Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-31/2021 15.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-7/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2021-ci il tarixli e- 2-2(117)-7/2021 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat 28 qəpik) manat kredit borcunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və İsmayıllı şəhəri H.Əliyev pr., ev 9, mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) Cavabdeh qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh) iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat 28 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və İsmayıllı şəhəri H.Əliyev pr-i, ev 9,mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 179/14/SKMF saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə heydandarlığı inkişaf etdirmək məqsədilə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və İsmayıllı şəhəri H.Əliyev pr-i, ev 9, mənzil 13 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat 28 qəpik) manat borcu mövcuddur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh verdiyi izahatında və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə bağlandıqdan 6 il sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Bankla aralarında əldə olunan razılaşmaya əsasən 60 ay müddətində kredit borcunu ödəyəcəkdir. Borcun restrukturizasiyası ilə bağlı banka müraciət etmək üçün ora getmişdir. Lakin İddiaçıın İsmayıllı filialın müdiri Elxan müəllim onu qəbul etməmişdir. Sonradan köməkçisini göndərərək onu banka dəvət etmişdir. Borcun 60 ay müddətində ödənilməsi barədə razılaşmışlar və ona iddia müddətinin tətbiqi barədə ərizə vermiş, bunun müqabilində 500 manat pul istəmişdir. Maaşını almadığından pulu sonra verəcəyini bildirmişdir. Ondan 500 manat pul borcun restrukturizasiya olunması barədə ərizənin yazılması, qəbulu və iddia müddəti ilə bağlı ərizənin məhkəməyə təqdim olunması üçün yazılmasına görə istənilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı ASC-dən kredit götürmüşdür. Lakin, ödəməyə imkanı olmamışdır. Borc restrukturizasiya edilsə idi hissə-hissə ödəyərdi. Bununla bağlı bankın İsmayıllı filialına müraciət etmiş, onu yaxına buraxmamışlar. Sonradan filialın müdiri Elxan müəllim köməkçisi Cümşüdü göndərərək onu banka dəvət etmişdir. Ona iddia müddətinin tətbiqi barədə və borcun restrukturizasiya olunması barədə ərizə vermiş, ərizəni ona imzalatmış və buna görə 500 manat pul istəmişdir. Pulu hələ verməmişdir. Köməkçisi Cümşüd hazırkı vaxtadək pulla bağlı 70 dəfə zəng etmiş və pulun yuxarı çatacağını bildirmişdir. Bununla bərabər ona “əgər məhkəmə qərar verərsə 14000 manat borcu hissəhissə ödəyərsən” demişlər. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli e-2-2(117)-7/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli e-2-2(117)-7/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin iddia tələbinin rədd olunması barədə qətnaməsində, iddia ərizəsinin xx.xx.2014-cü il tarixli 179/14/SKMF saylı kredit müqaviləsinin iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunduğu qeyd olunmuşdur. Qeyd etmək istəyirlər ki, həmin dövr ərzində ölkədə və dünyada baş verən COVİD-19 koronavirusun pandemiyası nəticəsində Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin tətbiq edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən karantin rejimi tətbiq edilmiş və əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarının 2 nömrəli əlavəsinə əsasən, Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu məlumatları işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin siyahısında yer almışdır. Buna görə də bankın yalnız bir əməkdaşının adı “icaze.e-gov.az” portalına daxil edilirdi. İcraatlarında olan işlərin sayı da çox olduğuna görə iddia müddəti ötürülmüşdür. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq müqavilədə göstərilmiş Cavabdeh mülkiyyətində olan və İsmayıllı şəhəri H.Əliyev pr., ev 9 mənzil 13 ünvanında yerləşən mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 18000 manat qiymətləndirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsinin iddia müddətinin tətbiqi haqqında qanunvericiliyin tələbinə əməl edilmədən verildiyindən məhkəmə tərəfindən iddiadan imtina edilməlidir. Belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Göstərilənlərə əsasən iddia müddəti ötdüyünə görə iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişdir. İşin gerçək halı ondan ibarətdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan və İsmayıllı şəhəri H.Əliyev pr., ev 9 mənzil 13 ünvanında yerləşən mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 18000 manat qiymətləndirilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh məhkəməyə ərizə təqdim edərək tərəflər arasındakı kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Birininci instansiya məhkəməsi tərəfindən iddia müddəti tətbiq edilərək iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə 376). Məhkəmə qeyd edir ki, ipoteka qoyanların iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin verilməsi və ya verilməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində çıxış edən ipoteka predmeti ilə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən də ipoteka qoyan cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə əlavə hüquqi qiymət verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutumanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İşdən görünür ki, xx.xx.2014-cü il tarixli 3 il müddətinə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə olan halda, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı ilk dəfə hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdr. Göründüyü kimi, öhdəliklər üzrə icra müddəti bitmiş və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum olmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Kollegiyaya görə, mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddianın təmin edilməməsi barədə qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı iddia müddətini ötürməməsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya şikayətinə baxılarkən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində iddia müddətinin ötürülməsini etiraf etmiş, bunu ölkədə və dünyada baş verən COVİD-19 pandemiyası ilə, habelə işlərinin həcminin çoxluğu ilə əlaqələndirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı hazırkı tələblə kommersiya icraatı qaydasında iddia qaldırması üçün “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə müraciət etmişdir. COVİD-19 pandemiyasının yayılması və ya pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi isə elektron kabinet vasitəsi ilə müraciət edilməsinə məhdudiyyət yaratmır. Habelə, müəssisənin işlərinin həcminin çoxluğu iddia müddətinin ötürülməsinin üzrlü səbəbi hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-7/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-7/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-31/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-31/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver