Məhkəmə qərarları › İş №2-2(107)-33/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-33/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-33/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 12858.62 manat kredit borcu, 1181.38 manat faiz borcu, 344.61 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 5335.13 manat kredit borcu, 560.65 manat faiz borcu, 152.58 manat cərimə borcu olmaqla ümumilikdə 20432,97 manat məbləğində borcun və ödənilmiş 151.30 manat dövlət rüsumunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1395/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 007L**********37 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 150000 manat məbləğində kredit xətti açılmışdır. 4.4 Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9 Bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

2. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər (zamin Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

3. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 15000 manat məbləğində kredit verilmişdir.

4. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 5800 manat məbləğində kredit verilmişdir.

5. xx.xx.2023-cü il tarixli 019S**********01 nömrəli (zamin Cavabdeh2) və 019S**********02 nömrəli (zamin Cavabdeh1 ) qoşulma barədə sazişlərə əsasən zaminlər kredit alanın xx.xx.2023-cü il tarixli 007L**********37 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq, müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu Saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdеhlər Cavabdeh3 və Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 12858.62 manat krеdit bоrcu, 1181.38 manat faiz bоrcu və 344.61 manat cərimə borcu olmaqla, cəmi 14384.61 manat, 019R********** saylı krеdit razılaşması üzrə 5335.13 manat krеdit bоrcu, 560.65 manat faiz bоrcu və 152.58 manat cərimə borcu olmaqla,cəmi 6048.36 manat, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 20432 (iyirmi min dörd yüz otuziki) manat 97 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 151.30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.

8. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1395/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 12858.62 manat əsas, 1181.38 manat faiz borcu, 100 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 5335.13 manat əsas, 560.65 manat faiz borcu, 50 manat cərimə borcu və 151,3 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə tələbin “019R********** saylı kredit razılaşması üzrə 12858.62 manat əsas borcun, 1181,38 manat faiz borcu, 019R********** saylı kredit razılaşması üzrə isə 5335.13 manat əsas borcun və 560.65 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir.

10. Məhkəmə tələbin 019R********** saylı kredit razılaşması üzrə 344.61 manat cərimə borcunun, 019R********** saylı kredit razılaşması üzrə isə 152.58 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin qismənmüvafiq olaraq 019R********** saylı kredit razılaşması üzrə 100 manat və 019R********** saylı kredit razılaşması üzrə 50 manat həddində təmin edilməsini ədalətli və qanunidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 467, 470.1, 472.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikаyəti vermişdir.

13. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmalar, qoşulma barədə sazişlər, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. Faiz və cərimə borcları olduqca yüksək hesablanmışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1395/2024 saylı qətnaməsinin dəyişdirilərək faiz və cərimə borcunun aşağı həddə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən kredit müqaviləsi üzrə faiz və cərimə borcu hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

30. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1395/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 15000 manat məbləğində kredit verilmişdir.

46. Bundan başqa xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 5800 manat məbləğində kredit verilmişdir.

47. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 019R********** saylı kredit razılaşması üzrə 12858.62 manat kredit borcu, 1181.38 manat faiz borcu, 019R********** saylı kredit razılaşması üzrə 5335.13 manat kredit borcu, 560.65 manat faiz borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışları və hesabdan çıxarışla təsdiq olunur. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

48. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 019R********** saylı kredit razılaşması üzrə 12858.62 manat kredit borcu, 1181.38 manat faiz borcu, 019R********** saylı kredit razılaşması üzrə 5335.13 manat kredit borcu, 560.65 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

49. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin işin halları ilə bağlı heç bir araşdırma aparmaması, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etməsi, faiz və cərimə borcları olduqca yüksək hesablanmışdır.

50. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslandırılmamış, iddiaçı tərəfindən nə qədər faiz borcunun artıq hesablanmasını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmiş, apellyator faiz borcu ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir.

51. Eyni zamanda Cavabdeh3 kredit razılaşmaları üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və kredit razılaşmalarının məzmununu mübahisələndirməmişdir.

52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində cərimə borcunun yüksək olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin hər iki kredit razılaşmaları üzrə ayrı-ayrılıqda əsas borca münasibətdə cərimənin həcmi heç 2%-ni belə təşkil etmir ki, bu da MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tutulmuş cərimə pulunun tənasübsüz surətdə yüksək olması anlamına gəlmir.

53. Belə olan halda şikayətin həmin dəlili də əsassız hesab edilməlidir.

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

55. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

56. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

57. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

58. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1395/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

61. Qətnamənin mübahisələndirilən hissəsi on min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(117)- 1395/2024 saylı qətnаməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar