Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-35/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “4198,51 manat əsas borc, 785,95 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 626,40 manat faiz məbləği olmaq cəmi 5610,86 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-5/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2021-ci il tarixli, e- 2-2(117)-5/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 4198,51 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borcun tutulmasının Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatının İddiaçı ASC-dən və 75 manatının Cavabdeh1 tutularaq “X5” MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 %-i cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 27 nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 4198,51 manat əsas borc, 785,95 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 626,40 manat faiz məbləği olmaq cəmi 5610,86 manat kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instanasiya məhkəməsinn iclasında Cavabdeh2 vəkili bildirmişdir ki, Cavabdeh2 iddianı qəbul etmir. İpoteka predmeti olan əmlak cavabdehin yeganə yaşayış evidir. Ona görə də borcun ipoteka predmetinə yönəldilməsini istəmir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 X2 cəza cəkir və məhkəmə iclasları barədə ona cəzaçəkmə müəssisəsi vasitəsi ilə məlumat verilmişdir. “Covid-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlərlə əlaqədar onun məhkəmə iclasında iştirakını təmin etməyin mümkün olmadığı bildirilmiş və iddia tələbinə qarşı münasibətini məhkəməyə yazılı şəkildə təqdim etmək hüququnun olması ona izah edilmişdir. Lakin sonuncu iddia tələbinə münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-5/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hüquqları pozulmuşdur. Bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Şəki Kommersiya Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-5/2021 nömrəli qətnaməsi ilə əsassız olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbini qismən təmin edərək haqlı tələb olunan əsas borca görə yaranmış 785,95 manat cərimə və 626,40 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. Hesab edirlər ki, bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1%-i cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən cərimə və faiz məbləğlərini təmin etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarlarının tələblərini də nəzərə almamışdır. Həmçinin tərəflərindən əsas və faiz borcundan başqa, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 626,40 manat borcun tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 626,40 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunu təmin etməmişdir. Qeyd edirlər ki, iddia tələbinin əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyinin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə fərdi yaşayış evinin ilkin satış qiymətinin 36 000 manat müəyyən edilməsi hissəsi rədd edilməlidir. Belə ki, məhkəmə əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən “X5” MMC-nin ekspert rəyini əsas götürərək əmlakın qiymətini 36 000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Göstərilənlərə əsasən qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən də hesab edirlər ki, qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki Kommersiya Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 4198,51 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, borc məbləği Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə yönəldilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiyməti 36000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələr və həmin nəticələrə gəlməsinin arqumentləri ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə səbəb olmasını, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasını və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Məhkəmələr həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edirlər ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə bilməsi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli üçün bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, bankın Fərmandan irəli gələn müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə istinad edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar da mövcud deyildir. İddiaçı isə hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, belə yanaşma iddiaçının qərəzli mövqeyinə dəlalət edir. Birinci instansiya məhkəməsinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın kredit borcu tələbini təkcə 4198,51 manat əsas borca aid hissədə təmin etməkdə, qalan borclara (785,95 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 626,40 manat faiz məbləğinə) aid hissədə isə təmin etməməkdə haqlı olmuş, bununla bağlı qanuni və əsaslı qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddianın 785,95 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 626,40 manat faiz məbləği tələbinə aid hissələrdə də təmin edilməli olması barədə dəlillərini əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədardır. xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmeti olan əmlakın (mənzilin) dəyəri 26.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə ipoteka predmetinin ilkin satış qiyməti 36.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bu məbləğin hazırda əmlakın real qiymətini əks etdirmədiyini iddia edir. Lakin bununla iddiaçının nəyi nəzərdə tutması aydın olmur. Əgər iddiaçı həmin məbləği yüksək hesab edirsə də, bu mülahizəsini əsaslandırmaq üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, ekspert-qiymətləndiricinin rəyinə görə ipoteka predmetinin 36.000 manat məbləğində müəyyən olunmuş ilkin satış qiyməti onun likvid dəyərini təşkil edir. ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40,70 kv.m və yardımçı sahəsi 18,15 kv.m olmaqla ümumi sahəsi 58,85 kv.m olan mənzilin hazırkı bazar qiymətinin 36.000 manatdan da aşağı olması inandırıcı görünmür. Həm də bunu mübahisələndirən iddiaçı məhkəməyə başqa bir qiymətləndiricinin gəldiyi fərqli nəticə barədə rəy təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” hissəsini də təmin etməmiş və hesab etmişdir ki, iddia bu hissədə rədd dilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur. İpoteka predmetinin satışından əldə olunan vəsait kreditorun məhkəmə tərəfindən təmin edilmiş tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan borcun borcludan tutulması məqsədilə icra tədbirləri icra orqanı tərəfindən məhkəmə qərarının tam icrasınadək davam etdirilməlidir. Bunu qətnamədə əlavə göstərməyə lüzum yoxdur. Digər tərəfdən, məhkəmənin ehtimala əsaslanan tələbi təmin etməsi hüquqi müəyyənlik prinsipinə xələl gətirmiş olar. Ona görə də birinci instansiya məhkəməsi iddianı bəhs edilən hissədə təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı səhvə yol verməmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpellyаsiyа şikayəti təmin edilmədən, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)- 5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnаmədən surəti işdə iştirаk edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikаyəti verilə bilər. Hazırkı qətnаmədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 аy keçdikdən sоnrа qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-35/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-35/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver