Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-38/2022 07.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tаrixli qətnaməsindən iddiaçı Bank və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" İKB ASC ilə Cavabdeh1 (bundan sonra - borcalan) arasında 29 oktyabr 2013-cü il tarixli, 5-SKMF-1-0-1501-13 nömrəli Əsas kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra "xxxx" İKB ASC ilə borcalan arasında 29.10.2013-cü il tarixli Əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi 14.08.2015-ci il tarixli, 5-SKMF-2-0-384- 15 nömrəli Əlavə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borcalana illik 6 % dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında 29 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın tam mülkiyyətində olan Qəbələ rayonu Xırxatala kəndində yerləşən 0,266 hektar torpaq sahəsi və onun üzərində inşa edlmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 99,0 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 31.000 manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük 02.11.2013-cü il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarış ilə müəyyən olunur ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. 16 dekabr 2019-cu il tarixli bildirişlə Bank tərəfindən borcalana kredit borcunun restrukturizasiya edilməsi məqsədilə Banka müraciət etməsi təklif olunmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən 14.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalanın 29 noyabr 2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 13.700,01 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 2.037,77 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 6.273,03 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 2.231,15 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borcalandan əsas kredit borcunun ödənilməsi məqsədilə 13.700,01 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2.037,77 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 6.273,03 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2.231,15 manat olmaqla, cəmi 24.241,96 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka ilə yüklü edilmiş əmlak hərracda satıldıqdan sonra cavabdehlərin ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar ona xəbərdarlıq edilmiş, lakin borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyana bildiriş göndərilmişdir. Borcalan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Bankın ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borcalanın Banka 29 noyabr 2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 13.700,01 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 2.037,77 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 6.273,03 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 2.231,15 manat, cəmi 24.241,96 manat təşkil edir. "Əmlak Espertiza Mərkəzi" MMC-nin 17.01.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəydə qeyd olunmuşdur ki, Qəbələ rayonu Xırxatala kəndində yerləşən 0,266 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 99,0 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 45.000 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-11/2022 nömrəli iş üzrə qəbul etdiyi 27 yanvar 2022-ci il tarixli qətnamə ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, borcalandan Bankın xeyrinə 13.700,01 manat məbləğində əsas borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satışından əldə ediləcək vəsaitin borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satıldıqdan bir ay sonra cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evini tərk etmələri, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatının dəyəri olan 150 manat pulun 75 manatının Bankdan, 75 manatının isə borcalandan tutularaq "Əmlak Ekspert Mərkəzi" MMC-yə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, borcalandan Bankın xeyrinə 14.08.2015-ci il tarixli, 5-SKMF-2-0-384-15 nömrəli kredit müqaviləsi üzrə 13.700,01 manat əsas borc tutulmalıdır. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, cavabdehlərin həmin əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində də əsaslıdır. Beləliklə, borc tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, əmlakın dəyəri qiymətləndirmə rəyindəki qiymətə əsasən müəyyən edilməli, ipoteka predmeti açıq hərracdan satılmalı, əldə ediləcək vəsait borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməlidir. Birinci instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldikdən və əmlakın açıq hərracdan satılmasından sonra 1 ay ərzində ipoteka predmeti olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması tələbinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında (bundan sonra - Fərman) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il 1 yanvar tarixindən Fərmanın qüvvəsini aldığı günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və faiz borclarının ödənilməsinin 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir ki, hazırki iş üzrə kredit müqaviləsi də həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə, həm də digər əsaslara görə onun təsiri altına düşmüşdür. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən borc məbləği həddində təmin olunmalı, faiz borcu və cərimə hissəsində isə iddia rədd edilməlidir. Birinci instansiyası məhkəməsi iddia tələbinin satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb əsasən icra mərhələsində həll edilməli məsələ olduğundan iddia rədd edilməlidir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına, Fərmanın 3, 5, 6, 8.6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 445.7, 449.1, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1 və 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – iddianın təmin olunmayan faiz borcu, illik 5% hesablanmış faiz borcu və cərimə borcu hissələrinin, habelə məhkəmə xərclərinin düzgün müəyyənləşdirilməməsi və ipoteka predmetinin dəyərinin 45.000 manat müəyyən edilməsi hissəsinin ləğv olunmasını, iddia tələblərinin tam təmin edilməsi, ipoteka predmetinin dəyərinin 31.000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 də birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Bankın apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi Fərmanın tələblərini nəzərə almayaraq kredit müqaviləsi üzrə olan faiz və cərimə borclarını əsassız olaraq silmişdir. Belə ki, Fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq faizlərin silinməsi məsələsinin banklara tövsiyyə edilməsi qeyd edilmişdir ki, bu da imperativ xarakter daşımamışdır. Faiz borcunun və dəbbə pulunun silinməsi o zaman tətbiq oluna bilərdi ki, borclunun vaxtı keçmiş kredit borcu restrukturizasiya olunsun. Kredit borcunun restrukturizasiya olunması 31.12.2019-cu il tarixədək mümkün olduğundan faizin silinməsi imkanı da aradan qalxmışdır. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o həm də mülki hüquqi məsuliyyət tədbiridir. Dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditorun ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Birinci instansiya məhkəməsi iddia tələbinin dəbbə puluna aid hissəsini də rədd etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Gecikdirilmiş vaxt üçün faiz tələbinin məlum Fərmana heç bir aidiyyəti olmasa da, birinci instansiya məhkəməsi heç bir əsas olmadan bu hissədə də iddia tələbini rədd etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir və pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi “Əmlak Ekspert Mərkəzi” MMC-nin rəyi ziddiyətlidir. Belə ki, işə bundan əvvəl baxmış Qəbələ Rayon Məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində ipoteka predmetinin likvid qiyməti 30.000 manat müəyyən edilsə də, işə baxan birinci instansiya məhkəməsi tətəfindən alınmış qiymətləndirmə rəyində likvid dəyər 45.000 manat müəyyən olunmuşdur. Rəylər arasında kəskin fərqziddiyət ola-ola yekun qərar qəbul etmək mübahisəlidir. Məhkəmə, qətnamədə məhkəmə xərclərini bölüşdürərkən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəldilmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun borcalandan Bankın xeyrinə tutulmasını qeyd etsə də, qətnamənin “qət etdi” hissəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 8,47 manat hissəsinin və ipoteka predmetinə yönəldilmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumun 11,30 manat hissəsinin iddiaçıya aid edildiyi qeyd olunmuşdur. Bu nəticələr ziddiyət yaratdığından məhkəmə xərcləri ilə bağlı məsələnin məhkəmə tərəfindən hansı qaydada həll edilməsi, eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsi 50%-dən çox olduğu halda ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyərinin yarıbayarı Bankdan və borcalandan tutulması anlaşılan deyil. b) Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri Məhkəmə baxışı zamanı cavabdeh ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə vəsatət versə də, vəsatət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin qiyməti 31.000 manat müəyyən edilmişdir. Həmin tarixdən artıq 9 il vaxt keçmişdir. Bu müddət ərzində torpaq sahəsinin və tikinti materiallarının qiyməti qalxmışdır. 9 il ərzində evin və torpaq sahəsinin dəyərinin cəmi 14.000 manat artması ağlabatan deyil və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşməsinə baxmayaraq Bank krediti restrukturizasiya etməmişdir. Kredit borcunun əsas məbləği Bank tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunmalıdır. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsi və mübahisələndirdikləri hissədə iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı Bank qətnamədən verdiyi apellyasiya şikayətində iddianın bir hissəsinin təmin edilməməsi barədə nəticəni və ipoteka predmeti olan əmlakların müəyyən edilmiş ilkin satış qiymətini mübahisələndirmişdir. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunaraq iddianın rədd edilməsi xahiş olunur. Həmin apellyasiya şikayətinin məzmunundan isə görünür ki, cavabdeh iddianın bir hissəsinin təmin edilməsi barədə nəticəni ümumiyyətlə mübahisələndirmir. Onun tərəfindən mübahisələndirilən nəticə - ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi barədə nəticədir. Odur ki, Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin apellyatorlar tərəfindən mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM)
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2.037,77 manat faiz borcu, 6.273,03 manat cərimə borcu və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 2.231,15 manat faiz məbləğinin ödənilməsi hissələrində iddianı rədd etmiş birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın qəbulundan 3 ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Fərman hazırkı iş üzrə borcalana münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən Məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2.037,77 manat faiz borcu, 6.273,03 manat cərimə borcu və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 2.231,15 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilməməsi barədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, iddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Birinci instansiya məhkəməsi ekspertiza tədqiqatının xərcini təşkil edən 150 manat pulun bərabər şəkildə iddiaçı Bankdan və borcalandan tutulmasını qət etmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də gəldiyi nəticə əsaslıdır və iddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun restrukturizasiya olunmalı olması barədə Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri də əsassızdır və təmin edilməməlidir. Məhkəmə, apellyasiya baxışının predmeti olan ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, həm Bank, həm də Cavabdeh2 apellyasiya şikayətlərində ipoteka predmetinin ilkin satış qiymətinə etiraz edirlər. Bank bu qiymətin həmin əmlakların real bazar dəyərindən yuxarı olduğunu və şişirdildiyini, Cavabdeh2 isə bu məbləğin olduqca aşağı hesablandığını bildirir. Məhkəmə apellyasiya şikayətlərinin sözügedən dəlili ilə əlaqədar ilk olaraq bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu hüquqi mövqe “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadında ifadə olunmuşdur. Məhkəmə bildirir ki, iş materiallarında olan “Premium Legal Services” MMC tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, H/07-PLS nömrəli rəydən görünür ki, borcalanın mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 0,266 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 99,0 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 30.000 manat təşkil edir. Birinci instansiyası məhkəməsində işə baxılması zamanı “Əmlak Ekpert Mərkəzi” MMC-nin 17 yanvar 2022-ci il tarixli, ƏEM/Y 30-030/22 nömrəli rəyi alınmışdır. Həmin rəyə görə, borcalanın mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 0,266 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 99,0 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 45.000 manat olduğu müəyyən edilir. Birinci instansiyası məhkəməsi ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən edərkən “Əmlak Ekpert Mərkəzi” MMC-nin 17 yanvar 2022-ci il tarixli, ƏEM/Y 30-030/22 nömrəli rəyini əsas götürmüşdür. İş materiallarında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bir-birindən kəskin fərqlənən iki rəyin olduğunu müəyyən edən Məhkəmə mübahisənin obyektiv həll edilməsi və həm də apellyasiya şikayətlərinin bununla bağlı dəlillərinin araşdırılması məqsədilə iş üzrə qəbul etdiyi 30.03.2022-ci il tarixli qərardad ilə təkrar qiymətləndirmə təyin etmiş və qiymətləndirmənin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 13 may 2022-ci il tarixli, 097/413/22 saylı rəyə görə, Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 0,266 hektar torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evinin 13 may 2022-ci il tarixə olan likvid dəyəri 37.000 manat olaraq müəyyən edilir. Məhkəmə, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı fərqli qiymətlərin müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, orta ilkin satış qiyməti hesablanaraq torpaq sahəsi və fərdi yaşayış evi həmin qiymətlə açıq hərracdan satışa çıxarılmalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti ((30.000+45.000+37.000):3=) 37.000 manat məbləğində müəyyən edilməlidir. İş materiallarında olan, “Əmlakın Qiymətləndirilməsi və Consaltinq” MMC tərəfindən tərtib edilmiş 01.03.2019-cu il tarixli, 01/09 nömrəli rəydən görünür ki, Qəbələ rayonu, Xırxatala kəndində yerləşən və hazırki iş üzrə borcalana məxsus fərdi yaşayış evinin 0,266 hektar torpaq sahəsi ilə birlikdə 25 fevral 2019-cu il tarixə olan bazar dəyəri 56.000 manat olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, qeyd olunan məbləğ ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərini müəyyən etmədiyindən əsaslı sayıla, sözügedən rəy isə hazırki iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya araşdırmasının nəticələrindən görünür ki, birinci instansiya məhkəməsi borcalanın mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətini həmin əmlakın bazar qiymətinə uyğun müəyyən etməmişdir. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilməli və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 37.000 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı Bankın və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə qismən əsaslıdır. Bunlardan başqa, Bankın apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ziddiyətlidir. Belə ki, qətnamənin əsaslandırma və nəticə hissəsində iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəldilmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun borcalandan Bankın xeyrinə tutulması qeyd olunsa da, qətnamənin “qət etdi” hissəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 8,47 manat hissəsinin və ipoteka predmetinə yönəldilmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumun 11,30 manat hissəsinin iddiaçıya aid edildiyi göstərilmişdir. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin “nəticə” hissəsində(8-ci abzas) “iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 8,47 manat hissəsinin və ipoteka predmetinə yönəldilmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumun 11,30 manat hissəsinin iddiaçıya aid edilməsi” kimi yazı xətasına yol vermişdir. Məhkəmə hesab edir ki, bu kimi yazı xətası texniki səhv nəticəsində baş vermişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, bu kimi texniki səhvin mövcudluğu birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını düzgün müəyyən etməsinə baxmayaraq, ipoteka ilə yüklü edilmiş toraq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsində səhvə yol vermişdir; apellyasiya baxışının predmeti olan qalan hissələrdə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Odur ki, MPM-nin 384.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, apellyasiya baxışının predmeti olan qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2022-ci il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh1 məxsus olan və Qəbələ rayonu Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67,5 kv.m yaşayış, 31,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0,266 hektar torpaq sahəsi ilə birlikdə likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin fərdi yaşayış evinin 0,266 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilsin. Şəki Kommersiya Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni əsas borc məbləğinə hesablanmış faiz borcunun, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz məbləğinin tutulması barədə iddianın rədd edilməsi və ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyərinin tutulması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamənin “nəticə” hissəsində “iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 8,47 manat hissəsinin və ipoteka predmetinə yönəldilmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumun 11,30 manat hissəsinin iddiaçıya aid edilməsi” kimi yazı xətası qətnamədən xaric edilsin. Apellyasiya baxışı zamanı ipoteka predmetinin dəyərinin təkrar qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 manatı Cavabdeh2 "xxxx" MMC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki bank hesabına(H/h: AZ52İBAZ********************, M/h: AZ03NABZ********************, kod:805539) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.