Məhkəmə qərarları › İş №2-2(107)-44/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-44/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-44/2022 11.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 oğluna və qeyrilərinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əhmədova(Alməmmədova) Aysel Akif qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 01 mart 2022-ci il tаrixli qətnaməsindən iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" İKB ASC ilə cavabdehlər Cavabdeh1 (bundan sonra- borcalan), Cavabdeh2 və X2 arasında 31 oktyabr 2014-cü il tarixli, 5-MZ2-4-0-3678-14 nömrəli “Bank hesab, kredit və zaminlik” müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 7.650 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh2 və A.Alməmmədova borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. "xxxx" İKB ASC ilə cavabdehlər arasında 28.04.2015-ci il tarixdə bağlanmış Əlavə müqavilələrə əsasən 31.10.2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişiklik edilərək, kredit müddəti 36 ay, kreditin illik faiz dərəcəsi isə 26% müəyyən edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarış ilə müəyyən olunur ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən 31.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın 17.01.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1943,35 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcu 2607,28 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 1063,88 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 611,8 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas kredit borcunun ödənilməsi məqsədilə 1943,35 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2607,28 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1063,88 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 611,8 ABŞ dolları olmaqla, cəmi 6226,31 ABŞ dolları borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalanın kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli nömrəli Fərmanına əsasən 2896,97 ABŞ dolları azaldılmışdır. Bundan başqa borcalana və zaminlərə kredit borcunun restrukturuzasiya edilməsi ilə bağlı sms məlumat göndərilmiş və onlar banka dəvət edilmişlər. Lakin onların banka gəlməməsi səbəbindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Borcalan və zaminlər “Bank, hesab və zaminlik müqaviləsi” üzrə Bank qarşısında olan öhdəliklərini icra etməmiş, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə onların 17.01.2022-ci il tarixə Banka 1.943,35 ABŞ dolları məbləğində əsas borcu, 2.607,28 ABŞ dolları məbləğində əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə, ödənişin gecikdirilməsinə görə cavabdehlərə 1.063,88 ABŞ dolları məbləğində cərimə (dəbbə) tətbiq etmişdir. Bundan başqa, cavabdehlər kredit müddətinin bitmə tarixindən 17.01.2022-ci il tarixə kimi öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə onlara illik 5 faiz dərəcəsi ilə 611,8 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-39/2022 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, borcalandan Bankın xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə 1.943,35 ABŞ dolları məbləğində əsas borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, ekspertiza xərcinin dəyəri olan 150 manat pulun 75 manatının borcalandan, 75 manatının isə Bankdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, borcalandan Bankın xeyrinə 31.10.2014-cü il tarixli, 5-MZ2-4-0-3678-14 nömrəli kredit müqaviləsi üzrə 1.943,35 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında (bundan sonra - Fərman) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu, əldən çıxmış fayda və cərimə hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin, borcun cavabdehlər olan zaminlərdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, əsas öhdəliyin icrası müddəti 31.10.2017-ci ildə bitmişdir. Zaminlik müqaviləsinin müddəti həmin tarixdən bir il keçdikdən sonra, yəni 31.10.2018-ci il tarixdə bitmişdir. Bank isə 12.06.2020-ci il tarixdə həm borcalana, həm də zaminlərə qarşı tələbini irəli sürmüşdür ki, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti pozmuşdur. Zaminliyə xitam verildiyindən iddia tələbi cavabdeh olan zaminlərə münasibətdə təmin edilə bilməz. Məhkəmə mövqeyini Fərmanın 3, 5, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı Bank apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə dair ərizə verərək birinci instansiyası məhkəməsinin qətnamənin qismən, - iddianın əsas borcluya münasibətdə təmin olunmayan faiz borcu, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu və cərimə borcu hissəsinin ləğv olunmasını və iddia tələbinin əsas borcluya münasibətdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi Fərmanın tələblərini nəzərə almayaraq kredit müqaviləsi üzrə olan faiz və cərimə borclarını əsassız olaraq silmişdir. Belə ki, Fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq faizlərin silinməsi məsələsinin banklara tövsiyyə edilməsi qeyd edilmişdir ki, bu da imperativ xarakter daşımamışdır. Faiz borcunun və dəbbə pulunun silinməsi o zaman tətbiq oluna bilərdi ki, borclunun vaxtı keçmiş kredit borcu restrukturizasiya olunsun. Kredit borcunun restrukturizasiya olunması 31.12.2019-cu il tarixədək mümkün olduğundan faizin silinməsi mümkünlüyü də aradan qalxmışdır. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o həm də mülki hüquqi məsuliyyət tədbiridir. Dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditorun ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Birinci instansiya məhkəməsi iddia tələbinin dəbbə puluna aid hissəsini də rədd etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Gecikdirilmiş vaxt üçün faiz tələbinin məlum Fərmana heç bir aidiyyəti olmasa da, birinci instansiya məhkəməsi heç bir əsas olmadan bu hissədə də iddia tələbini rədd etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir və pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi Mirumud Seyidov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdirlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin olunsa da, iş üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayətini iddiaçı Bank vermişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı Bank, birinci instansiyası məhkəməsinin iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin yalnız iddiaçı Banka münasibətdə və mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM)

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Fərmanda, onun qəbul edilməsində məqsədin baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Restrukturizasiyanın özü əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə Fərmanın ayrı-ayrı bəndlərində qeyd olunmuşdur ki, ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir (Fərmanın 2-ci bəndi). Fərmanla banklara həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görlməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsi tövsiyyə olunmuşdur (Fərmanın 3.2, 6.3-cü bəndləri). Məhkəmə hesab edir ki, borcalanla restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamalı olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə və penya) silinməsi başa düşülür (Fərmanın 8.9-cu bəndi). Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borcu tələb edə bilərlər. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçı Bankın Cavabdeh1 qarşı əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2.607,28 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.063,88 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 611,8 ABŞ dolları olmaqla, cəmi 4.282,96 ABŞ dolları borcun tutulması barədə iddia tələbi əsassızdır. Birinci instansiyası məhkəməsi bu hissədə iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin müzakirə olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2022ci il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar