Məhkəmə qərarları › İş №2-2(107)-38/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-38/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-38/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-289/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 mart 2023-cü il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 019R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, 019R********** saylı krеdit razılaşması üzrə 16171,05 manat məbləğində krеdit bоrcu, 3331,12 manat məbləğində faiz bоrcu və 10479 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29981,17 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdеhlərdən müştərək qaydada tutulması, tələbin Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində xüsusi mülkiyyətdə olan 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29981,17 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 qıznıdan, Cavabdeh3 və Cavabdeh1 ümumi müştərək qaydada tutulması, tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, İsmayilova Elnuranın istifadə hüququnun itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iş üzrə iddia tələbinin kredit razılaşmasının ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 179,94 manat olmaqla, ümumilikdə 279,94 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 200 manat mediasiya xərci, Şəki Kommersiya Məhkəməsinin hesabına 0,10 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 200 manat hissəsindən azad olunmuş, qalan məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı isə qərardaddan verdiyi şikayətdə bildirir ki, iddia tələbi qiymətləndirilməyən iddialara aid hesab olunur. Ona görə də qiymətləndirilməyən iddia üzrə dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hazırki iş üzrə iddiaçının iddia tələbinin qiymətləndirilməyən iddia olduğunu nəzərə almayaraq əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 112.1.10-cu maddəsinə əsasən, iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda- bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borc tələbindən, yəni iki müstəqil tələbdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 179,94 manat olmaqla, ümumilikdə 279,94 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 200 manat mediasiya xərci, Şəki Kommersiya Məhkəməsinin hesabına 0,10 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 200 manat hissəsindən azad olunmuş, qalan məbləğ isə ödənilməmişdir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2023cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar