Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-41/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsi ilə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “25.09.2013-cü il tarixli 115.LN.2004.250913.00001 nömrəli kredit müqaviləsi üzrə 28.08.2020-ci il tarixə 4290 manat əsas borc, 5431.83 manat məbləğində gecikdirmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 847,20 manat faiz borcu olmaqla, cəmi 10569,03 manat kredit borcunun, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 32 manat məbləğində bildirişin qeydə alınmasına dair dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldildikdə və satışdan bir ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 4290 (dörd min iki yüz doxsan) manat əsas borc, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx" ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 33000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 ləğv posesində olan "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və satışdan bir ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin mənzili tərk etmələri qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya ləğv prosesində olan “xxxx” ASC) 28.09.2020-ci il tarixdə iddia tələbində dəqiqləşmə aparmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra cavabdeh və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2) qarşı “25.09.2013-cü il tarixli 115.LN.2004.250913.00001 nömrəli kredit müqaviləsi üzrə 28.08.2020-ci il tarixə 4290 manat əsas borc, 5431.83 manat məbləğində gecikdirmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 847,20 manat faiz borcu olmaqla, cəmi 10569,03 manat kredit borcunun, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 32 manat məbləğində bildirişin qeydə alınması dair dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldildikdə və satışdan bir ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinn 01.12.2020-ci il tarixli 2(039)-1903/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.09.2013-cü il tarixli 115.LN.2004.250913.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 36 ay olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə vaxtı keçmiş kredit üzrə 50% faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 25.09.2013-cü il tarixli 115.CL.250913.00001/d nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0,0375 ha torpaq sahəsi ilə birlikdə qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehlər məhkəmə iclasında oxşar ifadələr verərək bildirmişlər ki, iddiaçı tərəfindən onlara 18.11.2019-cu il tarixli 302 nömrəli bildiriş göndərilərək kredit müqaviləsi üzrə əsas məbləğin restruktruzasiya olunması ilə bağlı müraciət edilməsi barədə məlumat verilmiş, lakin cavabdehlər tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq bu barədə tədbir görülməmişdir. Belə ki, cavabdehlər həmin bildirişi aldıqdan sonra iddiaçı təşkilatın Yevlax filialına müraciət etmişlər və gah zamin tələb edilərək, gah da bu barədə tədbirlər görüləcəyi vədi verərək onların müraciətinə baxılmamışdır. Yenidən müraciət etdikdə onların kredit borcunun restruktruzasiya olunmadığını bildirmişlər. Cavabdehlər iddia tələbinin əsas borca münasibətdə təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etmişlər. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsindən ləğv prosesində olan “xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 kredit borcu restrukturizasiya siyahısına düşmüş, lakin cavabdeh yeni kredit müqaviləsinin bağlanılması üçün İddiaçı ASC-yə müraciət etməmiş və bu səbəbdən LPO İddiaçı ASC “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. 25.09.2013-cü il tarixli 115.LN.2004.250913.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehin 4290 (dörd min iki yüz doxsan) AZN əsas, 5431,83 (beş min dörd yüz otuz bir manat səksən üç qəpik) AZN cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 847,20 (səkkiz yüz qırx yeddi manat iyirmi qəpik) AZN artırılmış faiz borcu, ümumilikdə 10569,03 (on min beş yüz altmış doqquz manat üç qəpik) AZN məbləğində borcu vardır. İddia ərizəsində qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə əsassız olaraq cərimə və artırılmış faiz borc məbləğlərini təmin etməmişdir. Belə ki, 25.09.2013-cü il tarixli 115.LN.2004.250913.00001 nömrəli kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən əgər borcalan ödənilən faizlərin məbləğinin artırılması ilə razı deyilsə, xəbərdarlıq müddəti başa çatdığı andan bu müqavilə pozulmuş hesab edilir. Borcalan krediti dərhal qaytarmalı və kreditdən istifadə edilmiş müddətə görə faizləri ödəməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “xxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2013-cü il tarixli, 115.LN.2004.250913.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. 25.09.2013-cü il tarixli 115.CL.250913.00001/d nömrəli ipoteka müqaviləsinə əsasən tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.12.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Yevlax şəhəri Yeni Yevlax küçəsi, 0,0375 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,64 kv.m. yaşayış, 79,36 kv.m. köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26.09.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh3 arasında 25.09.2013-cü il tarixli 115.CL.250913.00001/d nömrəli İpoteka müqaviləsinin şərtlərinə görə “xxxx” ASC-nin Yevlax filialının xeyrinə Cavabdeh3 məxsus Yevlax şəhəri Yeni Yevlax küçəsi, 0,0375 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,64 kv.m. yaşayış, 79,36 kv.m. köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 06.02.2018-ci il tarixli 34 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, Yevlax şəhəri Yeni Yevlax küçəsi, 0,0375 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,64 kv.m. yaşayış, 79,36 kv.m. köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh3 izah edilmişdir. “xxxx” ASC tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış 12.02.2018-ci il tarixli 32/003065 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişindən görünür ki, Cavabdeh3 məxsus Yevlax şəhəri Yeni Yevlax küçəsi, 0,0375 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,64 kv.m. yaşayış, 79,36 kv.m. köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair “xxxx” ASC-in ərizəsi DƏDRX-nin 17 saylı Ərazi idarəsində 12.02.2018-ci il tarixdə qeydiyyata alınmışdır. «xxxx» MMC tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş 28-111/20 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh3 məxsus olan və Yevlax şəhəri Yeni Yevlax küçəsi, 0,0375 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,64 kv.m. yaşayış, 79,36 kv.m. köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 33000 manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin həqiqi halları ilə müəyyən edilir ki, 25.09.2013-cü il tarixdə “xxxx” ASC ilə Cavabdeh1 arasında 115.LN.2004.250913.00001 nömrəli kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında “xxxx” ASC tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 ilə “xxxx” ASC arasında bağlanmış 25.09.2013-cü il tarixli 115.CL.250913.00001/d nömrəli İpoteka müqaviləsinin şərtlərinə görə Yevlax şəhəri Yeni Yevlax küçəsi, 0,0375 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,64 kv.m. yaşayış, 79,36 kv.m. köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bundan sonra ipoteka predmetinin qeydiyyata alınmasına dair Ləğv prosesində olan “xxxx” ASC-nin adına 26.09.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Ləğv prosesində olan “xxxx” ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı “xxxx” ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 “xxxx” ASC-dən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsas borca aid olan 4290 manat məbləğində hissəsi təmin edilməli, 5431.83 manat məbləğində gecikdirmə faizinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 847,20 manat faiz borcunun tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə görə, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilməsi imkanı nəzərdə tutulmuşdur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmələr qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Kollegiya hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. İşdən görünür ki, əsas borc məbləği isə iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi Problemli kreditlərin kompensasiyası adlı 07.09.2020-ci il tarixli sənəddən müəyyən edilir ki, bu məbləğ 4290 manat təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. Bundan əlavə iddiaçı tərəfindən 18.11.2019-cu il tarixdə cavabdehlərə Restruktruzasiya ilə bağlı güzəştli şərtlərlə yeni müqavilənin bağlanması təklif edilmiş, cavabdehlər bununla bağlı Banka yaxınlaşsalar da, sonradan həmin kredit borcunun güzəştlərə düşmədiyi ona bildirilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(117)-74/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-41/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-41/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver