Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-48/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, X6 qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra- Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh2(borcalan) arasında 14 noyabr 2019-cu il il tarixli, 09/0245/KBK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 23 % dərəcəsi ilə, 12 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3 və Cavabdeh1 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 9143,57 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 2005,78 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 1007,11 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9143,57 manat əsas borc, 2005,78 manat faiz borcu, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 1007,11 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09/0245/KBK nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.1-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri banka qaytarmamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin müqavilənin 2.1-ci bəndinə əsasən yuхarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-7/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh2 9143,56 manat əsas borc, 1226,76 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1007,06 manat faiz borcu və 187,19 manat mediasiya xərcinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin təqdim etdikləri və ekspert rəyi nəticəsində əldə edilmiş sübutlar əsasında əsas borcun mövcudluğu və iddia tələbində qeyd edilən məbləğlə eyni olması müəyyən edilmişdir. İddia tələbinin “2005,78 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh bağlanmış kredit müqaviləsinə əsasən, kredit faizi illik 23% müəyyən edilmişdir. Məhkəmə tələb üzrə faiz borcuna münasibətdə qeyd etmişdir ki, ekspert rəyində faiz borcu iddia tələbinə nisbətən az hesablandığından məhkəmə həmin məbləği əsas götürülməlidir. Çünki ekspert rəyi iddiaçı tərəfindən faiz borcuna münasibətdə təqdim edilən sübutlarla təkzib edilmir. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1007,11 manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Ekspert rəyində həmin məbləğ 1007,06 manat qeyd edildiyindən məhkəmə hesab etmişdir ki, ekspert rəyindəki məbləğ əsas götürülməlidir. İddia tələbinin “zaminlərdən pulun tutulması”na münasibətdə məhkəmə bildirmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, zaminlik müqaviləsinin 3.3-cü bəndinə əsasən bu müqavilə kredit müqaviləsinin bütün şərtləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddənin məzmunudan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən asılı etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Hazırki iş üzrə zaminlik müqaviləsinin qüvvədə olma müddəti dəqiq göstərilmədiyindən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı il ərzində yəni, xx.xx.2021-ci il tarixədək 1 il ərzində zaminə qarşı iddia irəli sürülə bilərdi. Zaminlik müqaviləsinin də 4-cü abzasında eyni müddəa nəzərdə tutulmuşdir. Kredit müqaviləsinin icrası müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, həmin tarxdən 1 il müddətində zaminlərə qarşı iddiaçı iddia qaldırmalı olsa da, bunu etməmişdir. Bu səbəbdən iddia tələbi zaminlərə münasibətdə rədd edilməsi qanunvericiliyin tələbinə uyğundur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 472.1, 472.2, 472.3, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulacaq ümumilikdə 9143,56 manat əsas, 1226,76 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1007,06 manat faiz borcu və 187,19 manat mediasiya xərcinin, X1 "xxxx" ASC-də olan hesabına 0947/19 saylı, 01 noyabr 2019-cu il tarixli müqavilə əsasında köçürmə etmək məqsədilə mədaxil etmiş və LPO "xxxx" ASC-nin Şəki Kommersiya Məhkəməsinə 24 oktyabr 2023cü il tarixli, **********354 nömrəli məktubunda 531.591,08 rus rublu, yəni 12.226 AZN kimi qeydi ilə öz təsdiqini tapmış pul vəsaiti ilə əvəzlənməsi öhdəliyi qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi cavabdehin, tələbin əvəzləşdirilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsini məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini belə əsaslanmışdır ki, Mülki Məcəllənin 194-195-ci maddələrinin tələblərinə əsasən tələb sahibi tələbini üçüncü şəxsə güzəşt edərsə, bu barədə borcluya məlumat verməlidir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə əsasında tələbin ona güzəşt edilməsi barədə "xxxx" ASC (LPO)-yə məlumat verməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin 194-cü maddəsində heç bir yerdə, həmin Məcəllənin 195-ci maddəsində isə “tələb sahibinin tələbini üçüncü şəxsə güzəşt edərsə, bu barədə borcluya məlumat verməlidir” kimi qeyd edilməmişdir. Mülki Məcəllənin 195-ci maddəsində “tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər” kimi qeyd edilmişdir. Məlumatların cavabdeh tərəfindən tərəflərə çatmasının daha tez və qaydalara müvafiq formada həm tələbin üçüncü şəxsə güzəşti ilə bağlı müqavilə, həm də digər aidiyyatı sənədlər elektron kabinet vasitəsilə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində istər ədalətli yanaşma baxımından, istər iş materiallarından, istərsə də iddiaçının təsdiq etdiyi səmimi mövqeyindən, cavabdehin tələbin güzəşti halları və qarşılıqlı iddiada tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi tələbində ədalətlilik və qanunilik baxımından haqlı göründüyünü qeyd edir və hesab edir ki, cavabdehin iddiaçıya qarşı hüquqları və tələbləri mövcuddur, qarşılıqlı surətdə əvəzləşdirilməklə icra edilməsi mübahisənin və öhdəliklərin icrasının ən düzgün həlli üsuludur. Ancaq bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etmiş, tələbin əvəzləşdirilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsini məhkəmənin icraatına qəbul edilməsindən imtina edərək cavabdehin tələbini rədd etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı Bank apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmiş və eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ədalətli məhkəmə araşdırılması hüququ təmin edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, 09/0245/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 14 noyabr 2019-cu il tarixli dörd tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi Cavabdeh2 LPO "xxxx" ASC-yə olan borcu kredit müqaviləsi əsasında yaranmış borcdur. "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 14 noyabr 2019-cu il tarixli, 09/0245/KBK nömrəli kredit müqaviləsi üzrə öhdəlik daşımayan və cavabdeh qismində cəlb edilməyən X2 qarşı hər hansı bir tələb irəli sürməmişdir. Bundan başqa X2 növbəlilik əsasında qaytarılmalı olan məbləğin hazırki işlə birlikdə baxılmasına qanunvericilik yol vermir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-131/2020 saylı qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Bu səbəbdən də, ödəniş növbəliliyinə əsasən “Banklar haqqında” Qanunun 82.1.8-ci maddəsinin tələbi baxımından “təminatsız kreditorların tələbləri” əsasında qeyd edilən cari hesabdakı məbləğ növbəliliyə düşmüşdür. Ödənişlərin növbəlililiyinə müvafiq olaraq, LPO "xxxx" ASC-nin problemli kreditləri həll olunduqca həmin vəsaitlər də mülkiyyətçilərinə geri qaytarılacaqdır. Qeyd olunan səbəbdən borcludan tutulmalı olan pul vəsaitinin “Banklar haqqında” Qanunun 82.1.8-ci maddəsinin tələbi baxımından əvəzləşdirilməsi yolverilməzdir. Bundan əlavə X3 ilə "xxxx" ASC-nin heç bir kredit öhdəliyi mövcud deyil və hazırki iddia tələbi üzrə cavabdeh olaraq ona qarşı heç bir tələb irəli sürülməmişdir. Qeyd edilənlərə əsasən ödəniş növbəliliyinə düşən vəsaitin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Belə olan halda “Banklar haqqında” Qanunun imperativ tələbi üzrə növbəlilik əsasında qaytarılmalı olan, bloklaşdırılmış hesabda qalmış vəsaitə hər hansı tələbin yönəldilməsi bankların ləğv prosesinin aparılması istiqamətində dövlət siyasətinə vurulmuş zərbədir. Odur ki, bu cür hüquqi müəyyənlik prinsipinə zidd olan tələblərin təmin olunmasını hüquqi cəhətdən düzgün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, ondan tutulması qət edilən borc məbləğini mübahisələndirmir. O, həmin borcun oğlunun iddiaçı Bankdakı hesabında olan pul vəsaiti ilə əvəzləşdirilməsini istəyir. O, Bank ləğv edilməmişdən əvvəl dəfələrlə həmin bankdan kredit götürüb və ödəyib. Oğlu da həmin bank vasitəsilə dəfələrlə pul köçürmələri edib. Sonuncu dəfə oğlu Rusiya Federasiyasına pul köçürmək üçün bankdakı hesabına pul qoyub. Bundan bir neçə gün sonra bank ləğv edildiyindən həmin pulu geri ala bilmir. O da həmin pulun borcu ilə əvəzləşdirilməsini istəyir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh3 Cavabdeh2 izahatı ilə eyni məzmunda izahat vermişdir. İddiaçı Bank və Cavabdeh1 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası Cavabdeh2 münasibətdə qismən təmin edilsə də, Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız Cavabdeh2 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh hesab edir ki, borc məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilmişdir. Lakin həmin borc məbləği, oğlu Maqsud Əbdürəhimovun iddiaçı Bankda mövcud olan hesabındakı 531.591,08 rus rublu ilə əvəzləşdirilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir”. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi ardıcıllığı müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə tələbin əvəzləşdirilməsi ilə bağlı cavabdehin dəlilini əsassız hesab edir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun kəsiri olan 3(üç) manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin, ödənilməli olan dövlət rüsumunun kəsiri olan 3(üç) manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-48/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-48/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver