Məhkəmə qərarları › İş №2-2(107)-48/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-48/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-48/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 042/F-22 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 9599,13 manat əsas, 1508,66 manat faiz borcu və 1677,79 manat cərimə borcu olmaqla, cəmi 12785,58 manat və ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ödənilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)- 398/2023 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı İddiaçı ASC tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 042/F22 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 9599,13 manat əsas, 1508,66 manat faiz borcu və 1677,79 manat cərimə borcu olmaqla, cəmi 12785,58 manat və ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 11 aprel 2023-cü il tаrixli, e- 2-2(117)-398/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 042/F-22 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 9599,13 manat əsas, 1508,66 manat faiz borcu və 1677,79 manat cərimə borcu olmaqla, cəmi 12785,58 manat və ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı İddiaçı ASC birinci instаnsiyа məhkəməsinin qərаrdаdındаn şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)-398/2023 saylı qərardadının ləğv edilməsini və iddiа ərizəsinin icrааtа qəbul оlunmаsınа dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarına əsasən iddianın predmeti və iddianın obyekti fərqli anlayışlardır. Həmin Qərara əsasən iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqlar,o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ başa düşülür. İddianın obyekti dedikdə isə iddiaçının əldə etdiyi maddi nemət başa düşülür, həmçinin iddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Belə olan halda hesab edirlər ki, tərəflərindən verilmiş iddia ərizəsinin predmetini “12785.58 manat məbləğində borcun tutulması” tələbi, iddianın obyektini isə “xx.xx.2022-ci il tarixli, 042/F-22 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi” tələbi təşkil edir. Göründüyü kimi, məhkəmə iddia ərizəsində iddianın predmeti və iddianın obyektini fərqləndirməyərək, hər bir tələb üçün ayrı rüsum ödənilməsini tələb etmişdir. Bu da prosessual hüquq pozuntusu kimi qiymətləndirilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından göründüyü kimi, tərəfimizdən 200 AZN (iki yüz manat) məbləğində mediasiya xərci Şəki 1 saylı Mediasiya Təşkilatına ödənilmişdir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, 12785.58 AZN (on iki min yeddi yüz səksən beş manat əlli səkkiz qəpik) məbləğində borc üçün ödənilməli olan 128.36 AZN dövlət rüsumunun məbləği mediasiya prosesi üçün çəkilmiş xərcdən artıq olmadığı üçün əlavə dövlət rüsumunun ödənilməsinə ehtiyac qalmır. Qeyd olunmalıdır ki, İddiaçı ASC tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənildiyindən Şəki Kоmmersiyа Məhkəməsinin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)-398/2023 saylı qərardadı qanunsuz və əsassızdır. Ona görə də qərardad əsassız hesab edildiyindən ləğv edilməlidir. Şəki Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2-2(117)-398/2023 saylı qərardadı ilə həmin Məhkəmənin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)-398/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)-398/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müqavilənin ləğv edilməsi barədə tələb də iddianın predmetini təşkil edir. Çünki, borcun tutulmasından əlavə qüvvədə olan müqavilənin ləğv edilib-edilməməsi də iddiaçının iradə ifadəsi olmaqla ayrılıqda iddianın premetini təşkil edir və məhz cavabdehin borcu olması əsası ilə deyil, müqavilənin vaxtından əvvəl ləğv edilməsinin əsasları ilə məhkəmə tərəfindən həmin tələbə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iş üzrə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 128,36 manat olmaqla, ümumilikdə 228,36 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 200 manat hissəsindən azad olunmuş, qalan məbləğ isə ödənilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)-398/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tаrixli, e-2-2(117)- 398/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar