Məhkəmə qərarları › İş №2-2(107)-43/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-43/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-43/2020 22.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(117)-327/2020 nömrəli qərardadından iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “2498,84 manat əsas borc, 32,34 manat faiz, 524,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 414,96 manat məbləğ olmaqla, cəmi 3770,23 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Mican kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(117)-327/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in Cavabdeh qarşı “2498,84 manat əsas borc, 32,34 manat faiz, 524,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 414,96 manat məbləğ olmaqla, cəmi 3770,23 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Mican kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(117)-327/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC şikayət verərək qərardadın ləğv edilərək Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinə əsasən hüquqi varisi müəyyən olunanadək icraatın dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə icraat qanunvericilikdə göstərilmiş vərəsə müəyyən olunanadək dayandırılmalıdır. Belə ki, MPM-in 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Göstərilənləri nəzərə alaraq qərardadın ləğv edilməsini və hüquqi varis müəyyən edilənədək iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-327/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş, mərhum Cavabdeh ailə üzvlərindən heç kəs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(117)-327/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, pretenziya məktubu, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Belə ki, Cavabdeh arvadı X4 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatət və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, cavabdeh 2018-ci ildə öldüyündən mübahisənin məhkəməyə qədər nizama salınması, habelə iddia ərizəsinin çatdırılması barədə sübut kimi məhkəməyə təqdim edilmiş qəbzlərdəki imzalar da ona məxsus deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdeh tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən, habelə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri mümkündür. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd olunan normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Kollegiya hesab edir ki, istinad olunan Mülki Prosessual qanunvericiliyin 58 və 254-cü maddələri yalnız işin məhkəmə icraatı zamanı tərəflərdən birinin sıradan çıxmasını halını nəzərdə tutur. İşdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə bundan təqribən 2 il 7 ay əvvəl - xx.xx.2018-ci il tarixdə ölmüşdür ki, iddiaçının cavabdehin ölməsindən məlumatı olmuşdur. Belə ki, cavabdehin arvadı olmuş X4 tərəfindən məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin bildirişindən və Elektron Məhkəmə İnformasıiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı ASC-in ləğvedicisi X1rşı “öhdəliyin icrasına xitam verilməsi, ipoteka müqaviləsiin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” tələbinə dair iddiası həmin məhkəmənin icraatında olmaqla işin məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə, məhkəmə baxış iclasları isə müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı ləğvedicisinə qarşı irəli sürülmüş iddia tələbindən məlumatlı olduğu halda, ölmüş şəxsə qarşı xx.xx.2020-ci il tarixdə iddia irəli sürməkdə haqlı olmamış və məhkəmə, məhkəməyə müraciət edilməzdən öncə sıradan çıxmış tərəfə münasibətdə MPM-in 58 və 254-cü maddələrinin tələblərinin tətbiqi vəzifəsi daşımır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının diqqətinə çatdırılmışdır ki, prosessual hüquq varisi və vərəsə anlayışları müxtəlif mənaya və müxtəlif hüquqi nəticələrə malik ifadələrdir. Ölmüş şəxsin mirasını qəbul etmiş şəxs vərəsə sayılır ki, miras qoyanın passivləri də mirasın kütləsinə daxildir. Prosessual hüquq varisi isə ölmüş şəxsin vərəsə olmayan ailə üzvlərindən istənilən şəxs ola bilər ki, mirası qəbul etməmiş prosessual hüquq varisindən ölmüş şəxsin öhdəliklərinə görə ondan öhdəliyin icrasını tələb etmək olmaz. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ləğvedicisinə qarşı irəli sürülmüş məhkəmə mübahisəsinin nəticəsindən asılı olaraq hazırkı iş üzrə xx.xx.2018-ci il tarixdə ölmüş Cavabdeh vərəsəsinə qarşı MPM-in 150.0.4 və 150.0.7-ci maddələrinin tələblərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilməsini qeyd etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(117)- 327/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar