Məhkəmə qərarları › İş №2-2(107)-40/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-40/2024

15.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-40/2024 15.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-819/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh(bundan sonra –cavabdeh) qarşı “xx.xx.2019-cu il tarixli, 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin müqavilə şərtlərini pozması nəticəsində mağazada ona məxsus olan müxtəlif adda olan malların dəyəri, yəni 50.008,30 manat, kreditə görə banka ödəyəcəyi 25.966,50 manat və vergi borcu 742,47 manat olmaqla, cəmi 76.716,97 manat məbləğində dəymiş zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 320,15 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh kənd sakinidir, hüquqi savadı yoxdur. Elektron məhkəmə sistemini təzə-təzə işlədir. Buna görə də müddət məslələrini tənzimləyə bilmir. Məhz bu səbəbdən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və şikayət onu verən şəxsə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən istifadə etmək üçün hüquqi savadlılıq tələb olunmur. Eyni zamanda cavabdeh elektron kabineti yeni işlətdiyini bildirir ki, göründüyü kimi cavabdeh elektron sistemdən istifadə edir və belə olduqda məhkəmənin qərardadından sonuncunun kabinetinə yerləşdirildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən 10 gün müddətində şikayət verə bilərdi. Lakin cavabdeh bu hüququndan istifadə etməmiş və müddəti ötürmüşdür. Hazırki vəziyyətdə isə sonuncu müddətin bərpa edilməsi üçün əsaslı səbəblər təqdim etməmiş və müddətin ötürülməsinin üzrlü səbəblərinə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin gətirdiyi dəlillər hər hansı sübutla təsdiq olunmur və yalnız sonuncunun özünü müdafiə etmək üçün söylədiyi fikirlərdir. Bundan başqa hazırki iş üzrə cavabdeh prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsinin hüquqi savadının olmaması, elektron məhkəmə sistemini təzə-təzə işlətməsi və bu səbəbdən müddət məsələlərini tənzimləyə bilməməsi ilə əsaslandırmışdır. Buna baxmayaraq qeyd edilən halların mövcudluğu həqiqət olsa belə, müddətin ötürülməsi üçün üzrlü səbəb deyildir və bunun məsuliyyətini cavabdeh özü daşıyır. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli, e-2-2(117)-819/2022 nömrəli qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verilmiş, lakin şikayət verilməsi müddəti ötürülmüş və bu səbəbdən də şikayət geri qaytarılmış və prosessual müddətin bərpası səbəbləri üzrsüz hesab edilərək təmin edilməmişdir. Məhkəmə tərəfindən göstərilən hallara münasibət bildirilsə də, cavabdeh yenidən ərizə ilə məhkəməyə müraciət etmişdir ki, göründüyü kimi yenidən müraciət edildiyi halda belə müddətin bərpası üçün üzrlü səbəblər təqdim edilməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən ötürüldüyündən və bununla da müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-819/2022 nömrəli nömrəli qərardadından şikayətin verilməsi üçün müddətin bərpasından imtina edilməlidir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh qərardaddan verdiyi şikayətdə bildirir ki, məhkəmə tərəfindən ona heç bir sms, heç bir bildiriş göndərilməmişdir. Onun həmin məhkəmə işindən xəbəri olmamışdır. Yalnız iş icra mərhələsinə keçdikdən sonra, icra məmuru tərəfindən dəvət edildikdə, ona məlum olmuşdur ki, barəsində məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki, hesab edir ki, bu qərardad onun həmin işdən xəbəri olmadığına görə ləğv edilməli və iş icraata qəbul edilməlidir. O, həmin qətnaməni xx.xx.2023-cü ilədək almamışdır. O, qətnaməni rəsmi olaraq xx.xx.2023-cü ildə məhkəmədən qəbzə imza ataraq almışdır. Buna görə müddəti ötürməmişdir. Hesab edir ki, müddət bərpa edilməlidir. Səbəb obyektivdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işin 3-cü cildinin 132-ci vərəqində olan “məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə” dair AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2-2(117)-819/2022 saylı qərardadı 20 dekabr 2023-cü il tarixdə cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə 02 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 30 dekabr 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 02 fevral 2024-cü il tarixdə verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin nümayəndəsinin-vəkilinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar