Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-40/2022 26.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçi - İddiaçı, Cavabdeh - Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “0277401 nömrəli akt əsasında hesablanmış 4653 manat borcun **********12001 nömrəli abonent hesabından silinməsi tələbinə dаir” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)- 21/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Cavabdeh nümayəndələri tərəfindən 14.10.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyriyaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir.
2. Sayğacın rotorlarının kipləşməsi nəticəsində sayğacın sınaq qurğusunda yoxlanması mümkün olmamış, yoxlama zamanı elektron göstəricinin mexaniki göstəricidən 2341 m3 çox olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir.
3. Bundan sonra itirilmiş qaz 23266 m3 olmaqla dəyəri 4653,20 manat (23266 x 0,20 manat) məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
4. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək ******* nömrəli akt əsasında hesablanmış 4653 manat borcun **********12001 nömrəli abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yaşayır. Göyçay rayonu Cəyirli kəndində özünə məxsus qeyri-yaşayış binası vardır. Həmin qeyri-yaşayış obyektini icarəyə vermişdir, icarəyə götürən çörək bişirmə sexi kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış obyektinə təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtı-vaxtında Cavabdeh İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər olunmuşdur. Ona məxsus obyektə cavabdeh birliyin əməkdaşları həmin obyektə quraşdırılmış təbii qazdan istifadəyə görə sayğaca baxış keçirmiş və X2 pozulması haqqında akt tərtib edilmiş, qanunsuz olaraq istifadə olunmuş təbii qaza görə 4653 manat cərimə hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən 26 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, rotorlar kiplənib. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş və istifadə olunmuş təbii qaza görə cərimə hesablanmışdır. Ağsu RQİİ-nin nümayəndələri 26.02.2021-ci il tarixdə ona məxsus olub Göyçay rayonu ərazisində yerləşən çörək-bişirmə sexində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama apararaq həmin obyektə quraşdırılmış təbii qazdan istifadəyə görə sayğaca baxış keçirmiş və X2 pozulması haqqında akt tərtib etmişdir.
6. Həmçinin ona məxsus qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac yeni quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Həmin sayğac yeni sayğac olmuş, onda heç bir problem yarana bilməzdi. Sayğacda problem yaranmış olsa belə həmin nasazlıq enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən müəyyən edilməli və həmin nasazlıq aradan qaldırılmalı idi. Həmçinin qeyri-yaşayış obyektinə keçən qazı qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz.
7. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfındən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir.
8. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
9. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 24 fevral 2022-ci il tarixli, e-2-2(117)-21/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 4653 manat borc iddiaçının abonent hesabından silinməsi, ödənilməmiş 66,53 manat dövlət rüsümu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh nümayəndələri tərəfindən 14.10.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir. Sayğacın rotorlarının kipləşməsi nəticəsində sayğacın sınaq qurğusunda yoxlanması mümkün olmamış, yoxlama zamanı elektron göstəricinin mexaniki göstəricidən 2341 m3 çox olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qaz 23266 m3 olmaqla dəyəri 4653,20 manat (23266 x 0,20 manat) məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Qaz sayğacının elektron hissəsinin qeydə almaması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 4653 manat borc məbləği silinməlidir.
13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3, 2.2.5, 4.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavbadeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Proses iştirakçıları tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamə çıxarılarkən bütün faktlar ətraflı araşdırılmamış Azərbaycan Respublikasının MPM-in 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur.
17. İddiaçı məxsus “Çörək sexi”nin qaz xəttinin üzərindən açılmış G25 markalı R000049882 nömrəli rotor tipli “FMG” qaz sayğacına keçirilmiş texniki baxışın nəticəsi olaraq sayğacın rotorlarının kiplənməsi nəticəsində sayğacdan keçən qazın hesabatının qeydə alınmaması və göstəricilərin arasında fərq olduğu müəyyən edilmişdir.
18. ARDNŞ Cavabdeh X1 Departamentinin Sayğacların müayinəsi labaratoriyasının 22.10.2020-ci il tarixli, SS-№ 29/1640-01656-1 saylı Aktına əsasən İddiaçı məxsus “Çörək sexi”ndə istifadə edilən qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 26.02.2021-ci il tarixli, ******* nömrəli “Təbii X2 pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir.
19. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 mart 2021-cu il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı 25**********120 nömrəli abonent koduna 23266 m3 - 4653.20 (dörd min altı yüz əlli üç) manat 20 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.
20. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
21. Məhkəmənin qənatinə əsasən iddiaçıya guya hansısa pozuntu səbəbindən cərimə hesablanmışdır, amma əslində iddiaçının hesabına yazılmış məbləğ cərimə yox, itirilmiş təbii qazın dəyəridir, yəni sayğacın yoxlaması zamanı tərtib edilmiş aktda qeyd edilmiş fərqin ümumi məbləğidir. Aktda açıq aydın qeyd edilmişdir ki, sayğacın rotorlarının kiplənməsi nəticəsində sayğacdan keçən qazın hesabatı qeydə alınmır və göstəricilərin arasında fərq vardır.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)- 21/2022 saylı qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
33. Həmin Məcəllənin 384.0.1ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
36. Həmin Qanunun 18-ci maddəsinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın (bundan sonra-Qaydalar)1.3-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
38. Qaydaların 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
39. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9).
40. Mülki Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2- 2(117)-21/2022 saylı qətnaməsidəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
43. Cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır.
44. Belə ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, ititirlmiş qaz bərpa edilsin.
45. Göründüyü kimi, cavabdehin itirilmiş təbii qazın əvəzi olaraq pulun hesablanması barədə dəlilləri əsassızdır və əsassız olaraq cavabdeh tərəfindən pozuntuda iddiaçı təqsirli bilinərək ona borc hesablanmışdır.
46. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun.
47. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir.
48. Müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən 14.10.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir.
49. Sayğacın rotorlarının kipləşməsi nəticəsində sayğacın sınaq qurğusunda yoxlanması mümkün olmamış, yoxlama zamanı elektron göstəricinin mexaniki göstəricidən 2341 m3 çox olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qaz 23266 m3 olmaqla dəyəri 4653,20 manat (23266 x 0,20 manat) məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 2.2.5, 4.8-ci maddələrinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur.
51. Belə ki, iş mаteriаllаrındаn göründüyü kimi, Cavabdeh nümayəndələri tərəfindən 14.10.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacda pozuntular aşkar edildikdə itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı cavabdehin o halda tələb hüququ yaranır ki, həmin pozuntunun baş verməsində istehlakçının təqsiri müəyyən olunsun. Belə ki, “X3”nın 2.2.5ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir.
53. “X3"nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
54. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
55. Bundan başqa, həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
56. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır.
57. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, qaz sayğacının elektron hissəsinin qeydə almaması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 4653 manat borc məbləği silinməlidir.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır.
59. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
60. Həmin Qanunun 18-ci maddəsinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
61. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir.
62. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh tərəfindən İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 4653 manat borc iddiaçının abonent hesabından silinməsi, ödənilməmiş 66,53 manat dövlət rüsümu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
63. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. (bax: § 33) Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)-21/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)- 21/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov