Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-42/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlərdən 1610,24 manat əsas borc, 77,93 manat faiz borcu, 259,18 manat cərimə və 240,68 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 2188,03 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair" kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(117)-275/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş apelyasiya şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim M.R.Hüseynov) xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-275/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1610,24 manat əsas borcun və 22,08 manat dövlət rüsumu əvəzinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş 7,92 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən 1610,24 manat əsas borc, 77,93 manat faiz borcu, 259,18 manat cərimə və 240,68 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 2188,03 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, onun tərəfindən yeni müqavilə bağlanılması üçün iddiaçıya müraciət edilsə də, iddiaçı tərəfindən belə müqavilənin bağlanmasına şərait yaradılmamışdır. Odur ki, iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini bildirmiş və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və iş üzrə digər cavabdehlər iştirak etməmişlər. İddiaçının nümayəndəsi A.Nəcəfzadə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2014cü il tarixli kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-275/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbini qismən - əsas borca aid hissədə təmin etmiş, müqavilə üzrə haqlı tələb olunan 77,93 manat faiz, 259,18 manat cərimə və 240,68 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu isə əsassız olaraq təmin etməmişdir. Hesab edir ki, bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirməlidir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1%-i cərimə və vaxtı keçmiş kredit üzrə 44% cərimə ödəyir. Cavabdeh2 tərəfindən imza edilən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub basa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən 77,93 manat faiz borcu və 259,18 manat cərimə tələbi təmin edilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, iddiaçı tərəfindən, əsas və faiz borcundan başqa, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 240,68 manat borcun da tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 240,68 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. İddia tələbinin əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyinin pozulması təşkil edir. İddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən həmin tələb təmin edilməli və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən həmin qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-275/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən cavabdehlərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(117)-275/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ləğvetmə prosesində olan İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixinə kredit borcu üzrə restrukturizasiya məbləği 1610,24 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1610,24 manat əsas borc və 22,08 manat dövlət rüsumunun əvəzi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 7,92 manat məbləği iddiaçının özünə aid edilməsi və iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, iddia tələbinin “pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 77,93 manat faiz, 259,18 manat cərimə və qanunvericiliyinin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5% olmaqla 240,68 manat əlavə faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15 nömrəli kredit müqaviləsinə əsasən, vaxtı keçmiş kredit faizi illik 12%, cərimə isə 1% müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X5 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X4 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Cavabdeh2 aralarında yeni müqavilə bağlanılması üçün iddiaçıya müraciət etsə də, iddiaçı tərəfindən belə müqavilənin bağlanmasına şərait yaradılmadığını bildirmiş və iddiaçı tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh2 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə gəlməsinin arqumentləri ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Şərh olunanlara əsasənməhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilmədən, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 275/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 275/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-42/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-42/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver