Məhkəmə qərarları › İş №2-2(107)-41/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-41/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-41/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 15066.64 manat əsas, 1506.66 manat cərimə borcu olmaqla, ümumilikdə 16573.30 manat məbləğində pul vəsaitinin və 140 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)- 1499/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2023-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında NT-23004 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən obyektləri icarəçinin idarəetməsinə və icarəsinə verir, icarəçini obyektlərin səlahiyyətli idarəçisi və icarə agenti kimi təyin edir. İcarəçi isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.

2. xx.xx.2023-cü il tarixli NT-23-004 saylı müqaviləyə 1 nömrəli Əlavədə icarə və idarəetməyə verilən obyektlərin siyahısı və əsas göstəriciləri öz əksini tapmışdır. Həmin əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 181 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi icarəçiyə təhvil vermişdir. Həmin əlavənin 2-ci bəndinin tələbinə görə icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarəyə, sub icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla istifadəyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir.

3. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tam mülkiyyətindədir.

4. Bundan sonra İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli GCO-23- 018 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 181 kv.m olan qeyri-yaşayış sahəsini, həmçinin orada olan əşya və avadanlıqları icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür.

5. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. - Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırkı müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. - Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. - Müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. - Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı hər kv.m üçün ƏDV xaric 12 manat olmaqla, ümumilikdə ƏDV xaric 2172 manat təşkil edir. - Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2023-cü il tarixindən etibarən hesablanacaqdır. Aylıq icarə haqqı hər ayın əvvəli 5 gün ərzində icarəyə verənin bank hesabına köçürülmə yolu ilə ödənilməlidir. - Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2023cü il tarixindən qüvvəyə minir və xx.xx.2025-ci il tarixinədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhvil-təslim aktı əsasında təhvil verməlidir. Təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. - Daha sonra İddiaçı MMC ilə Cavabdeh qarşılıqlı surətdə razılığa gələrək xx.xx.2024-cü il tarixində “GCO-23-018, xx.xx.2023-cü il tarixli qeyri-yaşayış sahəsinin subicarəyə verilməsinə dair müqavilənin xitam olunması” barədə Saziş bağlamışdırlar. Həmin Sazişin 2-ci bəndinə əsasən, icarəçi müqavilənin əlavəsində qeyd edilmiş icarəyə götürdüyü qeyri-yaşayış sahəsi, həmçinin orada olan əşya və avadanlıqlar təhvil verilən günədək icarə haqqını tam ödəməyi öhdəsinə götürür. Həmin Sazişin 3-cü bəndinə əsasən, qeyd edilmiş müddətdə icarəçi ödənişi həyata keçirməzsə, icarəçi gecikdirilmiş hər gün üçün borc məbləğinin 0.5% həcmində cərimə ödəyir.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil təslim aktından görünür ki, icarə obyekti həmin tarixdə subicarəçi tərəfindən icarəyə verənə təhvil verilmiş və hər iki tərəf bu sənədi öz imzası ilə təsdiq etmişdir.

7. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli 453213 nömrəli, xx.xx.2023-cü il tarixli 102344 nömrəli, xx.xx.2023-cü il tarixli 491211 nömrəli, xx.xx.2024-cü il tarixli 653438 nömrəli, xx.xx.2024-cü il tarixli 334136 nömrəli, xx.xx.2024-cü il tarixli 016170 nömrəli, xx.xx.2024cü il tarixli 394456 nömrəli, xx.xx.2024-cü il tarixli 10267642 nömrəli 8 ədəd 21614.30 manat məbləğində elektron qaimə məhkəməyə təqdim edilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC Cavabdeh qarşı “cavabdehdən 15066.64 manat əsas, 1506.66 manat cərimə borcu olmaqla, ümumilikdə 16573.30 manat məbləğində pul vəsaitinin və 140 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 181 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin orada olan əşya və avadanlıqlar ilə birgə istifadəyə verilməsi barədə subicarə müqaviləsi bağlanmışdır. İcarəyə götürən tərəfindən icarəyə verənə ödənilməli olan ƏDV daxil 15066,64 manat icarə haqqı Cavabdeh tərəfindən ödənilməlidir. İcarəçiyə hüquqi şəxsə olan borcunun qısa zamanda ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Cavabdehin öhdəlikdən yayınmasından 117 gün keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliyini icra etməkdən bilərəkdən yayınır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. İddiaçı əsas və cərimə borcunun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdehin vəkili və nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə etirazını təqdim etmişdir. Etirazında bildirmişdir ki, Mülki Məcəllədə hər hansı şəxsə məxsus əmlakın icarə əsasında digər şəxslərin istifadəsinə verilməsini nəzərdə tutan müqavilələrin müvafiq qaydada tərtib edilməklə notarial qaydasında təsdiqlənməsi tələbi birbaşa və aydın şəkildə təsbit edimişdir. İddiaçının istinad etdiyi subicarə müqaviləsi məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı üçün bu məcəllənin 329 və 337.1-ci maddələrinin tələblərinə uyğun olaraq əhəmiyyətsizdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi subicarə müqaviləsində iddiaçının istifadə hüququnun üçüncü şəxsə verilməsi səlahiyyətinə dair heç bir müddəanın olmaması ilə yanaşı, ümumiyyətlə icarə obyektinin kimə məxsus olması, iddiaçının həmin əmlak üzrində istifadə hüququnun yaranma əsasının mövcudluğu (əsas icarə müqaviləsinin kimlərin arasında bağlanması, həmin müqavilənin hüquqi əhəmiyyətinin olub-olmaması), iddiaçı ilə subicarə müqaviləsinin səlahiyyətli şəxs tərəfindən və lazımi hüquqi əsaslar (mülkiyyətçi hüquqi şəxsdirsə, aidiyyəti idarəetmə orqanının qərarı; fiziki şəxsdirsə, tələb olunan razılıqlar) olmaqla bağlanması və s. təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları lazımi qədər əsaslandıra bilməmiş və məhkəmədə heç bir hüquqi və sübuti əhəmiyyət olmayan əhəmiyyətsiz əqd əsasında iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı cavabdehdən Məcəllənin tələbləri pozulmaqla bağlanmış və bağlandığı andan etibarən əhəmiyyətsiz olan müqaviləni əsas tutaraq pul tələb edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. Bununla bağlı etirazlarını kabinetlə təqdim etmişdir. Tərəflər arasında müqavilə bağlansa daŞ həmin müqavilə notarial qaydada təsdiqlənməmişdir. Notarial qaydada təsdiqlənməyən əqd etibarlı deyil. İddia tələbi qanunvericiliyə uyğun deyil. Həmçinin, cavabdeh tərəf icarəyə götürdüyü obyektin təmirinə 100 000 manat xərc çəkmişdir. Həmin xərcin əvəzinin isə ödənilməsi müqavilədə nəzərdə tutulmamışdır. Eyni zamanda, icarə müqaviləsi üzrə hər hansı bir ödənişin edilməsinin ona məlum olmadığını bildirdi. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

13. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1499/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 15066.64 manat icarə haqqı borcu, 150 manat cərimə borcu və 135,65 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, tərəflər Cavabdeh arasında xx.xx.2023-cü il tarixli GCO-23-018 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən (iddiaçı) ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 181 kv.m olan qeyri-yaşayış sahəsini, həmçinin orada olan əşya və avadanlıqları icarəçiyə (cavabdehə) verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür.

15. Məhkəmə iddia tələbinin 15066.64 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, cavabdeh tərəf məhkəmə iclasında iştirak etsə də icarə haqqı borcundan ödənişin edilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, bununla bağlı arqument irəli sürməmiş, lakin qeyd edilən icarə obyektinin təmiri üçün xərc çəkdiyini bildirmişdir.

16. Məhkəmə tələbin 1506.66 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 150 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 393, 462.1, 462.3, 467, 700.1, 700.2, 701.1, 705 və 707.1-ci, İcarə haqqında Azərbaycan Respublikası Qanununun 1, 8.1 və 14-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cаvаbdeh Cavabdeh nümayəndəsi Nümayəndə2 həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, subicarə müqaviləsi, müqaviləyə əlavələr, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən hüquqi aktlara əsaslanmamış və qanunvericiliyin tələblərini və maddi hüquq normalarının məzmununu qəsdən və qərəzli şəkildə yanlış təsvir edərək, sadəcə öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir. Bununla da məhkəmə, həm maddi, həm də prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məlum olduğu kimi, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçının nümayəndəsinin məhkəmənin baxış iclasında təqdim etdiyi, "xxxx" MMC ilə aralarında bağlanmış və yuxarıda göstərilən səbəbdən faktiki olaraq heç bir hüquqi əhəmiyyəti olmayan və elə bu səbəbdən də, notariat qaydasında təsdiq edilməmiş və dövlət qeydiyyatına alınmamış “İcarə müqaviləsi”ni ciddi prosessual pozuntuya yol verərək qəbul etmiş və qətnamədə də özünün mötəbər olmayan, qanunsuz mövqeyini əsaslandırmaq üçün istinad mənbəyi kimi istifadə etmişdir. Bu bir daha onu göstərir ki, iddiaçının həmin əmlakı icarəyə vermək hüququ olmamışdır, başqa sözlə, bu hüququn mövcudluğunu təsdiq edən, qanunun tələblərinə uyğun rəsmiləşdirilmiş hər hansı hüquqi əsas (müqavilə və s.) mövcud deyildir. İddiaçının istinad etdiyi “Subicarə” Müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır və bu səbəbdən, Məcəllənin 337.1-ci maddəsinin tələblərinə əsasən etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Məlum olduğu kimi, “Subicarə” müqaviləsi mahiyyətinə görə, icarəçi tərəfindən icarəyə götürülmüş əmlakın üzərindəki istifadə hüququnun müqavilə müddəti ərzində müvəqqəti olaraq üçüncü şəxsə verilməsindən ibarətdir. Daşınmaz əmlakın mülkiyyətçisinin razılığı olmadan bağlanan subicarə müqaviləsi hüquqi baxımdan etibarsızdır. İddiaçının məhkəməyə təqdim etdiyi “Subicarə” müqaviləsində onun istifadə hüququnun müvəqqəti olaraq üçüncü şəxsə verilməsi səlahiyyətinin (subicarə hüququnun) mövcudluğuna dair heç bir müddəanın olmaması ilə yanaşı, ümumiyyətlə “icarə obyektinin” kimə məxsus olması, iddiaçının həmin əmlakdan istifadə hüququnun olubolmaması və istifadə hüququnun müvəqqəti olaraq üçüncü şəxsə verilməsi səlahiyyətini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. “Subicarə” müqaviləsi notariat qaydasında təsdiq edilmədiyi halda, dövlət qeydiyyatına alına bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında aparılır. Hazırkı “Subicarə” müqaviləsinin müddəti on bir aydan artıqdır, lakin notariat qaydasında təsdiq olunmadığından, dövlət qeydiyyatına da alınmamışdır ki, bu da həmin Qanunun göstərilən tələblərinin kobud pozuntusu kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1499/2024 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

28. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

33. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

34. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

35. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

41. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

42. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

43. Maddə 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

44. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

45. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

56. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli qərarı “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”

VI. Apellyasiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2- 2(117)-1499/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

60. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

61. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

62. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir.

63. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

64. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

65. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.

66. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli GCO-23-018 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 181 kv.m olan qeyri-yaşayış sahəsini, həmçinin orada olan əşya və avadanlıqları icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür.

67. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermişdir. İddia tələbləri qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.

68. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilənin notarial qaydada təsdiqlənməməsi təkcə özlüyündə müqavilənin etibarsız olması üçün əsas deyil. İcarə müqaviləsinin notarial qaydada bağlanmaması halı tərəflərin həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərini istisna etmir. Belə ki, iş materiallarından və tərəflərin izahatından da aydın olur ki, tərəflər arasında müqavilənin bağlanması ilə bağlı iradə ifadəsi olmuş, cavabdeh tərəf icarəyə götürdüyü obyekti xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə etmiş və bunun nəticəsində iddiaçı tərəfə müəyyən məbləğdə borcu yaranmışdır.

69. Eyni zamanda İddiaçı MMC ilə Cavabdeh qarşılıqlı surətdə razılığa gələrək xx.xx.2024-cü il tarixində “GCO-23-018, xx.xx.2023-cü il tarixli qeyri-yaşayış sahəsinin subicarəyə verilməsinə dair müqavilənin xitam olunması” barədə Saziş bağlamışdırlar.

70. Apellyasiya şikayətinin dəlilləri hazırkı “Subicarə” müqaviləsinin müddəti on bir aydan artıq olmasına baxmayaraq, notariat qaydasında təsdiq olunmaması və dövlət qeydiyyatına da alınmaması barədədir.

71. Qeyd edilməlidir ki, “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.

72. Qanunun məzmunundan göründüyü kimi, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.

73. Deməli, cavabdeh tərəf icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasında xüsusilə maraqlı olmuşsa o, qanunvericiliyin tələbinə görə müqavilənin qeydiyyatı üçün özü də müraciəıt edə bilərdi. Lakin, cavabdeh tərəf bu hüququndan istifadə etməmişdir.

74. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki müqavilənin notarial qaydada təsdiqlənməməsi tərəflərin onun əsasında yaranmış hüquq və vəzifələrini istisna etməməlidir.

75. Kollegiya eyni zamanda bildirir ki, Mülki Məcəllədə əvvəllər yazılı formada riayət edilməmə ilə bağlı hüquqi nəticələrlə bağlı müddəalar, eyni zamanda, 348-ci maddədə nəzərdə tutulmuş “məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı” ilə bağlı maddə qanundan çıxarılmışdır.

76. Belə olan halda isə müqavilənin notarial qaydada təsdiq edilməməsi özüözlüyündə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, hazırkı vəziyyətdə cavabdeh tərəf özüdə müqavilənin etibarsızlığına əsas ola biləcək halla bağlı qarşı tərəfə hər hansı bir irad və ya etiraz göndərməmiş, əksinə icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi istisna olmaqla bütün öhdəliklərini icra etmiş və aidiyyəti sənədələri imzalamışdır.

77. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.

78. Bundan başqa daşınmaz əmlakın icarəsi ilə bağlı əqdin notariat qaydasında təsdiq edilməsi tərəfin hüququdur və qanunda daşınmaz əmlakla bağlı icarə müqaviləsinin notarial qaydada bağlanamamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı imperativ norması da mövcud deyildir. Tərəf icarə hüququnun daha etibarlı təminatını istəyərsə, həmin müqavilələrin müvafiq formada bağlanmasını tələb edə bilər. Buna riayət edilməmə həmin əqdin etibarsızlığına səbəb olmur. Mübahisə predmeti olan icarə obyekti xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfin istifadəsində olmuş və bunun nəticəsində iddiaçı tərəfə müəyyən məbləğdə borcu yaranmışdır.

79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icarə obyektinin kimə məxsus olmasının araşdırılmaması və iddiaçının həmin əmlakdan istifadə hüququnun və icarəyə vermək səlahiyyətinin olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.

80. Belə ki, iş materiallarına görə, xx.xx.2023-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı MMC arasında NT-23-004 saylı icarə müqaviləsi müqavilə imzalanmışdır.

81. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrinə göstərilən obyektləri icarəçinin idarəetməsinə və icarəsinə verir, icarəçini obyektlərin səlahiyyətli idarəçisi və icarə agenti kimi təyin edir. İcarəçi isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.

82. xx.xx.2023-ci il tarixli, NT-23-004 saylı müqaviləyə 1 nömrəli Əlavədə isə, icarə və idarəetməyə verilən obyektlərin siyahısı və əsas göstəriciləri öz əksini tapmışdır. Həmin Əlavədən görünür ki, ünvan 2 ünvanında yerləşənçoxmərtəbəli yaşayış binasının 181 kv.m olan qeyri-yaşayış sahəsi orada olan əmlak və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermişdir. Həmin əlavənin 2-ci bəndinin tələbinə görə icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarəyə, sub icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla istifadəyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir.

83. Göründüyü kimi, xx.xx.2023-ci il tarixi icarə müqaviləsinə əsasən, mülkiyyətçi tərəfindən hazırki iş üzrə İddiaçı MMC-yə icarə müqaviləsinin predmeti olmuş əmlakı subicarəyə vermək hüququ verilmişdir.

84. Kollegiya daha sonra qeyd edir ki, icarə müqaviləsinin predmeti olmuş əmlakın kimə məxsus olması və ya mülkiyyətçisinin kim olması hazırki mübahisənin predmeti deyildir. Vacib məqam ondan ibarətdir ki, iddiaçının həmin əmlakı icarəyə vermək səlahiyyəti olmuşdur. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.

85. Göründüyü kimi, apellyasiya şikayətinin subicarəyə verilmiş əmlakın dövlət qeydiyyatına alınmaması, tərəflər arasında icarə müqaviləsinin bağlanmaması, iddiaçının əmlakı subicarəyə vermək hüququnun olmamasına dair dəlilləri əsassızdır.

86. Beləliklə də, kollegiya iddia tələbinin 15066.64 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, cavabdeh tərəf məhkəmə iclasında iştirak etsə də icarə haqqı borcundan ödənişin edilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, bununla bağlı arqument irəli sürməmiş, lakin qeyd edilən icarə obyektinin təmiri üçün xərc çəkdiyini bildirmişdir.

87. Tərəflər arasında subicarə müqaviləsinin bağlanmasını cavabdeh tərəf özü də təsdiq edir. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında icarəyə götürdüyü obyektin təmirinə 100 000 manat, kollegiyanın iclasında isə 120.000 manat xərc çəkdiyini bildirmişdir.

88. Kollegiya icarəyə götürülmüş obyektin təmirinə cavabdeh tərəfindən xərc çəkilib çəkilməməsi ilə bağlı qeyd edir ki, obyektin təmiri ilə bağlı məsələ hazırkı mübahisənin predmetini təşkil etmir.

89. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

90. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin nümayəndəsinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

91. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

92. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

93. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

94. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

95. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

96. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1499/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2-2(117)- 1499/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar