Məhkəmə qərarları › İş №2-2(107)-4/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-4/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-4/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “921,38 ABŞ dolları əsas, 247,58 ABŞ dolları faiz, 2558,95 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarxli qərarına əsasən hesablanan 136,11 ABŞ dolları faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 29 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-961/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay olan müddətinə 5800 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 3,116 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2014-cü il tarixli 210004678/ZM nömrəli zaminlik müqaviləsi ilə "xxxx" ASC Zamin Cavabdeh1 arasında Cavabdeh2 ilə 5800 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq müqavilə zaminlik müqaviləsi bağlanmışdır.

3. xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 3762.6 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki tərtib edilərək müddət xx.xx.2017-ci ilədək müddətinə uzadılmışdır.

4. xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2952.12 ABŞ dolları əsas borc, 1526,54 ABŞ dolları faiz borcu, 873,3 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

5. Həmin müqavilə üzrə ödəniş qrafiki üzrə ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir.

6. xx.xx.2017-ci il tarixli Zaminlik müqavləsi üzrə 2 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2952.12 ABŞ dolları əsas borc, 1526,54 ABŞ dolları faiz borcu, 873,3 ABŞ dolları cərimə borcu üzrə əsas borclu Cavabdeh2 zamini olaraq Cavabdeh1 arasında bağlanmış Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.

7. İş materiallarında olan maliyyə arayışından görünür ki, qrafiklər üzrə borcun ödənilməsi sonuncu ödəniş isə əlavə saziş üzrə xx.xx.2020-ci il tarixdən gec olmayaraq həyata keçirilməli, cavabdeh borcunu hər ay hissə-hissə ödəməli idi, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun xx.xx.2023-cü il tarixə 3864,12 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu yaranmış və bu xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin müqavilə üzrə əsas borcu 921,38 ABŞ dolları, faiz borcu 247,58 ABŞ dolları, cərimə borcu 2558,95 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 136,11 ABŞ dolları təşkil edir.

8. İş materiallarında olan 40-cı səhifəsində xx.xx.2016-xx.xx.2019-cu il tarixləri üzrə hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Fərmana əsasən 2560,67 manat kompensasiya ödənişi aparılmış, əsas borcdan 787,89 manat, nəzarətdən ödəniş 1772,78 manat qeyd edilmişdir.

9. İş materiallarının 49-cı səhifəsində xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə hesabdan çıxarışdan müəyyən edilir ki, 921,38 ABŞ dolları əsas borc qalığı mövcuddur.

10. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı üzrə kompensasiyanın ödənilməsi haqqında sənəddən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı ASC-də olan kredit borcu üzrə əsas borc 4127,01 manat olmuş, 2566,67 manat məbləğində kompensasiya hesablanmış, qalıq borc məbləği 1560,34 manat olmuşdur.

11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “921,38 ABŞ dolları əsas, 247,58 ABŞ dolları faiz, 2558,95 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarxli qərarına əsasən hesablanan 136,11 ABŞ dolları faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

II. Birinci instansiya məhkəməsində icraat

12. Birinci instansiya məhkəməsi MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

13. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 29 sentyabr 2023cü il tаrixli, e-2-2(117)-961/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 921,38 ABŞ dolları ödəniş gününə Azərbaycan manatı ilə əsas borc və 23,83 manat mediasiya xərci tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, Cavabdeh2 35,65 manat ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsas borclu olan Cavabdeh2 921,38 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir.

15. İddiaçı Şəki Kommersiyа Məhkəməsinin 29 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)- 961/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, ... Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanm tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Bildiririk ki, əsas borc üz gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 360 gündən az, yəni 340 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kre müqaviləsi bağlanmamışdır. Hesab edirlər ki, iddia tələbinin qismən təmin edilməsi aşağıdakı qanunvericilik müddəalarının pozulmasına gətirib çıxarmışdır. Portaldan çıxarışdan aydın olur ki, cavabdehin LPO İddiaçı ASC-yə olan müvafiq kredit üzrə qalıq borcunun məbləği 1566.33 manat (921.38 ABŞ Dolları ekvivalentində) təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 3864.02 ABŞ dolları (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Göstərilənlərə əsasən, Şəki Kommersiyа Məhkəməsinin 29 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-961/2023 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının 12 dekabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.4-cü maddəsinə əsasən, hazırkı mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrində yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

30. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Maddə 463.2. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

36. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

38. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı.

39. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin üəyyən edilməsi Qaydası”: 6.1-ci bənd. Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə - elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

52. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiyа Məhkəməsinin 29 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-961/2023 saylı qətnaməsi qismən ləğv edilməlidir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

56. Müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay olan müddətinə 5800 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 31,116 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 210004678/ZM nömrəli zaminlik müqaviləsi ilə "xxxx" ASC Zamin Cavabdeh1 arasında Cavabdeh2 ilə 5800 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq müqavilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişlə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müddət xx.xx.2017-ci ilədək müddətinə uzadılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2952.12 ABŞ dolları əsas borc, 1526,54 ABŞ dolları faiz borcu, 873,3 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmin müqavilə üzrə ödəniş qrafiki üzrə ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli 02 nömrəli X4 Səfərovun kredit borcu ilə bağlı bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il müddətinə uzadılmışdır.

57. Apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilməyən, yəni 247.58 ABŞ Dolları faiz borcu, 2558.95 ABŞ Dolları cərimə məbləği və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 136.11 ABŞ Dollarının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır.

58. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi əsas borclu olan Cavabdeh2 921,38 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir.

59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

60. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 449, 465-ci maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək cavabdehdən faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc tələb olunmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehlər hazırki vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişlər. Buradan da görünür ki, cavabdehlər açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırırlar. Məhkəmə isə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehlərin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməmələrinə şərait yaratmışdır.

61. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.

62. Həmin Fərman üzrə kompensasiyanın ödənilməsi haqqında sənəddən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı ASC-də olan kredit borcu üzrə əsas borc 4127.01 manat olmuş, 2566.67 manat məbləğində kompensasiya hesablanmış, qalıq borc məbləği 1560.34 manat olmuşdur.

63. Cavabdeh2 həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 1560.34 manat (921.38 ABŞ Dolları ekvivalentində) təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir.

64. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.

65. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

66. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

67. Fərmanın 8.3-cü bəndinə əsasən bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur.

68. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.

69. Göründüyü kimi, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: -1 yanvar 2012-ci il tarixdən sonra verilmiş; - 2019-cu il tarixə 360 gündən artıq gecikməsi olan; - xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər (bax: qətnamənin 39cu bəndi)

70. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 1 mart 2019-cu il tarixə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Bildiririk ki, əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 360 gündən az, yəni 340 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır.

71. İşə baxan birinci instansiya məhkəməsi işin bu diqqətəlayiq hallarını nəzərə almamışdır.

72. Ona görə də Cavabdeh2 əsas borcla yanaşı faiz, cərimə və əldən çıxmış faydadda tutulmalıdır.

73. Cəriməyə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, hesablanmış 2558,95 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır (bax: qətnamənin 36-cı bəndi).

74. Məhkəmə kollegiyası borcun zamin qismində işə cəlb olunmuş Cavabdeh1 tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırkı işdə işdə zaminə münasibətdə qanunda nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin müddəa əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (bax: qətnamənin 37-ci bəndi).

75. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.

76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

77. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

78. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

79. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiyа Məhkəməsinin 29 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-961/2023 saylı qətnaməsi qismən - “iddianın rədd edilən” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

80. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: qətnamənin 52-ci bəndi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Şəki Kommersiyа Məhkəməsinin 29 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-961/2023 saylı qətnaməsi qismən – “iddianın rədd edilən” hissələrində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh2 247,58 (iki yüz qırx yeddi ABŞ doları əlli səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 90 (doxsan) ABŞ dolları cərimə və 136,11 (bir yüz otuz altı ABŞ doları on bir sent) ABŞ dolları məbləğində kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcu ödəniş gününə Azərbaycan manatı ilə tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar