Məhkəmə qərarları › İş №2-2(107)-42/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-42/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-42/2022 17.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (açar sözlər: borcun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “3835,62 manat əsas borc, 407 manat faiz borcu, 250 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 544,84 manat faiz borcu olmaqla cəmi 5037,46 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat və 21 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbinə dаir” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)-44/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.08.2015-ci il tarixli 2391 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Sözü gedən kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan müqavilə üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir.

3. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.08.2015-ci il tarixli 2391 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.

4. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 3835,62 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 407 manat faiz borcu, 250 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 544,84 manat faiz məbləği olmaqla cəmi 5037,46 manat kredit borcu olduğunu əsas gətirərək borcun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.

6. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, 2015-ci ildə 5000 manat kredit götürmüşdür. Hazırda 3835,62 manat əsas borcu vardır. Bank bağlandığı üçün ödəniş etməmişdir. Faizlərin silinməsinə köməklik göstərilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi X1 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, birinci instansiya məhkəməsində işə gəlməyən tərəflərin iştirakı olmadan baxmışdır.

8. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 24 fevral 2022-ci il tarixli, e-2-2(117)-44/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 3835,62 manat əsas borc, 100 manat mediasiya xərci və 4,21 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi və Cavabdeh2 işə baxılması ilə əlaqədar ödənilməmiş 49,37 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.08.2015-ci il tarixli 2391 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 3835,62 manat borcu qalmış və cavabdeh məhkəmə iclasında 3835,62 manat borcunun olmasını etiraf etmişdir. Bu səbəbdən həmin borc Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 407 manat faiz borcu, 250 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 544,84 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, ölkə başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Ona görə də iddia tələbi müqavilə müddəti üçün hesablanmış 407 manat faiz borcu, 250 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 544,84 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına istinad edərək həmin nəticəyə gəlmişdir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, zaminlik müqavilələri, bildiriş, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun bütün banklar üzrə, LPO İddiaçı ASC daxil olmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsinin araşdırmasına başlamışdır və fərmanın təsirinə düşüb-düşməyən kreditlərin siyahısının hazırlanmasına başlamışdır. Həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan şəxslərin adlarını müəyyən etmək məqsədi ilə, onlarla yeni müqavilələrin bağlanması üçün ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Razılıq alınandan sonra Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir.

16. Bildirirlər ki, Cavabdeh2 03.08.2015-ci il tarixli, 2391 saylı kredit müqaviləsi restrukturizasiya olunması üçün Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşməmişdir.

17. Lakin, Şəki Kommersiya Məhkəməsi kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşmədiyini nəzərə almamışdır. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edirik ki, qeyd olunan kredit müqaviləsi Fərmanıntəsir dairəsinə düşmədiyi halda kredit müqaviləsinin şərtlərinə uyğun olaraq tələb olunan faiz və cərimə borclarının məhkəmələr tərəfindən silinməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

18. Hal-hazırda Əmanətlərin Sığortalanması Fonduna ləğv prosesində olan İddiaçı ASC-nin 28.02.2019-cu il tarixli fərmanın təsirinə düşən müştərilə telefon və poçt vasitəsi ilə borcların restukturizasiyasına dəvət edir, ərizələr qəbul edir və yeni müqavilərər bağlayır. Həmin müqavilərdə fərmana uyğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə, 1% olmağla olmağla restruktirasiya olunur. Müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin fərmanın heç bir maddələrində fərmanın təsirinə düşən müqavilərinin məhkəmələr tərəfindən restrukturizasıya olunmayan kredit müqavilərinin faiz, cərimə və (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış əbləğ borclarının silinməsi səlahiyətləri verilməyib.

19. Məhkəmə şübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

20. Аpellyаsiyа məhkəməsinin iclаsındа Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)- 44/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Maddə 739.2 Borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Maddə 477.0.4 Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)-44/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı ASCnin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.08.2015-ci il tarixli 2391 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 3835,62 manat borcu qalmış və cavabdeh məhkəmə iclasında 3835,62 manat borcunun olmasını etiraf etmişdir. Bu səbəbdən həmin borc Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

29. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 407 manat faiz borcu, 250 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 544,84 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

30. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır.

32. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.

33. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.

34. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

35. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

36. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur.

37. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz.

38. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 407 manat faiz borcu, 250 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 544,84 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.

43. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin 2.1-ci bəndindən müəyyən edilmişdir ki, müqavilə üzrə bank 36 ay müddətinə qaytarmaq şərtilə borcalan Cavabdeh2 5000 manat məbləğində krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 5.11-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu, cərimə faizləri və dəbbə pulu tam ödənildikdən sonra öz qüvvəsini itirir.

44. 03.08.2015-ci il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən bu müqavilə borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. 4.7-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edildikdən sonra bu müqavilə öz qüvvəsini itirir.

45. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh2 arasında 03.08.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 03.08.2015-ci il tarixdən etibarən kredit müqaviləsinin müddəti 03.08.2018-ci il tarixdə bitmişdir.

46. Eyni zamanda 03.08.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, müqaviləsinin 4.2-ci bəndində müqavilənin borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşməsinə dair müqavilə şərti qeyrimüəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur.

47. Mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biridə tərəflərin intizamlandırılmasına yönəlib. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətilərin mövcud oldğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir.

48. Qanunun tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.....

49. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 03.08.2018-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 03.08.2019-cu il tarixdə bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə 24.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək zaminlərə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. (Mülki Məcəllənin 477.0.4-cü maddəsi).

50. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

52. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

53. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

56. Apellyasiya baxışı zamanı mübahisələndirilən məbləğ on min manatdan az olduğundan məhkəmə kollegiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilməsi istisna olunur.

57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)-44/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2-2(117)- 44/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar