Məhkəmə qərarları › İş №2-2(107)-47/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-47/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-47/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - xxxxnın nümayəndəsi Nümayəndə1, Cavbadeh - Cavabdeh iştirakı ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “xx.xx.2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 191,27 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsindən iddiaçı xxxx tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xxxxnın İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit xətti müqaviləsinə əsasən bank şadlıq sarayı tikmək məqsədilə 48 ay müddətinə illik 18 % olmaqla 42000 manat məbləğində kredit xətti açmağı, borcalan kredit xəttindən göstərilən məqsəd üçün istifadə etməyi, qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürmüşdür.

2. Eyni zamanda borcalanın bu müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh mülkiyyətində olan İsmayıllı şəhəri R.Hacıyev küçəsi 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bank müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən xxxx cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)299/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə 42000 manat əsas, 5100,64 manat faiz borcu, 200 manat cərimə borcu, əldən çıxmış faydanın əvəzi kimi 1213,33 manat, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 26 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 12 manat olmaqla cəmi 48581,97 manat məbləğin alınaraq xxxxna ödənilməsi, 48581,97 manat məbləğin tutulmasının ipoteka ilə yüklü edilmiş MA seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq İsmayıllı şəhəri R.Hacıyev küçəsində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci ildə qeydə alınmış 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və ya satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir.

4. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan əmlakın satılması məqsədilə hərrac keçirilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İsmayıllı şəhəri R.Hacıyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi 44625 manata satılmış və iddiaçı bank həmin əmlakı satış qiymətinə uyğun qəbul edərək mülkiyyətinə götürmüşdür.

5. İddiaçı xxxx (bundan sonra-iddiaçı və ya ASC “Xalq” Bankı) iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra- cavabdeh) iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və üzrə 191,27 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borcalana 48 ay müddətinə, illik 18 % faiz ödəmək şərtilə 42000 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus İsmayıllı şəhəri R.Hacıyev küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,91 kv.m yaşayış, 181,26 kv.m köməkçi sahədən ibarət 10 saylı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2012-ci il tarixli 132099/0256/12/09 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit xətti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq” Bankı xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 12 iyul 2017-ci il tarixli, 2(037)-299/2017 nömrəli qətnaməsi ilə bankın iddiası qismən təmin edilərək, ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 nömrəi kredit müqaviləsi üzrə 42000 manat əsas borcun, 5100,64 manat faiz borcunun, 200 manat cərimənin, əldən çıxmış faydanın əvəzi kimi 1213,33 manatın, iddia qaldırmaq üçün dövlət rüsumunun əvəzi kimi 26 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 12 manat olmaqla, cəmi 48581,97 manat məbləğinin alınaraq xxxxna ödənilməsi, 48581,97 manat məbləğinin tutulması ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq İsmayıllı şəhəri, R.Hacıyev küçəsində istifadədə olan 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 124 nömrəli vərəqində **********82-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci ildə qeydə alınmış 326.17 kv.metr ümumi sahəsi, 144.91 kv.metr yaşayış sahəsi və 181.26 kv.metr yardımçı sahəsi olan 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, evə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ödənilmiş dövlət rüsumunun 4 manatının iddiaçı ASC “Xalq” Bankına aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(107)-2300/2017 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından onun alınması banka təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı və bank tərəfindən imzalanmış hərracın yekunları haqqında 383/21 nömrəli protokolla və bank ilə hərrac təşkilatçısı arasında 14 oktyabr 2021-ci il tarixdə bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 44625 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən qətnamə üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və ipoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, Cavabdeh banka kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan cərimə faizi də ödəməlidir ki, xx.xx.2017-ci il tarixdən (ilkin iddia tələbləri ilə İsmayıllı Rayon Məkəməsinə müraciət edilən tarixdən) xx.xx.2020-ci il tarixinə bu məbləğ 16461,01 manat təşkil edir. Bankın daxili qərarına əsasən xx.xx.2020-ci il tarixindən kredit xətti müqaviləsi üzrə gecikdirilmiş məbləğə penyanın hesablanması borc alanın xeyrinə dayandırılmışdır. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-cimaddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit xətti müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən kredit xətti müqaviləsi üzrə ilkin iddia tələbləri ilə İsmayıllı Rayon Məkəməsinə müraciət edilən tarixdən (xx.xx.2017-ci il) etibarən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixə (xx.xx.2021-ci il) qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər (“ASC “Xalq” Bankında verilən biznes krediti bank məhsulunun Pasportu”) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün bank tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 14 % faiz təşkil edir. Qeyd olunana əsasən bank xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 17296,48 manat təşkil edir. Bundan başqa iddiaçı iddiasının maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21, 443.2, 462, 465.2, 528-ci maddələrinə və Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.

7. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, kredit ona istehlak məqsədilə verilərək onun sahibkar hesabına deyil, hesablaşma hesabına daxil edilmişdir. Bundan başqa bankla aralarında olan müqavilənin müddəti xx.xx.2016-cı ildə bitmişdir. Bankın iddia müddəti bitdiyi üçün iddia rədd edilməlidir. Bundan əlavə hazırkı mübahisə üzrə bank İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir və məhkəmənin qətnaməsi mövcuddur. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir.

8. İddiaçı cavabdehin etirazına münasibət olaraq bildirmişdir ki, cavabdeh sahibkar kimi vergi ödəyicisi olmaqla banka müraciət edərək şadlıq sarayı açmaq üçün kredit verilməsini xahiş etmiş və cavabdehə kredit məhz həmin məqsədlə verilmişdir. Bu səbəbdən hazırkı iddia aidiyyət qaydalarına əməl edilməklə düzgün məhkəməyə verilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə tutmanın ipotekaya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bundan sonra cavabdeh tərəfindən müəyyən vaxtlarda ödəniş edərək borcun etiraf edilməsi kimi hərəkətlər də etmişdir. Göründüyü kimi, iddia müddətinin axımı kəsilmişdir. Bundan başqa İsmayıllı rayon Məhkəməsində baxılan iddianın predmeti kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsindən ibarət olsa da, hazırkı iddianın predmeti kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulmasından ibarətdir. Həmçinin iddiaların hüquqi əsasları da fərqlidir. Bu səbəbdən həmin əsas üzrə iş üzrə icraata xitam verilə bilməz.

9. Birinci instansiya məhkməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə cavabdehə 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 42000 manat kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka predmeti qoyulmuşdur. Cavabdehin öhdəliyini vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədə ümumi 48581,97 manat məbləğin ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması qət edilmişdir. Cavabdeh tərəf qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət vermiş ancaq İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərrac təşkilatçısı və bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 44625 manat məbləğində əmlak bank tərəfindən götürülmüşdür. Lakin cavabdeh tərəf evdən çıxmamışdır. Əlavə olaraq cavabdehin borcu qalmışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər cərimə və faiz borcu yaranmışdır. xx.xx.2018-ci il tarixində İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək cavabdehlə borc məbləğinin hissə-hissə ödənilməsinə dair razılığa gəlindiyini bildirmişlər. Cavabdeh evdən çıxmır. Cavabdeh ödənişləri vaxtında vermədiyi üçün onun evdən çıxmasını tələb etmişlər. Cavabdeh tərəfindən müqavilə bağlandığı tarixdən indiki vaxta qədər fərdi yaşayış evinin qiyməti, yəni 44625 manat daxil olmaqla maliyyə arayışına əsasən 143757,87 manat pul ödənilib. 143757,87 manatdan evin dəyəri olan 44625 manat çıxıldıqdan sonra yerdə qalan 100000 manata qədər vəsait cavabdeh tərəfindən banka ödənilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, müqavilədə və Konstitusiya Məhkəməsinin qərarında da göstərilir ki, müqavilə müddətində öhdəliklər icra edilməlidir. Onların bağladıqları müqavilənin müddəti 48 aydır. Həmin müddətdən sonra müqavilə qüvvədən düşür. Ümumilikdə 70000 manata yaxın pul ödəmişdir. Onun bank qarşısında götürdüyü kreditin təminatı ipotekası olmuşdur. Həmin ipoteka satılmış və bank ondan pul əldə etmişdir. Onun bank qarşısında başqa öhdəliyi yoxdur. Bankın mərkəzi ofisində problemli kreditlər şöbəsinə müraciət etmiş, orada bankın işçisi olan bir xanım bildirmişdir ki, məhkəməyə müraciət etsə də bu tipli iddiaları məhkəmə təmin etmir.

11. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 191,27 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması” barədə iddia tələbi rədd edilmiş, işə baxılması ilə əlaqədar ödənilmiş 191,27 manat dövlət rüsumu iddiaçı “ASC “Xalq” Bankına aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit xətti 48 ay müddətinə bağlanmış və kredit xətti müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-299/2017 saylı qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının mülki qanunvericiliyin 528-ci maddəsinə istinadən iddia irəli sürməsi tamamən əsassızdır.

13. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən haqqı çatanı İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi əsasında almış və sonuncunun hazırda irəli sürdüyü iddianın qanuni əsası mövcud deyildir. Bu səbəbdən iddia rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 399.1, 443.1, 443.2, 448.2, 449.1, 465.2 və 528-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119.1, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

15. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit xətti müqaviləsi, hesabdan çıxarış, hərracın yekunları üzrə protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə, İsmayıllı Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi, Hüquqların Dövlət qeydiyyatından çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar olmuş, əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunarkən ipoteka ilə yüklü edilmiş və hal-hazırda mülkiyyət hüququ əsasında Banka məxsus İsmayıllı şəhəri, R.Hacıyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü A.A.Bilalova tərəfindən könüllü olaraq Banka təhvil verilməmiş və həmin şəxslər hal-hazırda da Bankın mülkiyyət hüququnu kobud şəkildə pozmaqla yuxarıda göstərilən Bankın əmlakından istifadə edirlər, yəni həmin evdə yaşayırlar. İddiaçının iddia tələblərinin əsasını xx.xx.2017-ci il tarixdən (ilkin iddia tələbləri ilə İsmayıllı Rayon Məkəməsinə müraciət edilən tarixdən) xx.xx.2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə illik 15 faiz dərəcəsi ilə hesablanmış penya və xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi illik 14 faiz (Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı) dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi təşkil edir. Qeyd olunan halın (məhkəmə qərarının könüllü icra edilməsi və girov əmlakın təhvil verilməsi) məhkəmə tərəfindən müəyyən ediməsi zərurətinin əsas səbəbi isə cavabdehin 09 iyul 2009-cu il tarixli Qərara uyğun olaraq cavabdehin 449-cu maddəsi ilə nəzərdə tutulmuş öhdəliyinin əmələ gəlib-gəlməməsinin aydınlaşdırılması təşkil edir. Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğun olması, bu normanın hüquqi mahiyyətinin bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapması, Bankın tələbinin qanunauyğun olmasının göstəricisidir. Beləliklə, Bank tərəfindən cavabdehdən həm əldən çıxmış faydanın (zərər), həm də penyanın tələb edilməsi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edərək Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. Cavabdeh Məhkəmə kollegiyasına məktub ünvanlayaraq bildirmişdir ki, bankın tələb etdiyi vəsaitin heç bir qanuni əsası yoxdur. Məktuba əlavə etdiyi bankın elektron təminat proqramından çıxarışdan göründüyü kimi, onun sözügedən müqavilə üzrə kredit qalıq borcu 0.00 AZN və növbəti ödəniş məbləği 0.00 AZN təşkil edir. Cari hesabdan çıxarış əlavə edərək bildirir ki, onun müqavilə üzrə öhdəlikləri, müqavilənin 3.3.5-ci bəndinə əsasən xx.xx.2021-ci ilədək (evi hərracda satılanadək) hesabından silinmiş və evi satıldıqdan sonra ona çatacaq vəsaitin bir hissəsi icraçıların depozit hesabına köçürülmüşdür. Əgər, doğrudan da onun müqavilə üzrə öhdəliyi varsa, bank cari hesabında olan 4800 AZN vəsaiti müqavilənin 3.3.5-ci bəndinə əsasən niyə onun hesabından silməyib? Nəyə görə onun kredit hesabında qalıq 0.000 AZN-dir? Nə üçün evi hərracda satılan zaman artıq vəsait ona ödənilmək üçün icraçıların hesabına ödənilib.

21. Məhkəmə kollegiyasını iclasınnda cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Mülki Məcəllə

24. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

27. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. ... 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

28. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

Mülki Prosessual Məcəllə:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə həm tərəflərin subyektiv tərkibi, həm də mübahisənin predmeti baxımından kommersiya mübahisəsidir və mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır.

40. Belə ki, iddiaçı bank hüquqi şəxs, Cavabdeh isə fərdi sahibkar olmaqla tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləridir. Habelə iş materiallarında mübahisə predmeti olan kredit xətti müqaviləsi ilə müəyyən olunur ki, iddiaçı bank tərəfindən cavabdehə şadlıq sarayının tikintisi üçün kredit ayrılmışdır və sonuncu şadlıq sarayını şəxsi istehlak məqsədilə ilə deyil, gəlir əldə etmək məqsədilə tikmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, cavabdehin aidiyyətlə bağlı etiraz dəlilləri əsassızdır, mübahisə mülki xarakterli deyildir, kommersiya mübahisəsidir və kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.

41. Araşdırma zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit xətti müqaviləsi üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və qanuni qüvvəyə minmişdir.

42. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 44625 manata tələbkar əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin əmlak üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.

43. İddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı xx.xx.2020-ci il tarixə əsas borca hesabladığı əldən çıxmış fayda və cərimənin hesablanmasına dair hazırkı iddiasının maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.2, 462, 465.2, 528-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı çıxış edir və iddiaçı həmin maddəyə və qərara istinadən əlavə pul tələb edir.

44. İddiaçının dəlilləri ilə razılaşmayan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin (bundan sonra - “maliyyə sanksiyası”) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir.

47. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir.

48. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

49. Bununla belə, Mülki Məcəllənin 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.

50. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.

51. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlmişdir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə işin hallarına əsaslanaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz.

53. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit xətti müqaviləsi üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və qanuni qüvvəyə minmişdir.

54. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 44625 manata tələbkar əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin əmlak üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.

55. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən Mülki Məcəllənin 449-cu maddəsinə istinadən pul tələb edə bilməz.

56. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktı əsaasında əsas borc, faiz borcu və əldən cıxmış fayda məbləği omaqla kredit xətti müqqaviləsi üzrə haqqı çatan bütün məbləğləri alımışdır. Qeyd edilən əsas, faiz,əldə cıxmış fayda olan 48581,97 manat məbləğin ondan tutulması qət edilmiş və 44625 manata ipoteka predmeti satılmışdır.

57. Göründüyü kimi, cavabdehin iddiaçıya ilkin məhkəmə mübahisəsindən sonra ödənilməmiş 3956,97 manat borcu qalmışdır ki, həmin borcun tutulması isə İsmayıllı Rayon Məhkəməsinin 48581,97 manat borcun tutulması hissəsinin icrası olaraq icra qurumu tərəfindən həyata keçirilməlidir və başqa məhkəmə mübahisəsinin yaradılması yölverilməzdir. Belə ki, iddiaçının haqqı çatası vəsaitin tutulmasına dair məhkəmə aktı mövcuddur.

58. İddia ərizəsində olan əsaslandırma və iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirilmişdir ki, cavabdehin evdən çıxmır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı bank xx.xx.2018-ci il tarixinli məktubla İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək cavabdehlə borc məbləğinin hissə-hissə ödənilməsinə dair razılığa gəlindiyini bildirmiş və icranın müvəqqəti dayandırılmasını xahiş etmişdir.

59. Göründüyü kimi, iddiaçı ilə cavabdehin razılaşması nəticəsində İsmayıllı Rayon Məhkəməsinin icra sənədinə əsasən aparılan icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur ki, bu vəziyyətdə cavabdehin evdən neçə çıxmaması ilə bağlı dəliləri əsassızdır.

60. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin evdən çıxmaması ondan əlavə pul tələb etmək üçün əsas deyildir və mülkiyyətçi olaraq iddiaçı bank İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-299/2017 saylı qətnaməsinin Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları göstərişinə uyğun icra qurumuna müraciət etməlidir ki, bu məsələ icra qaydasında həllini tapmalı olan məsələdir.

61. Ona görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinadən cavabdehdən pul tələb etməsi qanunsuzdur.

62. Bundan başqa iddiaçı iddiasının maddi hüquqi əsası kimi, Mülki Məcəllənin 21, 443.2, 462, 465.2, 528-ci maddələrinə istinad edir.

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

64. Göründüyü kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

65. İddiaçı pozulmuş hansı hüququnu bərpa etmək üçün nə qədər xərc çəkdiyi və ya çəkməli olduğu barədə və ya əmlakını zədələnməsi barədə işə baxan məhkəmə sübut təqdim etməmişdir. İddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə isə qeyd edilməlidir ki, sonuncuya əldən çıxmış fayda kimi 1213,33 manat məbləğində pulun ödənilməsi İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmişdir ki, iddiaçının Mülki məcəllənin 21-ci maddəsinin tələbləri baxımından cavabdehdən pul almaq hüququ yoxdur.

66. İddiaçı Mülki Məcəllənin 443.2-ci maddəsinə istinad edir və həmin maddə göndərici dispozisiyaya malikdir. Mülki Məcələnin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda da şərh olunduğu kimi iddiaçıya Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərər dəyməmiş və əldən çıxmış fayda qismində ona dəymiş zərərin ödənilməsi məhkəmə aktı ilə təmin edilmişdir. Bu hallar isə müqavilənin qüvvədə olma müddəti ilə məhdudlaşır.

67. Bundan başqa yuxarıda da qeyd edildiyi kimi, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər (§ 25).

68. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit xətti 48 ay müddətinə bağlanmış və kredit xətti müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc tələb edir ki, bunda da haqlı deyildir.

69. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqvilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 200 manat cərimə borcunu cavabdehdən tutulmasını qət etmişdir.

70. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.

71. Bundan əlavə, iddiaçı Mülki Məcəllənin 528-ci maddəsinə istinad edir. 528-ci maddəyə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

72. Göründüyü kimi, iddiaçı qeyd olunan maddəyə istinadən hesab edir ki, cavabdehin onun qarşısında öhdəliyi tam icra edilmədiyindən müqavilə münasibətləri davam edir və sonuncu müqaviləyə istinadən cavabdehdən cərimə və əldən cıxmış fayda tələb edə bilər.

73. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 nömrəli kredit xətti müqaviləsinin müddəti 48 ay olmuş və xx.xx.2016-cı il tarixdə bitmişdir. Müqavilə müddətinin bitməsi cavabdehi əsas öhdəliyinin icrasından azad etməsə də qanunvericiliyin tələbi baxımından faizlərin və dəbbə pulunun hesablanmasına məhdudiyyətlər gətirir, iddia müddəti və s. institutların tətbiqinə imkan yaradır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 528-ci maddəsi əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir.

75. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-299/2017 saylı qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının mülki qanunvericiliyin 528-ci maddəsinə istinadən iddia irəli sürməsi tamamən əsassızdır.

76. Odur ki, bu məsələ ilə bağlı məhkəmə kollegiyasının yekun mövqeyi ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçı tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən haqqı çatanı İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi əsasında almış və sonuncunun hazırda irəli sürdüyü iddianın qanuni əsası mövcud deyildir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

77. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. 78 İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

79. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

80. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

81. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı “Xalq Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)- 52/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar