Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-42/2023 18.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə Cavabdeh2(bundan sonra- borcalan) arasında 13 mart 2020-ci il tarixli, TM- 190/20 nömrəli kredit müqaviləsi bağlanmış və borcalana 31 dekabr 2020-ci il tarixədək illik 8,5 % dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixli, ZT-190/20 nömrəli zaminlik müqaviləsi bağlanmış və 13 mart 2020-ci il tarixli, TM-190/20 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən 13 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 13.007,89 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 654,19 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 13.007,89 manat əsas borc və 2.052 manat faiz borcu olmaqla, cəmi 15.060 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Öhdəliyin icrası üçün zamin də borcalanla birlikdə məsuliyyət daşıyır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-53/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 13.007,89 manat əsas borc, 495,93 manat faiz borcu və 186,03 manat medasiya xərcinin tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, cavabdehdən ödənilməmiş 135,18 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə 15.000 manat kredit məbləğini borcalana versə də, sonuncu əsas kredit məbləğindən cəmi 1.992,11 manat ödəniş etmiş, nəticədə 13.007,89 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbində qeyd etdiyi 13.007,89 manat əsas kredit məbləği əsas borclu olan Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 2.052 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən iddiaçı kredit təşkilatı tərəfindən cavabdehə 15.000 manat kredit illik 8,5 %-lə verildiyindən, sonuncu tərəfindən faiz üzrə iddiaçı təşkilata cəmi 1.275 manat (15.000x8,5/100) pul ödənilməlidir. Kredit üzrə xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən faiz borcu üzrə 779,07 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin faiz borcu üzrə ödənilməmiş cəmi 495,93 manat (1.275-779,07) borcu qalmışdır ki, həmin məbləğdə faiz borcu əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsinə barədə məlumata münasibətdə qeyd edir ki, həmin məlumatın faiz borcu hissəsində ödənilmiş məbləğ 779,07 manat, qalıq məbləğ 654,19 manat qeyd olunmasına baxmayaraq iddiaçı 2.052 manat faiz borcu tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi kredit müqaviləsinə əsasən ümumilikdə 1.275 manat faiz borcu ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı tərəfindən iddia ərizəsində müqaviləyə istinadən faiz borcunun hesablandığı iddia edilir ki, müəyyən olunduğu kimi əsas borclu olan cavabdeh tərəfindən müqavilə müddətində ödənilməli olan faiz borcu 1.275 manat təşkil edir və sonuncu bu borcdan 779,07 manat hissəsi ödənilmişdir. Eyni zamanda məhkəmə tələb olunan borcun zamin Cavabdeh1 da tutularaq ödənilməsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2020-ci il tarixli, TM-190/20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkli iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2020-ci il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 449, 477.0.4, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilməyən hissəsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC-nin Şəki filialı ilə fərdi sahibkar Cavabdeh2 arasında xx.xx.2020 cu il tarixli TM-190/20 saylı Kredit Müqaviləsinin 4-cü bəndində borcalanın məsuliyyəti və cərimələr nəzərdə tutulmuşdur. Belə ki, sözügedən müqavilənin 4.6-cı bəndinə görə Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizlərin üzərinə 10 faiz əlavə cərimə faizi ödəyir. Şübhəsiz ki, əsas borcun gecikdirilməsi müqavilə müddəti ərzində baş vermişdir. Eyni zamanda müqavilənin icra müddətindən sonra da iddiaçı tərəfindən mülki qanunvericiliyin ( Mülki Məcəllənin 445.7- ci və 449.1- ci maddələri) tələblərinə uyğun olaraq borclunun gecikdirilmiş əsas borcuna faizlər hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin faiz borcu üzrə ödənilməmiş cəmi 495,93 manat(1275- 779,07) manat borcu qalmışdır ki, həmin məbləğ də borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə bir qənaətə gələrkən məhkəmə borcun hesablanması ilə bağlı heç bir ekspertiza təyin etməmiş və faizləri özü bildiyi kimi hesablayaraq azaltmışdır. İddiaçının nümayəndəsi tərəfindən faizlərin hesablanmasına aydınlıq gətirilməsi ilə bağlı verilmiş vəsatət məhkəmə tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxıb qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Mülki Məcəllənin 405.1.-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdeh müqavilə müddəti ərzində əsas borcun ödənilməsini gecikdirmişdir. Cavabdehlə bağlanmış xx.xx.2020-ci il tarixli, TM-190/20 Kredit Müqaviləsinin 4-cü bəndində borcalanın məsuliyyəti və cərimələr nəzərdə tutulmuşdur. Belə ki, sözügedən müqavilənin 4.6-cı bəndinə görə Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizlərin üzərinə 10 faiz əlavə cərimə faizi ödəyir. Həmin faizlərin hesablanmasını məhkəmə nəzərə almamışdır. Cavabdeh1lə İddiaçı QSC-nin Şəki filialı arasında bağlanmış 13 mart 2020-ci il tarixli Zaminlik müqaviləsinin mühüm şərtlərindən biri də həmin müqavilənin 1.1-ci bəndində öz əksini tapmışdır. Zaminlik Müqaviləsinin 1.1-ci bəndində göstərilir ki, Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, TM190/20 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 15.000 manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Daha sonra zaminlə bağlanmış müqavilənin mühüm şərtlərindən biri də müqavilənin 2.3-cü bəndində göstərilib. 2.3-cü bənddə göstərilir ki, bu müqavilə ilə təmin öhdəliyin icra müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 13 mart 2020- cİ il tarixli TM-190/20 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədəkdir. Bundan başqa Zaminlik müqaviləsinin 4.1-ci bəndində yenə də Zaminin Kredit Təşkilatı qarşısında öhdəliyi təsbit olunub. Müqavilənin həmin bəndində göstərilir ki, Borcalan zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən KreditTəşkilatının ilk tələbi ilə, heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər bank hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Yuxarıda qeyd edilən zaminlik müqaviləsinin mühüm şərtlərindən də göründüyü kimi zamin olaraq Cavabdeh1 Kredit Təşkilatı ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasınadək Kredit Təşkilatı qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Yəni Cavabdeh1 iddiaçı təşkilat qarşısında məsuliyyəti borc öhdəliyinin tam icrasınadək müəyyənləşmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndələri Nümayəndə2 və Pərviz Məmmədov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə dəlillərinə uyğun izahat vermişdirlər. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmişdirlər və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdirlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçının iddiası Cavabdeh2 münasibətdə qismən təmin edilsə də, o, qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı tərəfindən şikayətində iddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirildiyindən Məhkəmə qətnamənin həmin hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0 və 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə müəyyən edir ki, Cavabdeh2 iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri var və onlar bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. İddiaçının mövqeyinə görə, məhkəmə faiz borcunun hesablanması ilə bağlı heç bir ekspertiza təyin etməmiş və faizləri özü bildiyi kimi hesablayaraq azaltmışdır. Məhkəmə bu dəlilin araşdırılması və işin obyektiv həllinin təmin edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 9/4279 nömrəli ekspert rəyindən görünür ki, 13 mart 2020-ci il tarixli, TM-190/20 saylı kredit müqaviləsinin müddətinin birtdiyi xx.xx.2020-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 13.007,89 manat, faiz borcu isə 16,81 manat təşkil edir. İddiaçı birinci instansiya məhkəməsinin 495,93 manat faiz borcunun tutulması qənəti ilə razılaşmasa da, ekspert rəyi ilə müəyyən olunur ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcu 16,81 manatdır. Beləliklə, müəyyən edilir ki, iddia ərizəsində tələb olunan və birinci instansiya məhkəməsinin tutulmasını qət etdiyi faiz borcu məbləği ekspert rəyinin müəyyən etdiyi faiz borcu məbləğindən çox olsa da, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir. İddiaçı isə qətnaməni iddia ərizəsində tələb olunan məbləğdən daha az məbləğin tutulmasının əsassız olduğu qənaətinə əsasən mübahisələndirdiyindən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Apellyasiya şikayətinin dəlillərindən biri də odur ki, məhkəmə zamin olan digər Cavabdeh1 münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh1 iddiaçı kredit təşkilatı qarşısında məsuliyyəti borc öhdəliyinin tam icrasınadək müəyyənləşmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildiririr ki, iddiaçı ilə zamin Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixli, ZT-190/20 nömrəli zaminlik müqaviləsinin “müqavilənin qüvvədə olma müddəti” adlanan 6-cı bəndində qeyd olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2020-ci il tarixli, TM-190/20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin müqavilənin 2.3-cü bəndində isə qeyd olunur ki, bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti borcalanın kredit təşkilatı qarşısında 13 mart 2020-ci il tarixli, TM-190/20 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Məhkəmə hesab edir ki, müqavilədə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir: - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi. Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırkı halda zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi hazırki kredit öhdəliyinin icrası vaxtı (kredit müqaviləsi 13 mart 2020-ci il tarixində 31 dekabr 2020-ci il tarixinədək bağlanmışdır) xx.xx.2020-ci il tarixində başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə 20 dekabr 2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı zaminə qarşı xx.xx.2021-ci il tarixə qədər hazırkı iddia ilə müraciət etməli olduğu halda, təxminən 1(bir) il keçdikdən sonra müraciət etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, ekspertiza xərci- 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci- 100(bir yüz) manat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-42/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-42/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver