Məhkəmə qərarları › İş №2-2(107)-46/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-46/2022

24.05.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-46/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı iş üzrə (açar sözlər: torpaq sahəsinin icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(117)-157/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Mingəçevir şəhərində yerləşən 0,0058 ha məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla sonuncunun mülkiyyət hüquqları 09.12.2010ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı ******* nömrəli çıxarış verilmişdir.

2. İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlık fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla vergi orqanında qeydiyyatdadır. VÖEN **********

3. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə bitişik Mİngəçevir bələdiyyəsinin mülkiyyətində olan 0,0241 ha torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş, sonuncu bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitələri həyata keçirildiyini bildirmişdir.

4. İddiaçı bununla bağlı X1 X2 Agentliyinə müraciət etmiş, sonuncu 24.05.2021-ci il tarixli məktubla qanunvericiliyin tələblərini iddiaçıya izah edərək bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitələri həyata keçirildiyini bildirmişdir.

5. Bələdiyyə və X1 X2 Agentliyi ilə razılaşmayan iddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha (15.65 m x 15.4m) olan köməkçi torpaq sahəsinin qanuni qaydada onun icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxardılmasını xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, DTXK-nin Mingəçevir Şəhər Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ona Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yaşayış məntəqələri torpaqlarından 0,0058 ha torpaq sahəsi satılmış və 25.10.2010-cu il tarixli 06 nömrəli DTXK tərəfindən verilən şəhadətnamə əsasında həmin torpaq sahəsinə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsində 09.12.2010-cu ildə qeydə alınmaqla adına MA seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə orada maşın təmiri sexi işlədir. Mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,0058 ha olsa da, həmin ərazinin qarşısında yerləşən eni və uzunu 15,65 m x 15,4 m (0,0241 ha) olan torpaq sahəsini hasara alaraq oradan köməkçi sahə kimi istifadə etməkdədir. Həmin ərazidə fəaliyyət göstərən maşın təmiri sexinin səmərəli fəaliyyəti və maşınların həmin ərazidə normal işləyişinin təmin edilməsi üçün ona məxsus torpaq sahəsinin qarşısında olan yuxarıda qeyd etdiyi 0,0241 ha torpaq sahəsinin qanuni şəkildə onun istifadəsinə və icarəsinə verilməsi zərurəti yaranmışdır. Belə ki, bu bir sahibkar kimi həm onun fəaliyyətinə mübət təsir edəcək, həm də vergilərin verilməsinə və artımına müsbət təsir edərək maşın sexinin normal fəaliyyəti üçün daha yaxşı şərait yaradacaqdır. Hazırda xüsusi mülkiyyətimdə olan torpaq sahəsinə bitişik olan həmin ərazi onun faktiki istifadəsində və sahibliyindədir, ora heç kimin iddiası yoxdur. Bununla bağlı Mingəçevir Bələdiyyəsinə müraciət edərək sahibkarlıq fəaliyyətimin səmərəliliyinin artırılması məqsədilə mənə məxsus 0.0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha (15,65 m x 15,4 m) olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə və istifadəsinə verilməsinə köməklik edilməsini xahiş etmişdir. Mingəçevir Bələdiyyəsi ərizəsinə 25.05.2021-ci il tarixli 1178 saylı məktubla cavab verərək bildirmişdir ki, bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hərraca və ya müsabiqəyə torpaq sahəsi hərraca çıxarılarsa hərracda iştirak edə bilər. Həmin cavab onu qane etmədiyindən təkrarən Mingəçevir Bələdiyyəsinə müraciət edərək izah etmişdir ki, 25.05.2021-ci il tarixli məktub ərizəsinə cavab olaraq yox, ümumi sözlərlə ərizəsində göstərdikləriylə əlaqəsi olmayan şablon bir cavabdır. Mingəçevir Bələdiyyəsi isə təkrarən ona eyni məzmunlu cavab vermiş, iİlkin mediasiya zamanı da razışlaşma əldə edilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Bu cavabla razı deyil. Mingəçevir Bələdiyyəsi həmin Qanuna edilmiş əlavəyə diqqət etmədən ona belə bir cavab vermişdir. Mülkiyyətində olan torpaq sahəsinə bitişik sahənin icarəyə verilməsi açıq torpaq hərracları və ya müsabiqələrinin mövzusu ola bilməz. Həmin yardımçı torpaq sahəsinin hərracdankənar onun icarəsinə verilməsi üçün qanuni hər hansı bir maneə yoxdur. İmtina əsassız olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Bələdiyyədən ona şəhərin hər hansı bir yerində torpaq ayrılması, satılması və ya icarəyə verilməsini istəmir, sadəcə olaraq işlətdiyi avtoservisin qarşısında olan və avtoservislə birlikdə hasarlanan avtoservisə gələn maşınların ana yola maneə törətmədən hərəkəti üçün xidmət göstərən xidməti torpaq sahəsi olan köməkçi ərazidir və avtoservisin normal fəaliyyəti üçün istifadəsində və sahibliyində olan, heç bir fiziki və ya hüquqi şəxsin mənafeyinə toxunmayan yardımçı sahədir. Qeyd olunan səbəbdən ona məxsus avtoservisin yerləşdiyi torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan torpaq sahəsinin icarəsinə və istifadəsinə vermək torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyətçisi olan Mingəçevir Bələdiyyəsinin vəzifəsidir.

7. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

8. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mülkiyyətində olan torpaq sahəsinin ətrafında hasarlanmış ərazidə bələdiyyə torpağı vardır. Həmin torpağın icarəyə alınması üçün bələdiyyəyə müraciət etmişdir. Bildirmişlər ki, həmin torpaq hərrac vasitəsi ilə satıla bilər. Hesab edir ki, o torpaq yalnız ona icarəyə bilər. Bələdiyyə onu çox incidir.

9. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

10. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 29 mart 2022-ci il tarixli, e-2-2(117)-157/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmiş və İddiaçı ödənilməmiş 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bələdiyyəyə məxsus torpaq sahəsini hasara alması və ondan istifadə etməsi ona bu torpaq sahəsi üzərində hər hansı üstünlük hüququ vermir və bu hal ona iddia olunan torpaq sahsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməli olmasını şərtləndirmir.

12. Belə ki, qeyd olunduğu kimi Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1-ci maddəsində torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməsinin istisnası nəzərdə tutulmuş və iddiaçının iddia etdiyi hala uyğun qanunvericiliyin tənzimləməsi mövcud deyildir.

13. İddiaçı Mingəçevir Bələdiyyəsinin Qanuna edilmiş əlavəyə diqqət etmədiyi və ona imtina edildiyini bildirsə də, iddia ərizəsində və məhkəmə iclasında həmin əlavənin nədən ibarət olmasını əsaslandıra bilməmiş və sonuncunun bu iddia dəlilləri qanuna söykənməyən dəlillərdir.

14. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Sxem və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Məhkəmənin sözügedən qətnaməsini ədalətsiz və qanunsuz hesab edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddia tələbini təmin etməmişdir: - Bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyənin müstəsna səlahiyyətidir. - Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən yalnız hərrac vasitəsilə satıla və ya icarəyə verilə bilər. - İddiaçının mübahisə predmeti olan torpaq sahəsini mülkiyyətimdə olan torpaq sahəsinə bitişik olması və bu səbəbdən hərracdankənar qaydada mənim icarəmə verilibverilməməsi səlahiyyəti mülkiyyətçi olan bələdiyyəyə məxsus olmaqla, bələdiyyə həmin torpaq sahəsinin icarəyə verilməsinə məcbur edilə və bələdiyyənin üzərinə belə bir öhdəlik qoyula bilməz. - Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1-ci maddəsində torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməsinin istisnası nəzərdə tutulmuş və iddiaçının iddia etdiyi hala uyğun qanunvericiliyin tənzimləməsi mövcud deyildir. İddiaçı Mingəçevir bələdiyyəsinin Qanuna edilmiş əlavəyə diqqət etmədiyi və ona imtina edildiyini bildirsə də, iddia ərizəsində və məhkəmə iclasında həmin əlavənin nədən ibarət olmasını əsaslandıra bilməmiş və sonuncunun bu iddia dəlilləri qanuna söykənməyən dəlillərdir.

17. Bundan başqa Məhkəmənin ondan 50 manat alınaraq dövlət rüsum tutulması barədə qərarı doğru deyildir. O, 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.11-ci maddəsinə əsasən dövlət rüsumunun 50 manat hissəsini ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Deməli ödənilməli olan rüsum 100 manat tam olaraq məhkəmə tərəfindən qəbul edilmişdir və əgər iddia tələbi rədd edilmişsə, o zaman rüsum ona aid edilməli idi. Məhkəmə dövlət rüsumunun 50 manat hissəsini ödənilməmiş qəbul etmişdirsə, o zaman iddianı niyə icraata qəbul edirdi... Qətnamə bu hissədə də qanunsuzdur.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Mingəçevir Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

23. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu:

Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (....) 4.0.4. Bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (....) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. (....) 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. (....) 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (....) 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (....) 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. (....) 19.4. Torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(117)-157/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyənin müstəsna səlahiyyətidir.

27. Səalhiyyətini həyata keçirən bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul etdikdən sonra qanunvericliyə uyğun hərrac təşkil edilir və hərracın qalibi ilə müvafiq icarə haqqı müəyyənləşdirilməklə tərəflərin qarşılıqlı razılıqlarına əsasən icarə müqaviləsi bağlanılır. Yəni bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən yalnız hərrac vasitəsilə satıla və ya icarəyə verilə bilər.

28. Bundan başqa iddiaçının mübahisə predmeti olan torpaq sahəsini onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olması və bu səbəbdən hərracdankənar qaydada onun icarəsinə verilməli olması barədə iddia dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bələdiyyə mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmaqla öz mükiyyəti üzərində sərəncam vermək hüququna malikdir. Yəni mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilib-verilməməsi səlahiyyəti mülkiyyətçi olan bələdiyyəyə məxsus olmaqla, sonuncu həmin torpaq sahəsinin icarəyə verilməsinə məcbur edilə və bələdiyyənin üzərinə belə bir öhdəlik qoyula bilməz.

29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Bundan başqa iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həcmi 0,0058 ha olsa da özünün bildirməsinə görə bələdiyyə mülkiyyətinə aid olan 0,0241 ha torpaq sahəsini hüquqi əsas olmadan hasara alaraq istifadə edir.

31. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının bələdiyyəyə məxsus torpaq sahəsini hasara alması və ondan istifadə etməsi ona bu torpaq sahəsi üzərində hər hansı üstünlük hüququ vermir və bu hal ona iddia olunan torpaq sahsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməli olmasını şərtləndirmir.

32. Belə ki, qeyd olunduğu kimi Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1-ci maddəsində torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməsinin istisnası nəzərdə tutulmuş və iddiaçının iddia etdiyi hala uyğun qanunvericiliyin tənzimləməsi mövcud deyildir.

33. İddiaçı Mingəçevir bələdiyyəsinin Qanuna edilmiş əlavəyə diqqət etmədiyi və ona imtina edildiyini bildirsə də, iddia ərizəsində və məhkəmə iclasında həmin əlavənin nədən ibarət olmasını əsaslandıra bilməmiş və sonuncunun bu iddia dəlilləri qanuna söykənməyən dəlillərdir.

34. Bunlardan başqa iddiaçı eyni zamanda iddia olunan torpaq sahəsinin köməkçi sahəsi olduğunu iddia edir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həcmi 0,0058 ha təşkil etdiyi halda iddia olunan torpaq sahəsinin həcmi onun mülkiyyətində olan torpaq sahəsindən bir necə dəfə artıq olmaqla 0,0241 ha təşkil edir.

35. İddianın rədd edilməsinin əsasını təşkil edən yuxarıda qeyd edilən səbəblər bələdiyyə tərəfindən də iddiaçıya izah edilmiş və bununla razılaşmadığından o, məhkəməyə müraciət etməli olmuşdur.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı və s. mülki qanunvericiliyinin prinsipləridir. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

37. Hazırkı halda göstərilən hallar baş verməmişdir.

38. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumunun 50 manat hissəsini ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin, iddia rədd edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumunun ödənilməmiş 50 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

39. İcraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.

41. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

43. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

44. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

45. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

46. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(117)-157/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(117)- 157/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar