Məhkəmə qərarları › İş №2-2(107)-41/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-41/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-41/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış fazi borcunun və cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tаrixli qətnaməsindən Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-1184PE/2018 nömrəli ümumi şərtlər toplusu (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən bank müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarının həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bunun müqabilində bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, tərəflər arasında Müqavilə çərçivəsində xx.xx.2020-ci il tarixli, K3902 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən cavabdehə xx.xx.2021ci il tarixədək, illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 34% olmaqla, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 42.000 manat məbləğində kredit xətti açılmışdır. Maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 nömrəli əlavəyə əsasən şərtlərdə dəyişiklik edilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-46656-2023 nömrəli maliyyə arayışına əsasən K3902 saylı ərizə üzrə 06 oktyabr 2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 22.101,91 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 2.363,99 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 5.166,74 manat olmaqla, cəmi 29.632,64 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən K3902 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 22.101,91 manat məbləğində əsas borc, 2.363,99 manat faiz borcu, 5.166,74 manat cərimə borcu olmaqla, cəmi 29.632,64 manat məbləğin və 200 manat mediasiya xərcinin tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun qəbul edilməsi barədə GTC-1184PE/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Sonradan tərəflər arasında Ümumi şərtlər toplusu çərçivəsində K3902 saylı, xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən cavabdehə 42.000 manat kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 556 gün təşkil edir. Bundan başqa Bank ərizə ilə məhkəməyə müraciət edərkən 200 manat mediasiya xərci ödəmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-20/2023 nömrəli iş üzrə qəbul etdiyi 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabehdən K3902 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 22.101,91 manat gecikdirilmiş əsas borc, 2.363,99 manat faiz borcu, 300 manat cərimə borcu və 137,75 manat mediasiya xərcinin tutularaq iddiaçı Banka ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, 179 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, cavabdehdən 50 manat ekspertiza tədqiqatı üçün xərcin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7819 nömrəli ekspert rəyinə əsasən əsas borc məbləği 22.101,91 manat, faiz borcu 2.363,99 manat, cərimə borcu isə 2.745,35 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəsini nəzərdən keçirib qeyd etmişdir ki, iddiaçı 22.101,91 manat əsas borc, 2.363,99 manat faiz borcu tələb edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. İddiaçının tələb etdiyi əsas və faiz borcları ilə ekspert rəyindəki əsas və faiz borcları üstüstə düşdüyündən və cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı tələbində haqlıdır və qeyd olunan 22.101,91 manat əsas borc, 2.363,99 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7819 nömrəli ekspert rəyinə əsasən cərimə borcu 2.745,35 manat müəyyən edilmiş, lakin iddiaçı xx.xx.2023-cü il tarixli “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəsində olduqca yüksək cərimə məbləği tələb edir. Məhkəmə iddia tələbinin “cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 300 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 421.3, 442, 445.2, 448.1, 448.2, 449.1, 462.3, 467, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə borcunun və mediasiya xərcinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsi cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. X1 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən K3902 saylı maliyyələşdirmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 556 gün olduğundan cərimə məbləğinin 300 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində qətnamənin bir hissəsi, yəni iddianın cərimə borcunun və mediasiya xərcinin tutulmasına aid hissəsinin həll edilməsi ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktın yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15% olmaqla 42.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, borcalan cavabdeh kredit razılaşması üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, üzrə cavabdehin Banka 22.101,91 manat əsas borcu, 2.363,99 manat faiz borcu yaranmış, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq edilmişdir ki, həmin cərimənin məbləği 5.166,74 manat təşkil edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və qətnamə onun tərəfindən ümumiyyətlə mübahisləndirilmir. Göründüyü kimi, cavabdehin kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi kredit razılaşması üzrə 5.166,74 manat cərimənin (dəbbənin) tutulması barədə tələb olunan məbləğini azaltmaqda haqlı olmuşdur. Çünki cərimə borcunun həmin məbləğdə müəyyən edən birinci instansiya məhkəməsi kreditorun bütün əsaslı mənafelərini nəzərə almışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan başqa, Bank apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mediasiya xərcinin tutulması ilə bağlı gəldiyi nəticəni də mübahisələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyindən ödənilməli olan 179 manat dövlət rüsumunun 149,60 manatının cavabdehdən, 29,40 manatının iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi, həmçinin 200 manat mediasiya xərcinin 32,85 manatının iddiaçıdan, 167,15 manatının cavabdehdən tutulması qənaətinə gəlmişdir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən iddiaçının xeyrinə mediasiya xərci üçün ödənilməli olan 167,15 manatdan iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 29,40 manat dövlət rüsumu çıxılmaqla 137,75 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələbindən çıxış edərək bildirir ki, Bankın apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2023cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar