Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-40/2025 12.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X6 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 42000.02 manat əsas, 4200 manat cərimə borcu və dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə haqqı) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1498/2024 nömrəli qətnaməsindən cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları xx.xx.2023-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında 0042-İM- 310323/002 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrinə göstərilən obyektləri icarəçinin idarəetməsinə və icarəsinə verir, icarəçini obyektlərin səlahiyyətli idarəçisi və icarə agenti kimi təyin edir. İcarəçi isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. 2.1-ci bəndinə görə icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. 2.4-cü bəninin tələbinə görə obyektlərin bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur. Bundan sonra, İddiaçı MMC ilə cavabdeh “X6 Evi-Uşaq Bağçası” arasında xx.xx.2023-cü il tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, icarəyə verən həmin əlavədə adı qeyd edilən əmlak və avadanlıqları icarə obyekti ilə birlikdə xx.xx.2023cü il tarixində icarəçiyə təhvil vermiş, həmin əlavə tərəflərin nümayəndəsinin imzası və möhürləri ilə təsdiqlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC-yə qarşı “cavabdehdən 42000.02 manat əsas, 4200 manat cərimə borcu və 229 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində İddiaçı MMC ilə “X6 Evi-Uşaq Bağçası” MMC arasında Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqların istifadəyə verilməsi barədə subicarə müqaviləsi bağlanmışdır. İcarəyə götürən tərəfindən ödənilməli olan ƏDV daxil 42000,02 manat icarə haqqı borcu qısa zamanda ödənişin icra edilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Cavabdehin öhdəlikdən yayınmasından 125 gün keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliyini icra etməkdən bilərəkdən yayınır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq hüquqi şəxs borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin, cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və eyni zamanda icarə müqaviləsinin notarial qaydada təsdiq edilməməsinə münasibətdə qeyd etmişdir ki, icarəyə götürən şəxsin tələbi olmadığına görə təsdiq etdirilməyib. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. Bununla bağlı etirazlarını kabinetlə təqdim etmişdir. Mübahisə predmeti olan icarə obyektinin çıxarışı yoxdur, dövlət qeydiyyatına alınmamışdır. Müqavilə tərtib edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozularaq tərtib edilmişdir. Müqavilə imzalanarkən təsisçi qərarı olmadan imzalanmışdır. Vergi orqanının çıxarışı olmayan obyektin kodunun qeydiyyatını aparmaqda məqsəd isə vergidən yayınma halının qarşısının alınması olmuşdur. Hesab edir ki, müqavilə etibarsız əqddir. İcarə və subicarə müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Eyni zamanda cavabdeh tərəf obyekti təmir etdirmiş, təmirə xeyli xərc çəkdirmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan göründüyü kimi İddiaçı MMC “X6 Evi-Uşaq Bağçası” MMC-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli subicarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və icarəçi tərəfindən müqavilənin müddətinin uzadılması ilə bağlı hər hansı bir müraciət olunmadığından müqaviləyə xitam verilmişdir. İcarə sahəsi icarəçi tərəfindən təhvil verilmədiyindən xx.xx.2024-cü il tarixdə icarə obyekti orda olan əmlaklarla birgə birtərəfli qaydada təhvil alınmışdır. Müqavilənin 13.1-ci bəndinə əsasən təhvil müddəti ərzində icarə haqqı tam şəkildə ödənilməlidir. Lakin icarəçi tərəfindən müqavilə ilə müəyyən edilmiş icarə haqqından heç bir ödəniş edilməmiş və İddiaçı MMC-yə olan borcu ümumilikdə 42000.02 manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə üçota alınması” haqqında arayışlardan göründüyü kimi mübahisə predmeti olan icarə obyekti vergi məqsədləri üçün uçota alınmışdır. xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ümumilikdə 14 ədəd 42000.02 manat məbləğində elektron qaimə məhkəməyə təqdim edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1498/2024 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC-dən 42000.02 manat icarə haqqı borcu, 420 manat cərimə borcu və 217,76 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC subicarə müqaviləsi əsasında Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını orada olan əmlak və avadanlıqlar ilə birlikdə xx.xx.2023-cü il tarixdən “X6 Evi-Uşaq Bağçası” MMC-yə icarəyə vermiş, daha sonra həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilmiş və xx.xx.2024-cü il tarixdə həmin icarə obyekti icarəyə verən tərəfindən birtərəfli qaydada təhvil alınmışdır. Burdan da aydın olduğu kimi İddiaçı MMC icarə obyektini icarəyə verdiyi xx.xx.2023-cü il tarixindən həmin obyektin təhvil alındığı xx.xx.2024-cü il tarixinədək yaranmış və cavabdeh tərəfindən ödənilməmiş icarə haqqı borcunu tələb etməkdə haqlıdır. Müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilsə də, icarə obyekti xx.xx.2024-cü il tarixində icarəçiyə təhvil verildiyindən həmin müddətə kimi yaranmış icarə haqqı borcunu tələb etməsini məhkəmə əsaslı hesab edir. Belə ki, müqavilənin 13.1-ci bəndinin tələbinə görə təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. Bundan başqa subicarə haqqında müqavilənin 6.1ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 3000 manat təşkil edir. Göründüyü kimi iddiaçının qeyd edilən tarixlərə münasibətdə ödənilməmiş 42000.02 manat məbləğində icarə haqqı borcunu tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə tələbin 4200 manat cərimə borcunun tutulması hissəsinə münbasibətdə isə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış subicarə müqaviləsinin qüvvədə olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 14 ay müddət üçün hər ay 3000 manat icarə haqqının cəmi 42000 manat təşkil edir.Cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil edilsə də, icarə haqqının ödənilməsinə dair sübut təqdim etməmiş və arqument irəli sürməmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında müqavilənin notarial qaydada təsdiqlənməməsi təkcə özlüyündə müqavilənin etibarsız olması üçün əsas deyil. İcarə müqaviləsinin notarial qaydada bağlanmaması halı tərəflərin həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərini istisna etmir. Mülki Məcəllənin 707.1-ci maddəsindən o nəticəyə gəlmək olur ki, həmin maddədə icarə müqaviləsinin yazılı bağlanmalı olduğu nəticəsinə gəlinsə də, icarə müqaviləsinin mütləq qaydada notariat qaydada təsdiqlənməli olması öz əksini tapmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin öz tələbini əsaslandırdığı Məcəllənin 146.1 və 393-cü maddələrinə münasibətdə qeyd edir ki, həmin maddələrdə qeyd edilən hallar birbaşa icarə müqaviləsi ilə bağlı nəzərdə tutulmamışdır. Lakin bu maddələrə nəzərən qiymətləndirilsə belə, icarə müqaviləsinin notariat qaydasında təsdiqlənməli olması halı icarəçinin hüququ hesab edilməlidir ki, müqavilənin notariat qaydada təsdiqlənməsinin tələb edilməsi müqavilə bağlandığı zaman icarəçinin hüquqlarının təmin edilməsi baxımından onun seçiminə buraxılmalıdır. Belə ki, icarə müqaviləsinin yazılı formada bağlanması öz əksini tapsa da, notarial qaydada təsdiqlənməsi tərəflərin iradə sərbəstliyinə buraxılmışdır. Göründüyü kimi hazırki müqavilənin notarial qaydada təsdiqlənməməsi tərəflərin onun əsasında yaranmış hüquq və vəzifələrini istisna etməməlidir. Bundan əlavə Mülki Məcəllədə əvvəllər yazılı formada riayət edilməmə ilə bağlı hüquqi nəticələrlə bağlı müddəalar, eyni zamanda, 348-ci maddədə nəzərdə tutulmuş “məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı” ilə bağlı maddə qanundan çıxarılmışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448, 700, 701, 705, 707, Torpaq Məcəlləsi 67, “İcarə haqqında” Qanun 1, 8, 14, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 88, 119, 21-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin yazılı formada bağlanması öz əksini tapsa da, notarial qaydada təsdiqlənməsi tərəflərin iradə sərbəstliyinə buraxılmışdır. Göründüyü kimi, hazırkı müqavilənin notarial qaydada təsdiqlənməməsi tərəflərin onun əsasında yaranmış hüquq və vəzifələrini istisna etməməlidir. Daşınmaz əmlakın icarəsi ilə bağlı əqdin notariat qaydasında təsdiq edilməsi tərəfin hüququdur və qanunda daşınmaz əmlakla bağlı icarə müqaviləsinin notarial qaydada bağlanmamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı imperativ norma da mövcud deyildir. Tərəf icarə hüququnun daha etibarlı təminatını istəyərsə həmin müqavilələrin müvafiq formada bağlanmasını tələb edə bilər. Buna riayət edilməməsi həmin əqdin etibarsızlığına səbəb olmur. İddiaçının məhkəməyə təqdim etdiyi “Subicarə” müqaviləsində onun istifadə hüququnun müvəqqəti olaraq üçüncü şəxsə verilməsi səlahiyyətinin (subicarə hüququnun) mövcudluğuna dair heç bir müddəanın olmaması ilə yanaşı, ümumiyyətlə “icarə obyektinin” kimə məxsus olması, iddiaçının həmin əmlakdan istifadə hüququnun olub-olmaması və istifadə hüququnun müvəqqəti olaraq üçüncü şəxsə verilməsi səlahiyyətini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının nümayəndəsi hazırlıq iclası bitdikdən və iş məhkəmə baxışına təyin edildikdən sonra, bilavasitə iclasda məhkəməyə yeni sənədlər təqdim etmiş, məhkəmə isə öz növbəsində həmin sənədləri Mülki Prosessual Məcəllənin göstərilən vacib prosessual tələbinə məhəl qoymadan sübut qismində qəbul edərək, iclası bütünlüklə həmin sənədlərin müzakirəsi üzərində qurmuşdur (bunu iclas zalında aparılmış səs və video yazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür). b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.
“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun
1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. 8.5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin. 9.1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. 9.3. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. 9.5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 9.6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. 9.7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. 15.1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli qərarında müəyyən edilmişdir ki: “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və icarə haqqının ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı MMC cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC-yə qarşı “cavabdehdən 42000.02 manat əsas, 4200 manat cərimə borcu və 229 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Kollegiya daha sonra qeyd edir ki, icarə müqaviləsi müqavilə növlərindən biri olmaqla əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Mülki Məcəllə 700). Mülki qanunvericiliyə əsasən, icarə müqavilə ilə bağlı fəslin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə müqaviləsi elə bir müqavilədir ki, həmin müqavilə ilə əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Nəticədə icarəyə verilmiş əşya müxtəlif hüquqi titullar əsasında eyni zamanda iki subyektə məxsus olur. Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə predmeti üzərində istifadə hüququ yaranır. Predmetin mülkiyyətçisi kimi yenə də icarəyə verən qalır yəni, onun icarəyə verilən əşya üzərində mülkiyyət hüququ saxlanılır. Mülkiyyətçi icarə əsasında onu özgəninkiləşdirmədən başqa şəxsin istifadəsinə verir və bununla o, haqq əldə edir. Ümumiyyətlə, icarə müqaviləsinin əmlak kirayəsi müqaviləsindən ən başlıca fərqi ondadır ki, kirayə müqaviləsi üzrə kirayəçi kirayəyə verilmiş əşyalardan ancaq istifadə hüququnu əldə edirsə, icarə müqaviləsi üzrə icarəçi isə icarəyə götürdüyü əşyadan və ya hüquqdan istifadə ilə yanaşı, əşyanın bəhərindən də istifadə etmək və əşyanın istifadəsindən gəlir götürmək hüququna da malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC arasında xx.xx.2023-cü il tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləşən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Belə ki, İddiaçı MMC ilə cavabdeh “X6 Evi-Uşaq Bağçası” arasında xx.xx.2023-cü il tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırki müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 3000 manat təşkil edir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2023-cü il tarixindən etibarən hesablanacaqdır və hər icarə ayının əvvəli 5 iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhvil-təslim aktı əsasında təhvil verməlidir. Təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın kimə məxsus olmasının araşdırılmaması və iddiaçının icarəyə vermək səlahiyyətinin olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarına görə, xx.xx.2023-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında 00**-İM-***323/002 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrinə göstərilən obyektləri icarəçinin idarəetməsinə və icarəsinə verir, icarəçini obyektlərin səlahiyyətli idarəçisi və icarə agenti kimi təyin edir. İcarəçi isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Həmin müqavilənin 2.1-ci bəndinə görə, icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. Həmin müqavilənin 2.4-cü bəninin tələbinə görə, obyektlərin bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur. xx.xx.2023-cü il tarixli 00**-İM-***323/002 saylı müqaviləyə 1 nömrəli Əlavədə isə, icarə və idarəetməyə verilən obyektlərin siyahısı və əsas göstəriciləri öz əksini tapmışdır. Həmin əlavədən görünür ki, Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını orada olan əmlak və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermişdir. Həmin əlavənin 2-ci bəndinin tələbinə görə icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarəyə, sub icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla istifadəyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. Göründüyü kimi, xx.xx.2023-ci il tarixi icarə müqaviləsinə əsasən, mülkiyyətçi tərəfindən hazırki iş üzrə İddiaçı MMC-yə icarə müqaviləsinin predmeti olmuş əmlakı subicarəyə vermək hüququ verilmişdir. Eyni zamanda müqavilədən görünür ki, İddiaçı MMC icarə müqaviləsinin predmeti olmuş əmlakı subicarəyə, kirayəyə, idarəetməyə verərkən mülkiyyətçidən razılıq alması da tələb edilmir. Kollegiya daha sonra qeyd edir ki, icarə müqaviləsinin predmeti olmuş əmlakın kimə məxsus olması və ya mülkiyyətçisinin kim olması hazırki mübahisənin predmeti deyildir. Vacib məqam ondan ibarətdir ki, iddiaçının həmin əmlakı icarəyə vermək səlahiyyəti olmuşdur. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icarə müqaviləsinin dövlət qeydiyyatına alınmaması və notarial qaydada təsdiq edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin həmin dəlili ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilənin notarial qaydada təsdiqlənməməsi təkcə özlüyündə müqavilənin etibarsız olması üçün əsas deyil. İcarə müqaviləsinin notarial qaydada bağlanmaması halı tərəflərin həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərini istisna etmir. Belə ki, iş materiallarından və tərəflərin izahatından da aydın olur ki, tərəflər arasında müqavilənin bağlanması ilə bağlı iradə ifadəsi olmuş, mübahisə predmeti olan icarə obyekti xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfin istifadəsində olmuş və bunun nəticəsində iddiaçı tərəfə müəyyən məbləğdə borcu yaranmışdır. Kollügiya xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Yəni, cavabdeh tərəf icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasında xüsusilə maraqlı olmuşsa o, qanunvericiliyin tələbinə görə müqavilənin qeydiyyatı üçün özü də müraciəıt edə bilərdi. Lakin, cavabdeh tərəf bu hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırki müqavilənin notarial qaydada təsdiqlənməməsi tərəflərin onun əsasında yaranmış hüquq və vəzifələrini istisna etməməlidir. Kollegiya eyni zamanda bildirir ki, Mülki Məcəllədə əvvəllər yazılı formada riayət edilməmə ilə bağlı hüquqi nəticələrlə bağlı müddəalar, eyni zamanda, 348-ci maddədə nəzərdə tutulmuş “məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı” ilə bağlı maddə qanundan çıxarılmışdır. Belə olan halda isə müqavilənin notarial qaydada təsdiq edilməməsi özü-özlüyündə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, hazırkı vəziyyətdə cavabdeh tərəf özüdə müqavilənin etibarsızlığına əsas ola biləcək halla bağlı qarşı tərəfə hər hansı bir irad və ya etiraz göndərməmiş, əksinə icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi istisna olmaqla bütün öhdəliklərini icra etmiş və aidiyyəti sənədələri imzalamışdır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlaka istifadə hüququnun yaranmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, İddiaçı MMC ilə cavabdeh “X6 Evi-Uşaq Bağçası” arasında xx.xx.2023-cü il tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavədən isə görünür ki, icarəyə verən həmin əlavədə adı qeyd edilən əmlak və avadanlıqları icarə obyekti ilə birlikdə xx.xx.2023-cü il tarixində icarəçiyə təhvil vermiş, həmin əlavə tərəflərin nümayəndəsinin imzası və möhürləri ilə təsdiqlənmişdir. Bundan başqa, məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəf obyekti təmir etdirmiş, təmirə xeyli xərc çəkdirmişdir. Göründüyü kimi, icarə obyekti icarəçidə olmuşdur. Belə olan halda cavabdeh tərəfin əmlakdan istifadə hüququnun yaranmaması ilə bağlı qeyd etdikləri inandırıcı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin təsisçi qərarı olmadan imzalanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Mülki Məcəllənin 87.10-cu maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Hazırki işdən isə görünür ki, “X6 Evi-Uşaq Bağçası” MMC-nin nizamnaməsinin 6.6.19-cu bəndində xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilməsi qeyd edilmişdir. Lakin, cavabdeh tərəf nə birinci instansiya məhkəməsinə nədə ki apellyasiya baxışı zamanı cavabdehin aktivləri haqqında məlumatı və hazırkı müqavilənin qeyd edilən aktivlərin 50% dən çox olmasını təsdiq edən sənədləri təqdim etməmişdir. Bundan başqa, cavabdeh hüquqi şəxsin Nizamnamənin 1.7-ci bəndinə əsasən yalnız bir təsisçisi 100 % paya malik X1r. Belə ki, qeyd edilən müqaviləni bağlamaq üçün müvafiq qərarın qəbul edilib-edilməməsi cavabdeh hüquqi şəxsin daxili idarəetməsi ilə bağlı olan məsələdir. Ona görə də qeyd edilən müqavilənin cavabdeh tərəfindən səlahiyyət verilməyən şəxs tərəfindən bağlanması hazırkı iş üzrə iddiaçının icarə haqqını tələb etməsinə hər hansı maneə yaratmır. Bu hal mövcud olsa belə, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən borcu tutaraq iddiaçıya verməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh “X6 Evi-Uşaq Bağçası” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1498/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.