Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-34/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X1, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “7011,97 manat əsas borc, 3260,44 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10302,41 manat pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7011,97 (yeddin min on bir manat doxsan yeddi qəpik) manat əsas borc, 150 (bir yüz əlli manat) cərimə borcu və ödənilmiş dövlət rüsumunun 20,92 manat hissəsi tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun 9,08 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək “7011,97 manat əsas borc, 3260,44 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10302,41 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC (Alıcı) ilə Cavabdeh (“Təsərrüfat”) arasında bağlanmış 16.01.2017-ci il tarixli ********* nömrəli “2017-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair” müqaviləyə əsasən Təsərrüfat 17 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə standartlara uyğun olaraq alıcının mülkiyyətinə təhvil verməyi və aldığı avansı tədarük mövsümü vaxtı alıcı xam-pambıq verməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən, “Alıcı” adından verilən avanslar və xidmətlərin hesablarını vaxtında “Alıcı”ya çatdırılmasını təmin edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, xam-pambığın 1 tonunun satın alma qiyməti: birinci növ 500 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manatdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən “Alıcı” bu müqavilədək qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilmiş məbləğin 0,01% miqdarına, lakin ödənilməyən məbləğin 0,5 faizindən artıq olmamaq şərtilə “Təsərrüfat” cərimə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, “Təsərrüfat” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam pambığın dəyərini 20% miqdarında “Alıcı” ya və ya “Alıcı”nın razılığı ilə “Tədarükçü”yə cərimə ödəyir. 01.11.2017-ci il tarixdə Tanrıqulular kəndində tərtib edilmiş akta əsasən cavabdeh tərəfindən becərilən pambıq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətlə əməl olunmuş, vaxtında sahədə alaq otlarına qarşı mübarizə aparılmış, 3-4 dəfə cərgəarası kultivasiya çəkilmiş, pambıq sovkasına və digər ziyanvericilərə qarşı “Dalton” və “Emerbiano” preparatlarından istifadə edərək mübarizə aparılmışdır. Lakin sovkaya qarşı istifadə edilən preparatın keyfiyyəti lazimi səviyyədə olmamış və məhsul normal yetişdirilə bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə pambıq əkini üçün 8126 manat məbləğində avans ayrılmışdır. Tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən müqavilə satıcının müraciəti əsasında bağlanır. Müqavilə şərtlərində göstərilən tələblərə onlar tərəfindən əməl edilmiş, bütün aqrotexniki tədbirlər dərmanlama işləri vaxtlı-vatında yerinə yetirilmişdir. Cavabdeh tərəfindən isə öhdəlik yerinə yetirilməmiş, ona görə də borc yaranmışdır. Odur ki, borcun ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında iddia tələbini rədd edərək bildirmişdir ki, həqiqətən torpaq sahəsində pambığı əkmişlər, zavod tərəfindən müvafiq avanslar ayrılmış, dərmanlama işləri aparılmış, lakin, iddiaçının bitkiyə vurduğu dərman peraparatları keyfiyyətsiz olduğundan ziyanvericiləri öldürməmiş, buna görə də məhsul əldə edə bilməyəcəyini dəfələrlə zavoda bildirmişdir. Bununla bağlı zavodun mühəndisi, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə akt da imzalanıb. Məhsul əldə edə bilmədiyindən borcu ödəyə bilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti müqavilə öhləyindən irəli gələn vəzifələrini icra etməmiş, nəticədə istehsalçı tərəf olaraq böyük zərər çəkmişdir. Bu barədə mütəxəssis yoxlaması aparılmış iddiaçı tərəf də faktı təsdiqləmişdir. İddiaçı tərəf dərmanlama işlərini özü aparmışdır. Lakin effekli aparmadığından zərərvericilər məhv olunmamışdır. Belə olan halda məsuliyyət iddiaçının üzərinə düşür. Lakin məhkəmə özünün dediklərini və işin faktiki hallarını araşdırmadan iddianı təsdiq etmək yolunu tutmuşdur. Məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə prosesin barabərlik və çəkişmə prinsipini pozmuşdur. Buna görə də Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin dəlilləri Məhkəmə kollegiyasının iclаsında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e- 2-2(117)-502/2021 saylı qətnaməsinin ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC (Alıcı) ilə, Cavabdeh (“Təsərrüfat”) arasında bağlanmış 16.01.2017-ci il tarixli ********* nömrəli “2017-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair” müqaviləyə əsasən Təsərrüfat 17 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə standartlara uyğun olaraq alıcının mülkiyyətinə təhvil verməyi və aldığı avansı tədarük mövsümü vaxtı alıcı xam-pambıq verməklə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, cavabdehin əkdiyi pambıq bitkisinə münasibətə həyata keçirilən aqrotexniki tədbirlərə və avans məbləğinə dair cədvəlindən (iş vərəq 9) müəyyən edilir ki, Cavabdeh əkdiyi 17 hektar pambıq sahəsi üçün 05.08.2017-ci il və 14.08.2017-ci il tarixdə dərmanlama işləri üçün dərman və texnika ayrılmış və həmin dərmanlama işləri həyata keçirilmişdir. Cavabdeh isə 01.11.2017-ci il tarixdə tərtib edilmiş akta əsaslanır. Belə ki, müqavilə üzrə öhdəliklərin icra edilməməsi o deməkdir ki, iddiaçı tərəf öz üzərinə düşən dərman və ya digər aqrotexniki tədbirlərin həyata keçirilməsindən imtina etsin. Belə vəziyyətdə vurulmuş zərərin iddiaçının təqsirli davranışı nəticəsində yaranması və həmin vurulmuş zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə mövcud olmuş olsun. Hazırkı vəziyyətdə cavabdehin məhsulun bar verməməsinə səbəb kimi iddiaçının səpdiyi dərmanların keyfiyyətsiz olmasına istinad etməsi yalnız laboratoriya analizi nəticəsində sübut olunma ehtimalı olmaqla yanaşı ağlabatan olmalıdır. 14.08.2017-ci il tarixdə aparılmış dərmanlama nəticəsində vurulmuş dərmanın keyfiyyətsiz olmasına istinad etmək üçün cavabdehin tutarlı sübutu yoxdur. Belə ki, ən azı dərmanlama ilə aktın tərtib edilməsi arasında 3 ay müddət keçmişdir və bu fakt məhz məhsulun bar verməməsi ilə cavabdehin davranışı və ya keyfiyyətsiz dərman vasitəsi təqdim etməsi arasında səbəbli əlaqə olmasını təsdiq etmək mümkünsüzdür. Bütün bunlar onu deməyə əsas vermir ki, pambıq bitkisinin bar verməməsində iddiaçının təqsirli davranışı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, qətnamə tərəflər arasında bağlanmış 16.01.2017-ci il tarixli ********* nömrəli müqavilənin 2.3.1-ci bəndində göstərilmişdir ki, “Alıcı” bu müqavilənin icrası ilə əlaqədar “Tədarükçü” vasitəsi ilə götürülən öhdəliklərn yerinə yetirilməsi ilə üçün lazım mal-materialın və pul vəsaitinin “Tədarükçü”nün iştirakı ilə “Təsərrüfat”a verilməsini öhdəsinə götürür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəf pambıq sovkasına və digər ziyanvericilərə qarşı dərman preparatlarını “Təsərrüfat”a verilməsini təmin etsə də, həmin preparatlar lazımi keyfiyyətdə olmadığından təsiri az olmuş və sovkanın məhvinə gətirib çıxarmamışdır. Nəticədə pambıq bitkiləri normal inkişaf etsə də, qoza açmamışdır. Göründüyü kimi “Təsərrüfat”ın iradəsindən asılı olmayan səbəbdən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. Qeyd olunanlar cavabdehin istinad etdiyi 01.11.2017-ci il tarixdə tərtib edilmiş aktla da öz təsdiqini tapır. Həmin aktı Yevlax ŞİHB aparatının əməkdaşları, Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik sektorunun müdiri, Tanrıqulular bələdiyyəsinin sədri, Yevlax ŞİHB-nin Tanrıqulular kənd İƏD üzrə nümayəndəi ilə yanaşı iddiaçı "xxxx" İstehsalat Kommersiya MMC-nin Yevlax Filialının baş aqronomu da aktda göstərilənlərlə razılaşaraq imzalamış, sonuncu akta dair heç bir qeyd-şərt irəli sürməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri bunun ağlabatan izahını verə bilməmişlər. “Tədarükçü” öz üzərinə düşdüyü öhdəliyi (keyfiyyətli və standartlara uyğun dərman preparatlarını verməməsi) lazımi qaydada yerinə yetirmədiyindən “Təsərrüfat”ın pambıq məhsulunun yetişdirməməsinə görə təqsiri yaranmamışdır. Məhkəmə kollegiyası 14.08.2017-ci il tarixdə pambıq sahəsinə vurulmuş dərmanın keyfiyyətsiz olması barədə 3 ay müddət keçdikdən sonra aktın tərtib edilməsi barədə iddiaçının mülahizəsi ilə bağlı qeyd edir ki, əvvala akt 01.11.2017-ci il tarixdə-dərmanlama prosesindən 2 ay 16 gün sonra tərtib edilmişdir. İkincisi, dərmanlama başa çatdıqdan sonra vurulmuş dərmanın lazımi keyfiyyətdə və effektiv olub-olmaması müəyyən vaxt keçdikdən sonra bilinməlidir. Nəhayət, sözü gedən aktda da göstərilmişdir ki, cavabdehin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının ünvanına göndərdiyi çoxsaylı teleqramlar əsasında aidiyyəti şəxslərin iştirakı ilə pambıq sahəsinə baxış keçirilmişdir. Bu da onu göstərir ki, cavabdehdə dərman preparalarının keyfiyyətsiz olması barədə şübhə və qənaət 01.11.2017-ci il tarixdən xeyli əvvəl yaranmışdır. Göstərilən faaktlar bir daha ona dəlalət edir ki, əkilmiş məhsulun bar verməməsi ilə cavabdehin davranışı arasında səbəbli əlaqə yoxdur. Əksinə, pambıq bitkisinin bar verməməsində iddiaçının təqsirli davranışı mövcud olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməklə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı kommersiya mübahisəsi üzrə iddia tələbi 10272,41 manat olmuş, birinci instansiya məhkəməsi iddianı qismən, 7161,97 manat həddində təmin etmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı mübahisələndirilən məbləğ on min manatdan az olduğundan məhkəmə kollegiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilməsi istisna olunur. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-502/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnаmə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)- 502/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnаmə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “7011,97 manat əsas borc, 3260,44 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10302,41 manat pulun tutulması tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-34/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-34/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver