub və çıxarışdan, göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına ümumilikdə 49557,69 manat pul köçürülmüşdür. İş materiallarında olan “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə qaimələrdən göründüyü kimi Cavabdeh 2021-ci ilin iyul ayına kimi 32323,18 manat yaşıl tütün verməsi barədə qaimə təqdim etmişdir. Nəticədə 17234,51 manat qalıq borcu qalmışdır. İş materiallarını araşdıran məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş və daha sonra ləğv edilmiş xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-fakturanı tütün təhvil verilmə kimi qəbul edərək ümumi borc məbləğindən çıxmışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, yaşıl tütün verilmə barədə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaiməfakturanı iddiaçı X3 MMC-nin o dövr üçün məntəqə müdiri Ruslan Zeynalov tərəfindən imzalanmışdır. Məhz buna görə həmin ləğv edilmiş qaiməni məhkəmə tütün təhvil verilmə kimi qəbul edərək həmin hissədə iddia tələbini rədd etmişdir. Göründüyü kimi, İddiaçı MMC-nin maddi məsul şəxsi tam başqa bir şəxsdir. Cavabdehlə bağlanmış hər iki müqaviləni İddiaçı MMC adından imzalayan şəxs direktor Munethika Tanio olmuşdur. Ruslan Zeynalov həmin vaxtlar İddiaçı MMC-də işləyib. Amma onun nizamnamə ilə və ya digər daxili əmrlə, digər sənədlə İddiaçı MMC-nin adından çıxış etmək, sənəd imzalamaq səlahiyyəti olmamışdır. Sözügedən qaimədə möhürün hansı şəraitdə vurulması və ya həmin möhürün həqiqətən əsli olub-olmaması şübhə doğurur. Möhür MMC-nin direktorunda olur. Bundan başqa tütünün təhvil verilmə prosedurunda sahibkar (cavabdeh) tütünü təhvil verib dərhal elektron qaimə vurur. MMC (iddiaçı) isə qaiməni dərhal təsdiq edir. Yəni prosedurda təhvil-təslim sənədləri qaiməyə möhür vurmaqla təsdiq edilmir. Məhz buna görə də hesab edir ki, həmin möhürlü qaimə tütün-təhvil verilməsi kimi qəbul edilməməlidir. Sözügedən qaimə cavabdehin özü tərəfindən ləğv edilmişdir. Qaiməni ləğv etmək səlahiyyəti yalnız qaimə göndərən şəxs tərəfindən icra edilir. Bu barədə iş materiallarına müvafiq sənəd əlavə edilmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddianın tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

35. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış tütün becərmə üzrə borc müqaviləsinin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 12 hektar ərazi üçün cavabdehə 21600 manat pul verməyi öhdəsinə götürmüşdür.

43. Eyni zamanda tərəflər arasında 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqısatqısına dair bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən fermer, mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12 ha torpaq sahəsində müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür.

44. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatdan göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 46361,57 manat vəsait köçürülmüşdür.

45. İddiaçı tərəfindən cavabdeh tərəfindən təhvil verilmiş mallara dair elektron qaiməfakturalar məhkəməyə təqdim edilmişdir. Həmin elektron qaimə fakturalardan göründüyü kimi fermer tərəfindən ümumi dəyəri 31713,1 manat olan yaşıl tütün iddiaçıya təhvil verilmişdir.

46. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-fakturaya əsasən 12600 manat məbləğində cavabdeh tərəfindən yaşıl tütün təhvil verilmişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin elektron qaimə-fakturanın “təhvil aldım” bölməsi iddiaçı X3 MMC-nin o dövr üçün məntəqə müdiri Ruslan Zeynalov tərəfindən imzalanmışdır.

47. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən qaimə fiziki imza və möhürlə təsdiq edildiyindən elektron qaimə-faktura olaraq eyni zamanda, yaş tütünün cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinə dair təhvil-təslim aktı olaraq qiymətləndirilir. Bundan əlavə tərəflər arasında bağlanmış 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqı-satqısına dair müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir. Göründüyü kimi elektron qaimə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş və xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-faktura əslində təhvil verilmiş yaşıl tütünə görə iddiaçının ödənilmiş tütünün dəyərinin ödənilməsi ilə bağlı öhdəlik yaratmışdır. Bu faktlar iddiaçı tərəfindən aidiyyəti sübutlar təqdim edilməklə təkzib edilə bilməmişdir.

48. Ona görə də məhkəmə qeyd edilən elektron qaimə faktura üzrə cavabdeh tərəfindən 12600 manat yaşıl tütün təhvil verilməsini nəzərə alıb hesab etmişdir ki, cavabdehdən tələb edilən 17234,51 manatdan təhvil verilmiş yaşıl tütünün dəyəri olan 12600 manat çıxılmaqla qalan 4.634,51 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşır.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2020-ci il tarixli, 19365 nömrəli elektron qaimə-fakturanı tütün təhvil verilmə kimi qəbul edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, həmin qaimə-fakturanı iddiaçı MMC-də məntəəqə müdiri işləyən Ruslan Zeynalov imzalamış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Ruslan Zeynalovun nizamnamə ilə və ya digər daxili əmrlə, digər sənədlə İddiaçı MMC-nin adından çıxış etmək, sənəd imzalamaq səlahiyyəti olmaması barədə dəlili də sassızdır. Belə ki, iş materialına əlavə edilmiş 15.09. 2020-ci il tarixli, nömrəli 004801 nömrəli elektron qaimə fakturanı da Ruslan Zeynalovun imzaladığı müəyyən olunur.

51. Möhürün həqiqətən əsli olub-olmamasının şübhə doğurmasına dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya məhkəməsinin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bu barədə hər hansı sübut təqdim etməmiş və apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. Birinci instansiya məhkəməsi iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclasında iştrak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ödənilməli 141,7 manat dövlət rüsumunun 103.60 manatı iddiaçıdan, 38,10 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

56. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1349/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar