Məhkəmə qərarları › İş №2-2(107)-39/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-39/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-39/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "cavabdehlərdən 10371,53 manat əsas borc, 514,77 manat faiz borcu, 1363,91 manat cərimə və 1576,80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla cəmi 13827,01 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehlərə məxsus olan Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 3 otaqlı, 2 mərtəbəli, 193.29 kv.m ümumi, 72.46 kv.m yaşayış, 120.83 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair" kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-291/2020 nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan (LPO) İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "cavabdehlərdən 10371,53 manat əsas borc, 514,77 manat faiz borcu, 1363,91 manat cərimə və 1576,80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla cəmi 13827,01 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehlərə məxsus olan Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 3 otaqlı, 2 mərtəbəli, 193.29 kv.m ümumi, 72.46 kv.m yaşayış, 120.83 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim M.R.Hüseynov) xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-291/2020 nömrəli qərardadı ilə iddia ərizəsi cavabdehlərlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilmədiyindən baxılmamış saxlanılmışdır. İddiaçı LPO İddiaçı ASC şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-291/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-291/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-291/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh4 şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-291/2020 nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-291/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC sözügedən qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı xx.xx.2019-cu ii tarixdə X1 rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda (o cümlədən İddiaçı ASC-də) vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin Bakı şəhəri Qarabağ küçəsi, 31 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, restrukturizasiyanın aparılmasını təmin etmək üçün əsas şərtlərdən biri borcalan fiziki şəxslərin restrukturizasiyanın aparılması üçün ləğvediciyə müraciət etməsidir. Belə bir müraciət olmadığı təqdirdə borcalan fiziki şəxslərlə restrukturizasiyanın aparılması qeyri-mümkündür. Hazırda cavabdeh tərəfindən belə bir müraciət olmadığı üçün restrukturizasiyanın aparılması mümkün olmamışdır... Bundan başqa, fiziki şəxslərin kredit borclarının restruktruzasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində batmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na əsasən 2019-cu ilin dekabrın 31-də başa çatmışdır... Bundan sonra bankla borclular arasında vaxtı ötmüş kredit öhdəliklərindən irəli gələn mübahisələrin həllinin məhkəmə yolu qalır. Ona görə də hesab edirlər ki, yaranmış vəziyyətdə məhkəmənin iddia ərizəsini baxılmamış saxlayaraq geri qaytarması əsassızdır. Məhkəmənin belə qərar qəbul etməsi iddia müddətinin keçməsinə və ləğvedicinin tələb hüququnun itirilməsinə şərait yaradır. Şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanının təsir dairəsinə düşür. Belə ki, hazırkı mübahisə predmeti olan kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmaqla borcalana heyvandarlığın inkişafı məqsədilə 14500 manat məbləğində kredit verilmiş və tələb olunan borc məbləği 17.000 manatdan azdır (hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 13.827,01 manat əsas kredit borcu tələb olunur). İstinad edilən Fərmanla banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. İddiaçı şikayətində qeyd etmişdir ki, cavabdehə bildiriş göndərilmiş və ona məxsus telefonlara zəng edilmiş, ancaq cavab verən olmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə cavabdehə rəsmi qaydada bildiriş göndərilməsi barədə sübutlar təqdim edilməmişdir. Bundan başqa, fiziki şəxslərin kredit borclarının restruktruzasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə əlaqədar müraciətlərin qəbulunun “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində batmış hissəsinin ödənilməsi mexanizmin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na əsasən 2019-cu ilin dekabrın 31-də başa çatması ilə bağlı iddiaçının şikayət dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanından irəli gələn tələbləri vaxtında icra etməli və cavabdehin borcu Fərmanın təsir dairəsinə aid edilməklə restruktruzasiya olunmalı idi. İddiaçının öz vəzifəsini icra etməməsi və müraciətlərin qəbulunun xx.xx.2019-cu il tarixdə başa çatması bankı həmin vəzifədən azad etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayət dəlili əsassızdır. Cavabdeh4 birinci instansiya məhkəməsinin iclasında təqdim etdiyi ərizəsində və verdiyi izahatında bildirmişdir ki, iddiaçıya 10371,53 manat borcları mövcuddur. O, İddiaçı ASC-nin Yevlax filialı ilə əlaqə saxlamış, həmin filialdan ölkə Prezidentinin problemli kreditlərlə bağlı Fərmanının onlara da şamil olduğu bildirilmişdir. Ona görə də bununla bağlı İddiaçı ASC-yə ərizə ilə müraciət etmiş, ona yeni müqavilənin bağlanması ilə bağlı təklif veriləcəyi bildirilsə də, lakin onların borc məbləğinə həmin Fərmanın tətbiqi ilə bağlı bankdan təklif gəlməmişdir. Eyni zamanda digər Cavabdeh2 da məhkəmə iclasında kredit borcunu ödəmək istədiklərini, lakin hara müraciət etməli olduqlarını bilmədiklərini göstərmişdir. Göründüyü kimi, cavabdehlər Fərmanın tələblərinin yerinə yetirilməsinə razılıqlarını bildirsələr də, iddaçı hərəkətsizlik etmiş və nəticədə Fərmanla üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Halbuki, iddiaçı əvvəlcə cavabdehə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn güzəştlərdən istifadə etməyə şərait yaratmalı və həmin güzəştləri tətbiq etməli, bundan sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunduğu kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həm də, həmin güzəştlər bankların vəsaiti hesabına deyil, dövlətin dəstəyi ilə həyata keçirilir. Lakin, Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə tərəfindən tətbiq olunması yolverilməzdir. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda, dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Qarşılıqlı razılıq yolu ilə həll edilməyən və ya başqa mübahisəli qalan məsələlərdən isə tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Göründüyü kimi, istinad edilən Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyə qədər həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə banklar tərəfindən həmin Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməli, icraata qəbul edilmiş iddia ərizələri isə baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, analoji müqavilələr üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qərardadla həmçinin iddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa yenidən iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, analoji müqavilələr üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil deyildir. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-291/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)- 291/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar