Məhkəmə qərarları › İş №2-2(107)-37/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-37/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-37/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı SC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı - İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “29982,46 manat əsas borc, 7707,54 manat faiz borcu olmaqla cəmi 37690 manat borcun, 200 manat mediasiya xərcinin və ödənilmiş 3,07 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-55/2023 saylı qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixədək olan müddətə tütün əkini üçün TM-093BK/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 90000 manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 90000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinə əsasən 90000 manat kredit verilmiş, sonuncu 60017,54 manat əsas borcdan, 6644,17 manat faiz borcundan ödəniş etmiş, nəticədə ödənilməmiş borcu qalmışdır.

3. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 60017,54 manat əsas, 6644,17 manat faiz borcundan ödəniş edilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddiaa ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 29982,46 manat əsas borc, 7707,54 manat faiz borcu olmaqla cəmi 37690 manat borcun, 200 manat mediasiya xərcinin və ödənilmiş 3,07 manat dövlət rüsumunun tutularaq Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehə illik 10 faizlə 90000 manat kredit verilib, cavabdeh öhdəliklərini yerinə yetirməyib. Əsas borcdan 60017,54 manat, faiz borcundan isə 6644,17 manat ödəyib. Nəticədə cavabdehdən 29982,46 manat əsas borcun, 7707,54 manat faiz borcunun, 200 manat mediasiya xərcinin və 3,07 manat dövlət rüsumunun tutulmasının xahiş etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tütün əkmişdir. Əkilmiş tütün deyilən sortdan olmadığından, məhsuldarlıq aşağı olmuşdur. Onlara deyilmişdi ki, faiz hesablanmayacaq. Növbəti il bildirdilər ki, öz vəsaiti hesabına əksin, onlar təhvil götürəcəklər. Tütünü əksə də, qəbul etməmişlər. Bir neçə dəfə banka getmiş, nəticədə tütün xarab olmuşdur. Sonuncu dəfə 9250 manat pul ödəmişdir, hesablanan faiz çoxdur.

7. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-55/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 29982,46 manat əsas borc, 2355,83 manat faiz borcu, 174,24 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh ödənilməmiş 200 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixədək olan müddətə tütün əkini üçün TM093BK/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 90000 manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə 90000 manat kredit məbləğini cavabdehə versə də, sonuncu əsas kredit məbləğindən cəmi 60017,54 manat ödəniş etmiş, nəticədə 29982,46 manat ödənilməmiş borcu qalmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının da tələbində qeyd etdiyi 29982,46 manat əsas kredit məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 449.1 və 739.2 maddələrinin müddəalarına istinad etmişdir.

11. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən apellyasiya şikayəti verilmişdir.

12. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, açıqlama məlumatı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxıb qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Borclu icranı qəsdən gecikdirməklə, kreditorun mənafeyinə ciddi ziyan vurmuşdur ki, bu hallara məhkəmə heç bir qiymət verməmiş, yalnız öhdəliyin icra müddətində hesablanmış faizləri əsas tutaraq öz bildiyi kimi qərəzli şəkildə faizləri azaltmışdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hesablanmış faizlərin azaldılması məsələsinə baxarakən məhkəmə hər hansı bir ekspertiza təyin etməmiş, öz təşəbbüsü ilə həmin faizləri özünün subyektiv mövqeyinə görə azaltmışdır. Məhkəmə tərəfindən faizlərin hesablanması məsələsinə aydınlıq gətirilməsi zamanı iddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclasının təxirə salınmasına dair şifahi vəsatəti təmin olunmamışdır. Bütün bunlar məhkəmənin işə birtərəfli və qərəzli yanaşmasına dəlalət edir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-55/2023 saylı qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdehapellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)- 55/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən faiz borcu hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

22. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

23. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

24. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-55/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

43. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2019cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixədək olan müddətə tütün əkini üçün TM093BK/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 90000 manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə 90000 manat kredit məbləğini cavabdehə versə də, sonuncu əsas kredit məbləğindən cəmi 60017,54 manat ödəniş etmiş, nəticədə 29982,46 manat ödənilməmiş borcu qalmışdır.

44. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin faiz borcunun tam təmin edilməməsi ilə bağlıdır.

45. Apellyasiya baxışının əvvəlki iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə xahiş etmişdir.

46. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-2(107)-37/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 9/2820 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyində qeyd olunur ki; - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən BOKT tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli TM-093BK/19 nömrəli Kredit Müqaviləsininin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borcu aşağıdakı kimi müəyyən edilir:

- əsas borc üzrə - 37.587,39 manat; - faiz borcu üzrə - 271,46 manat.

- Qeyd edilir ki, rəyin cədvəl məlumatlarından da göründüyü kimi, cavabdeh tərəfindən ekspertiza təyini haqqında ekspert qarşısında qoyulmuş sual üzrə müqavilənin bitdiyi xx.xx.2019-cu il tarxdən son ödəniş tarixinə, yəni xx.xx.2021-ci il tarixinədək ümumilikdə 9623,75 manat məbləğində ödənişlər edilmişdir ki, həmin ödənişlər nəzərə alınmaqla son ödəniş tarixinə yaranmış borc məbləği aşağıdakı kimi müəyyən edilir:

- əsas borc üzrə - 29.987,39 manat; - faiz borcu üzrə - 4.511,70 manat.

48. Beləliklə, apellyasiya şikayətinin faiz borcunun tam təmin edilməməsi barədə dəlilləri iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyi ilə də təkzib edilir.

49. Məhkəmə kollegiyası ekspert rəyinin xx.xx.2019-cu il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2021-ci il tarixinədək ümumilikdə 9623,75 manat məbləğində ödənişlər edilməsi nəticəsində əsas borcun 29.987,39 manat, faiz borcunun 4.511,70 manat müəyyən edilməsi barədə hissəsi il bağlı qeyd edir ki, iddiaçı məhkəmələrə təqdim etdiyi kredit üzrə əsas və faiz borcunun ödənilməsi barədə məlumatda xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən faiz borcu üzrə 6644,17 manat ödəniş edildiyini bildirir.

50. Deməli, cavabdeh ekspert rəyində göstərilən xx.xx.2021-ci il tarixədək yaranmış faiz borcundan (4.511,70 manat) əlavə olaraq iddiaçının qeyd etdiyi xx.xx.20203-cü il tarixə kimi daha 2132, 47 manat faiz borcu ödənilmişdir.

51. Birinci instansiya məhkəməsi iddia tələbinin 7707,54 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən iddiaçı kredit təşkilatı tərəfindən cavabdehə 90000 manat kredit illik 10 %-lə verildiyindən, sonuncu tərəfindən faiz üzrə iddiaçı təşkilata cəmi 9000 manat (90000x10/100) pul ödənilməlidir. İddia ərizəsi və iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən faiz borcu üzrə 6644,17 manat ödəniş edilmişdir. Bu hal eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında vediyi izahatla da təsdiq olunur ki, bu hal işin mübahisələndirilməyən hallarına aiddir.

52. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi kredit müqaviləsinə əsasən ümumilikdə 9000 manat faiz borcu ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

54. Hazırkı iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı tərəfindən iddia ərizəsində müqaviləyə istinadən faiz borcunun hesablandığı iddia edilir ki, müəyyən olunduğu kimi cavabdeh tərəfindən müqavilə müddətində ödənilməmiş faiz borcu 2355,83 manat təşkil edir.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

56. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

57. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

58. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

59. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-55/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. İş üzrə məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir.

63. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)- 55/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar