Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-46/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-531/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “13425,13 manat icarə haqqı, 1342,13 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat dövlət rüsumu olmaqla cəmi 19797,26 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda elektron kabinet vasitəsilə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Xalq Bank”ın Zaqatala filialında VÖEN –********** Kod– 54216 olan m/h AZ24NABZ0135 **********7944 S.W.İ.F.T.: NAJCAZ22 h/n: AZ57HAJCNCRAZ**********002 bank hesabındakı pul vəsaitlərinin üzərinə 19797,26 manat həddində həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2020-ci il tarixli e-2- 2(117)-531/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “13425,13 manat icarə haqqı, 1342,13 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat dövlət rüsumu olmaqla cəmi 19797,26 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı MMCnin iddianın təmin tədbiri görülməsinə dair ərizəsi rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-531/2020 nömrəli qərardadından iddiaçı «İddiaçı” MMC şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə araşdırmasının davamlılığını və iş üzrə çıxarılacaq qətnamənin icrasını təmin etmək üçün cavabdehə məxsus bank hesabının üzərinə həbs qoyulması zəruridir. Bank hesabında pulun olub-olmaması bank sirri olduğundan bu məlumatın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi mümkün deyil. Bu məlumatlar məhkəmə qərardadı ilə tələb edilə bilər. Bundan əlavə bank hesabının üzərinə həbs qoyulması cavabdeh tərəfindən işçilərinin əmək haqlarının verilməsinə maneə yaratmadan həyata keçirilə bilər. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-531/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı «İddiaçı” MMC və cavabdeh “xxxx” MMC nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-531/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddianı təmin etmə tədbiri olaraq cavabdehin “Xalq Bank”ın Zaqatala filialında olan hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulmasını xahiş etsə də, cavabdehin qeyd olunan bank hesabının aktiv olub-olmaması, bank hesabında pul vəsaiti və digər sərvətlərinin olmasını təsdiq edən sübutları ərizəsinə əlavə etməmiş, bu hal iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin həbs qoyulması tələb edilən bank hesabının aktiv olması, hesabda iddia tələbinin həcmi qədər pul vəsaitinin olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görəbilər. 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. 158.3-cü maddəsinə əsasən, birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak üzərinə həbs qoyulur. 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək üçün məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə mülki prosessual qanunvericilikdə müəyyən edilmiş ardıcıllıqla həbs qoyula bilər. İşdən görünür ki, iddiaçı iddianı təmin etmə tədbiri olaraq cavabdehin “Xalq Bank”ın Zaqatala filialında olan hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulmasını xahiş etsə də, cavabdehin qeyd olunan bank hesabının aktiv olub-olmaması, bank hesabında pul vəsaiti və digər sərvətlərinin olmasını təsdiq edən sübutları ərizəsinə əlavə etməmiş, bu hal iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)- 531/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-46/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-46/2020
07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver