Məhkəmə qərarları › İş №2-2(107)-39/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-39/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-39/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdehnə qarşı kredit müqavilələri üzrə və bu müqavilələrin müddəti bitdikdən sonra əsas borca hesablanmış faiz borcunun və dəbbə (penya) pulunun tutularaq ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-2(117)-1/2021 saylı qətnaməsindən iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tаrixli, 2-2(117)-1/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMCnin Cavabdehnə qarşı 08 iyul 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr avının 01 tarixindən 08 iyul 2019-cu il tarixinə kredit müqaviləsi başa çatana kimi 69242 manat məbləğində əsas borca hesablanmış 4146.82 manat məbləğində faiz borcunun, 106632.68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110779.50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 08.07.2019-cu il tarixdən 01.11.2020-ci il tarix dövrünə kimi hesablanmış 6354.88 manat məbləğində faiz borcunun, 163411.12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280545.5 manat məbləğində borcun, 18 sentyabr 2014-cı il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən 18 sentyabr 2019-cu il tarixinə kredit müqaviləsi başa çatana kimi 39908 manat məbləğində əsas borca hesablanmış 2933.24 manat məbləğində faiz borcunun, 75076.12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78009.36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 18.09.2019-cu il tarixdən 01.11.2020-ci il tarix dövrünə kimi əsas borca hesablanmış 3119.48 manat məbləğində faiz borcunun, 79865.08 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 82984.56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160993.92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441539 manat borcun cavabdehdən tutularaq ödənilməsi tələbinə tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 (bundan sonra- BOKT “xxxx” MMC) Cavabdehnə qarşı irəli sürdüyü faiz və dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli 2-2(84)-2/2019 nömrəli qətnaməsinin qüvvəyə minməsini gözləmədən 16.05.2019cu il tarixdə Cavabdehnə qarşı “borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsinə dair yeni iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatının gedişində dəfələrlə iddia tələbini dəyişdirmiş və sonuncu iddia tələbinin dəyişdirilməsi barədə ərizədə “08 iyul 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən 08 iyul 2019-cu il tarixinə kredit müqaviləsi basa çatana kimi 69242 manat məbləğində əsas borca hesablanmış 4146.82 manat məbləğində faiz borcunun, 106632.68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110779.50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 08.07.2019-cu il tarixdən 01.11.2020-ci il tarix dövrünə kimi hesablanmış 6354.88 manat məbləğində faiz borcunun, 163411.12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280545.5 manat məbləğində borcun, 18 sentyabr 2014-cı il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən 18 sentyabr 2019-cu il tarixinə kredit müqaviləsi basa çatana kimi 39908 manat məbləğində əsas borca hesablanmış 2933.24 manat məbləğində faiz borcunun, 75076.12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78009.36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 18.09.2019-cu il tarixdən 01.11.2020-ci il tarix dövrünə kimi əsas borca hesablanmış 3119.48 manat məbləğində faiz borcunun, 79865.08 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 82984.56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160993.92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441539 manat borcun cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında başlanmış kredit müqavilələri üzrə borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə kredit müqavilələri üzrə 01 sentyabr 2018-ci il tarixə kimi olan borc öhdəliyi barədə “Borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbi haqqında” BOKT “xxxx” MMC-nin iddia tələbi Şəki İnzibati-İqtisad məhkəməsinin 2-2(84)-2/2019 nömrəli, 07 fevral 2019-cu il tarixli Qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh kreditdən isifadə etməklə kredit öhdəliyi üzrə yalnız 28.03.2019-cu il tarixdə 350 manat ödəniş etmişdir. Bu məbləğ cavabdehin kredit müqavilələrinin şərtinə müvafiq olaraq hesablanmış dəbbə (cərimə) məbləğindən azaldılmışdır. Məhkəmə qətnaməsinin məzmunun predmeti kreditdən istifadənin 01 sentyabr 2018-ci il tarixdək olan dövrün borc öhdəliyinə aid olmuşdur. Məhkəmə qətnaməsinin məzmununa aid olmayan 01 sentyabr 2018-ci il tarixdən 01 aprel 2019-cu il tarixinə kimi olan dövdə də kredit vəsaiti cavabdehin sərəncamında qanunsuz saxlanılmaqla istifadə edilmiş və cavabdeh faydalandığına görə kreditdən istifadə dövrü hesab edilir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə tələbinə görə "Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur". Borcun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı BOKT “xxxx” MMC birinci instаnsiyа məhkəməsinin qətnаməsindən apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı BOKT “xxxx” MMC apellyasiya şikayətini iddia tələbində qeyd etdiyi dəlillərlə əsaslandırmışdır. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-2(117)-1/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasına təkrarən ərizə ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə kollegiyasının iclasına gələ bilmədiyini bildirərək iclasın təxirə salınmasını xahiş etmiş, lakin bu barədə mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə prosesində başqa nümayəndə ilə təmsil olunmaq imkanı olsa da, iddiaçı bu imkandan istifadə etməmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar Cavabdehı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlilərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-2(117)-1/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş borc verən BOKT "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 iyul 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana illik 7 faizlə 60 ay müddətinə 70000 manat məbləğində kredit verilməsini, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı, dəbbə pulu məbləğini ödəməyi və digər öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş borc verən BOKT "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 18.09.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana illik 7 faizlə 60 ay müddətinə 40000 manat məbləğində kredit verilməsini, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı, dəbbə pulu məbləğini ödəməyi və digər öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 08.07.2014-cü il tarixli İ-017/2014 nömrəli və 18.09.2014-cü il tarixli İ-023/2014 nömrəli ipoteka müqavilələrindən görünür ki, 08 iyul 2014-cü il tarixli K-095/2014 №-li və 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqavilələrinin təminatı kimi göstərilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (inzibati bina) ipoteka olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Müəyyən edilmişdir ki, BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08.07.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdehnə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 70000 manat kredit vermiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış və müqavilə müddəti 08.07.2019cu ildə bitmişdir. BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2014-cü il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdehnə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 40000 manat kredit vermiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış və müqavilə müddəti 18.09.2019-cu ildə bitmişdir. Müqavilələr üzrə borcların və əsas borclara hesablanmış faizlərin təminatı olaraq 08.07.2014-cü il tarixli İ-017/2014 nömrəli və 18.09.2014-cü il tarixli İ-023/2014 nömrəli ipoteka müqavilələrində göstərilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (inzibati bina) ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımında yerinə yetirməyərək götürdüyü kredit borcunu ödəmədiyindən BOKT “xxxx” MMC iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı "08.07.2014-cü il tarixli K- 095/2014 nömrəli kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, 18.09.2014-cü il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin 08.07.2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə Cavabdeh bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli 2-2(84)-2/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 08.07.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, 18.09.2014cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pulun Cavabdehndən iddiaçı BOKT "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün 08.07.2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239732,50 manat müəyyən edilməsi, iddianın tələb olunan pul məbləğinin qalan 46308,6 manat hissəsində, əmlaka tutma yönəldildikdə Cavabdeh ipoteka qoyulmuş binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin 10.05.2020-ci il tarixli 2-2(107)-25/2019 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tаrixli2-2(084)-2/2019 nömrəli qətnaməsi, 08.07.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, həmin qətnamənin nəticə hissəsinin yeddinci abzasının 3-cü cümləsində “1,07 manat” söz və rəqəmlərində rəqəmlər dəyişdirilərək “31,07 manat” kimi oxunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25.09.2019-cu il tarixli 2-2(102)-402/19 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 10.05.2019-cu il tarixli, 2-2(107)-25/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 09.12.2020-ci il tarixli 2-2(107)-54/2019 nömrəli qətnaməsi ilə Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tаrixli 2-2(084)-2/2019 nömrəli qətnaməsi, 08.07.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı BOKT "xxxx" MMC-nin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2020-ci il tarixli 2- 2(102)-147/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Cavabdeh kasasiya şikayəti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-54/2019 nömrəli, 09.12.2019-cu il tarixli qətnaməsi cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, 8 iyul 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, 18 sentyabr 2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilmiş, qətnamə 08.07.2014cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69.242 manat əsas borc, 9.812,66 manat faiz borcu, 18.09.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən 15.05.2018ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün 08.07.2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2- 2(102)147/2020 nömrəli icra vərəqəsi əsasında 30.10.2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmetini 152829,47 manata tələbkar əldə etmiş və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra tələbkar BOKT "xxxx" MMC-nin ipoteka predmeti olmuş Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ 05.11.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci mаddəsinin tələbinə əsasən, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаddəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdehnə qarşı “01.09.2018-ci il tarixdən kredit müqavilələrinin müddətinin bitməsinə qədər əsas borca hesabladığı faiz borcunun, cərimənin və əlavə faizlərin hesablanmasına” dair hazırki iddiasının maddi hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsi çıxış edir və iddiaçı həmin maddəyə istinadən əlavə pul tələb edir. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçının iddia dəlillərinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – “maliyyə sanksiyası”) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bununla belə, Mülki Məcəllənin 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözü gedən Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası işin hallarına əsaslanaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz. Belə ki, müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə 08.07.2014-cü il tarixli K-095/2014 nömrəli və 18.09.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqavilələri üzrə Şəki İnzibati-İqtsadi Məhkəməsinə müraciət etmiş və 01.09.2018-ci il tarixə kredit müqavilələri üzrə əsas borcun, faizin cərimənin tutulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apelyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2020ci il tarixli 2-2(102)-147/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 22(102)-147/2020 nömrəli icra vərəqəsi əsasında 30.10.2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmetini 152829,47 manata tələbkar əldə etmiş, həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüququ 05.11.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən Mülki Məcəllənin 449-cu maddəsinə istinadən pul tələb edə bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 08.07.2014-cü il tarixdə və 18.09.2014-cü il tarixdə 5 il müddətinə bağlanmış kredit müqavilələrinin müddəti 08.07.2019 və 18.09.2019-cu il tarixdə bitmişdir. İddiaçı müqqaqvilələrin müddəti bitməmiş məhkəməyə müraciət etmiş və 01.09.2018-ci il tarixə olan əsas borcun, fazilərin və cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Tərəflər arasında bağlanmış 08.07.2014-cü il tarixli və 18.09.2014-cü il tarixli kredit müqavilələrinin 8-ci bəndində pul öhdəliyinin icra edilməsinin Borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsinin halları əks olunmuşdur. 8-ci bəndin ğ) yarım bəndində müqavilənin müddəalarının borcalan tərəfindən yerinə yetirilməməsi pul öhdəliyinin icra edilməsinin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsinin əsası kimi müəyyən olunmuşdur. Məhkəmə araşdırması Cavabdehı müəyyən edilmişdir hazırkı iş üzrə cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilmədiyindən iddiaçı müqavilənin və mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddət bitmədən borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(84)-2/2019 nömrəli işi üzrə yekunlaşmış mübahisə üzrə iddia tələbinin ifadə tərzində 01.09.2018-ci il tarixə olan əsas borcun tutulması iddia olunsa da faktiki olaraq müqavilələrin müddətinin bitməməsinə baxmayaraq məhkəmələr tərəfindən müqavilələr üzrə bütün əsas borc cavabdehdən tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, öhdəliyin icrası vaxtından əvvəl borcverən tərəfindən tələb edildiyindən və öhdəliyin icrası müddəti bitmədən müqavilələr üzrə əsas borc, məhkəməyə müraciət edələnədək faiz borcu və dəbbə pulu cavabdehdən tutulduğundan tərəflər arasında bağlanmış kredit müqavilələri öz qüvvəsini itirmişdir. Hüquqi qüvvəsi olmayan və özündə göstərilən öhdəlik vaxtından əvvəl icra edilərək tələb ipoteka predmetinə yönəldilən müqaviləyə istinadən iddiaçı cavabdehdən hər hansı pul vəsaiti tələb edə bilməz. Belə ki, kredit müqavilələri üzrə tərəflərin bir-biri qarşısında icra ediləcək öhdəliyi qalmamış, öhdəliyin yaranmasına əsas olan kredit müqavilələri üzrə iddiaçı haqqı catan pul məbləğini məhkəmə qətnamələri ilə almış və kredit müqavilələri üzrə cavabdehin öhdəliklərinə həmin məhkəmə qətnamələri ilə xitam verilmişdir. Əks yanaşma cavabdehin əsassız maliyyə yükü ilə yüklənməsinə, ədalətli tarazlığın pozulmasına və sahibkar subyekti olan hüquqi şəxsin iflasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tаrixli, 2-2(117)-1/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tаrixli, 2-2(117)-1/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar