Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-33/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X3 iştirakı ilə İddiaçı- X1 və onun vəkili X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun, müqavilənin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğinin və ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(117)-6/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilməmiş 9371,83 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 508,97 manat faiz borcu, 795,76 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1388,40 manat faiz məbləği olmaq cəmi 12066,96 manat kredit borcunun ödənilməsi, borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(117)-6/2021 nömrəli qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh1 9371,83 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzilin ilkin satış qiymətinin 19000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatının İddiaçı ASC-dən və 75 manatının Cavabdeh1 tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır. Qətnamədən narazı olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini qismən, tərəflər arasında bağlanmış 13.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə yalnız əsas borcu təmin etmiş, əsas borca görə yaranmış 508,97 manat faiz, 795,76 manat cərimə və 1388,40 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu isə təmin etməmişdir. Hesab edir ki, bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən 22.08.2014-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Məhkəmə ipoteka predmeti əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən "xxxx" MMC-nin ekspert rəyini əsas götürərək əmlakın qiymətini 19 000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Belə ki, “İpoteka haqqında” Qanunda qeyd olunub ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 38-ci maddəsində göstərilir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmçinin, hesab edir ki, əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Bank tərəfindən əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün araşdırılma aparılmış və yaşayış evinin bu günki real bazar qiyməti ekspertin rəyindəki qeyd edilmiş məbləğdən daha az müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edirik. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(117)-6/2021 saylı qətnaməsinin faiz, cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə təmin edilməyən hissəsində və Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində 0.0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzilin ilkin satış qiymətinin 19 000 (on doqquz min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək, bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikaytətinə etiraz edərək şikayətin təmin edilməməsi və Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(117)-6/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətində işə onun işə iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan müqavilə müddəti üçün faiz borcu, cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış faiz borcu hissəsini və ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2-2(117)- 133/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2014-cü il tarixli 31 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 10000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.08.2014-cü il tarixli 31 nömrəli ipoteka müqaviləsindən məlum olur ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2014-cü il tarixli 31 nömrəli kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MH seriyalı, ******* nömrəli, 05.03.2009-cu il tarixli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 20.08.2014-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 12 avqust 2020 –ci il tarixli bildirişdən məlum olur ki, borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 borc ödənilmədiyi təqdirdə İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzilin ilkin satış dəyəri 19000 manat müəyyən edilmişdir. İş materialları ilə müəyən edilir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2014-cü il tarixli 31 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 10000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 14.08.2014-cü il tarixli 31 nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzili ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Bu işin mübahisə ediməyən halıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 9371,83 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 508,97 manat faiz borcu, 795,76 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1388,40 manat faiz məbləği olmaq cəmi 12066,96 manat kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin faiz, cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə təmin edilməyən hissəsində və Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində 0.0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzilin ilkin satış qiymətinin 19 000 (on doqquz min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək, bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 508,97 manat faiz borcu, 795,76 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1388,40 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 508,97 manat faiz borcu, 795,76 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1388,40 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 19000 manat məbləğində müəyyən etmiş, iddiaçı apellyasiya şikayətində həmin qiymətin mənzilin likvid qiyməti olmadığını mübahisələndirmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilərək likvid qiymətinin müəyyən edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış "xxxx" MMC-nin ƏEM/İ 95-754/21 saylı mütəxəssis rəyindən məlum olur ki, Yevlax şəhəri Q.Quliyev küçəsində 0,0579 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın 4 nömrəli mənzilin 27 iyul 2021-ci il tarixə bazar dəyəri 21.000 manat, likvid dəyəri isə 19.000 manatdır. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 19.000 manat göstərməsi mənzilin likvid dəyəri ilə eynilik təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti barədə gəldiyi nəticə də düzgündür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka qoyana ünvanlanmış məhkəmə bildirişləri “ölüb” qeydi ilə məhkəməyə qaytarılsa da, aparılmış araşdırma nəticəsində bu halı təsdiq edən sübutları müəyyən etmək mümkün olmamışdır. Belə ki, qeydiyyat orqanında sonuncunun ölməsi faktı qeydə alınmamışdır. Yevlax rayon İcra hakimiyyəti qardaşına istinadən Cavabdeh2 2018-ci il tarixdə Rusiya Federasiyasında öldüyü və Yevlax şəhərtində dəfn olunduğu bildirilsə də məhkəməyə sübut təqdim edilməmişdir. Birinci intansiya məhkəməsi ipoteka qoyanın ölməsi faktının müəyyən edilə bilməməsini, eyni zamanda ölmüş olsa belə sonuncunun subay olmasını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş mövqeyini nəzərə alaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarınınöhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(117)-6/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün iddiaçının tələbi və məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pul iddiaçı və Cavabdeh1 bərabər tutularaq "xxxx" MMCnin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(117)-6/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMCnin "xxxx" ASC-də olan bank hesabına (m/h–AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-33/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-33/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver