Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-50/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 06 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı (icarəyə verən) ilə cavabdeh(icarəçi) arasında 01 may 2018-ci il tarixində 14 nömrəli və 15 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 olan “Y-012” və “Y-013” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 14 nömrəli müqavilə üzrə 1000 manat (ƏDV daxil), 15 nömrəli müqavilə üzrə 1300 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Təqvim ayının tam icarə haqqı bu Müqavilə imzalandıqdan sonra hər ayın 10-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir (bənd 4.2) İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir(bənd 4.3). Müqavilənin şərtlərinə görə, müqavilə müddəti müqavilə imzalandığı tarixdən 11(on bir) ay müddətinə müəyyən edilmişdir (bənd 9.1). Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam veridiyini bildirməzsə müqaviləin qüvvəsi eyni müddətə artırılır (bənd 9.2). 13 iyul 2023-cü il tarixli, 02-07/366/1 nömrəli maliyyə arayışı ilə müəyyən olunur ki, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə icarəçinin 1800 manat icarə haqqı borcu, 32,40 manat cərimə borcu olmaqla, cəmi 1832,40 manat borcu yaranmışdır. 13 iyul 2023-cü il tarixli, 02-07/366 nömrəli maliyyə arayışı ilə müəyyən olunur ki, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021-ci il tarixə icarəçinin 7044,09 manat icarə haqqı borcu, 271,21 manat cərimə borcu olmaqla, cəmi 7315,30 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə ödənilməli olan icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi borc 1832,40 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi borc 7315,30 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin əvəzinin iddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi borc 1832,40 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi borc 7315,30 manat məbləğində ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsasladırmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən qeyri-yaşayış sahəsini ona icarəyə verilsə də, sonradan dünyada baş vermiş pandemiya səbəbilə ölkədə bütün qeyri-yaşayış sahələrinin fəaliyyəti dayandırılmışdır. Hətta avtovağzala aid qeyri-yaşayış sahələrinə münasibətdə məhdudiyyət daha kəskin şəkildə tətbiq edilmişdir. Belə ki, pandemiya ilə bağlı qəbul edilmiş qərara əsasən ölkədə şəhərlərarası bütün marşrutların istifadəsi qadağan edilmişdir. Buna görə də nəinki avtovağzallarda yerləşən qeyri-yaşayış sahələri, ümumiyyətlə qeyd edilən avtovağzalın özünün fəaliyyəti tam şəkildə dayandırılmışdır. Hətta uzun müddət sonra şəhərlərarası nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, avtovağzallarda yerləşən qeyri-yaşayış sahələrinin fəaliyyətinə daha uzun müddət icazə verilməmişdir. O və digər sahibkarların bununla bağlı icarə müqavilələri üzrə öhdəliklərinin tənzimlənməsi ilə bağlı dövlət tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Yəni digər sahibkarlar kimi o da pandemiya dövründə işləməyən obyekt üçün icarə müqaviləsindən azad olmuşdur. Buna görə də aralarında bağlanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə icarəyə verənin 28 iyun 2019-cu il tarixli, 186 nömrəli əmri ilə xitam verilmiş, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə icarəyə verənin 10 oktyabr 2021-ci il tarixli 438 nömrəli əmri ilə xitam verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi icarə müqavilələrinə xitam verilməsi barədə əmrlərə və bununla bağlı tərtib edilmiş aktlara diqqətlə nəzər yetirildikdə, müəyyən olunacaqdır ki, qeyd edilən əmrlərdə və aktlarda icarə müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmişdir. Halbuki, həmin sənədlərdə göstərilməli olan əsas predmet icarə müqaviləsinə xitam verilməsinin əsasları idi. Bütün bunlardan müəyyən edilir ki, bununla bağlı aparılmış sənədləşdirmə işləri formal xarakter daşımışdır. Göründüyü kimi iddiaçının, iddiası ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlər natamamdır və həmin iddiaya tərəflərin, o cümlədən onun izahatı dinlənilməklə hüquqi qiymət verilməlidir. Bundan başqa iddiaçı hazırki tələbində aralarında bağlandığını iddia etdiyi digər 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsinə istinad edir. Halbuki məhkəmə tərəfindən araşdırılmaqla və sorğu verilməklə müəyyən edilə bilər ki, 01 dekabr 2021-ci tarixdə digər avtovağzallarda olduğu kimi Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində qeyri-yaşayı sahələri pandemiya ilə bağlı qapalı olmuş, yəni fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. Belə olduğu halda bu sahədə təcrübəli sahibkar kimi onun işləməyən bir obyekt üçün icarə müqaviləsi bağlamağı da ağlabatan deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və zəruri hesab edilən sənədlərdə ona aid imzalar bir-birindən kifayət qədər fərqlənir. Ən əsası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsinə diqqət yetirildikdə, həmin müqavilədəki imzanın ona məxsus olmadığı açıq aşkar müəyyən edilir. Həqiqətən də həmin imza ona məxsus deyildir. Əlbəttə həmin imzanın ona məxsus olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb edən ekspert tərəfindən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməlidir. Ümumiyyətlə etirazının əsaslı olduğuna dair kifayət qədər əsasları vardır. Eyni zamanda onunla İddiaçı MMC arasında bağlanmış müqavilələr üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Yəni onunla İddiaçı MMC arasında bağlanmış müqavilələrin müddətinin bitməsindən 3 ildən çox müddət ötmüşdür. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-36/2024 nömrəli iş üzrə qəbul etdiyi 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021-ci il tarixə 7044,09 manat icarə haqqı borcu və ona hesablanmış 50 manat cərimə borcu, 86,45 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilməmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə tələb olunan 1800 manat əsas və 32,40 manat cərimə borcuna münasibətdə iddia müddəti ötürüldüyündən tələb bu hissədə rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-012” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 28 iyun 2019-cu il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş 1800 manat əsas borcu və 32,40 manat cərimə borcu qalmışdır. Cavabdeh qiymət verilən müqavilə üzrə iddiaçıya borcunun olmadığını iddia etsə də xx.xx.2018-ci il tarixdən müqaviəyə xitam verildiyi 28 iyun 2019-cu il tarixədək təqdim etdiyi ödəniş qəbzləri və iddiaçı tərəfindən qəbul edilən ödənişlərlə müəyyən edilmişdir ki, cavabdehin 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən də iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Buna baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilələrin müddətinin bitməsindən 3 ildən çox müddət ötmüş və iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı icarə müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, 14 nömrəli icarə müqaviləsi 01 may 2018-ci il tarixdə bağlanmış və xx.xx.2019-cu il tarixli sazişlə müqaviləyə xitam verilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş icarə obyektinin əməliyyat tarixçəsindən müəyyən edilmişdir ki, cavabdeh müqaviləyə xitam verildikdən tarixdən sonra da davamlı olaraq iddiaçıya ödəniş etmiş və “Y012” nömrəli obyekt üçün sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində olmuşdur. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə xitam verildiyi xx.xx.2019-cu il tarixdən deyil, sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi cavabdeh müqavilə xiytm verilməsindən sonra borcunu etiraf edən hərəkətlər edərək iddiaçıya pul ödəmişdir ki, həmin ödənişlər edildiyi tarixlərdə iddia müddətinin axımı kəsilmiş və bundan əvvəlki müddətin nəzərə alınmaması ilə bağlı qanunvericiliyin göstərişi mövcuddur. Bu baxımdan iddia müddətinin axımı sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdə başlamış və üç illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla da tələbin “01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 1832,40 manat əsas və cərimə borcunun tutulması” hissəsinə münasibətdə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də cərimələri əhatə edəcəyindən cərimə borcunun əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bundalardan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımının kəsilməsi və dayandırılmas ilə bağlı Mülki Məcəllənin 379 və 380-cı maddələrində göstərilmiş hallar da mövcud deyildir, iddiaçının mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü ildir. Məhkəmə iddia tələbinin 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 7044,09 manat icarə borcu və ona hesablanmış 271,21 cərimə borcuna münasibətdə hesab edir ki, iddiaçı tərəfindən tələbin bu hissəsinə yönəlik iddia müddəti ötürülməmişdir Belə ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı adı göstərilən icarə müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, 15 nömrəli icarə müqaviləsi 01 may 2018-ci il tarixdə bağlanmış və xx.xx.2021-ci il tarixli sazişlə müqaviləyə xitam verilmişdir. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hesablandıqda xx.xx.2024-cü il tarixdə 3 illik iddia müddəti bitəcəkdir. Göründüyü kimi 01 may 2018-ci il tarixli, 15 nömrəli müqavilə üzrə yaranan tələbə münasibətdə iddia müddəti bitməmişdir və ”7044,09 manat əsas borcun tutulması” hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-013” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən xx.xx.2021-ci il tarixdə icarə haqqı vaxtında ödənilmədiyi üçün xitam verilmişdir. Cavabdeh müqavilə üzrə ödənişlərini lazmınca ödəmədiyindən ödənilməmiş 7044,09 manat əsas borcu qalmışdır ki, bu hal da “Y013” nömrəli obyektin əməliyyat tarixçəsi və cavabdehin təqdim etdiyi ödəniş qəbzləri ilə təsdiq edilir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində göstərilmiş ödənişlər iddiaçı tərəfindən qəbul edilən ödənişləri inkar etmir və əksinə iddiaçı tərəfindən qəbul edilərək maliyyə arayışında göstərilən ödənişlərin bir neçəsinə cavabdeh tərəfindən ödəniş qəbzi təqdim edilməmişdir. Cavabdeh borcunun olmadığını iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddiasının əsasını və iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavadeh isə bunun əksini sübut edə bilməmişdir. Məhkəmə baxışında cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri iddiaçının qəbul etdiyi məlumatları təkzib etmədiyindən həmin ödəniş qəbzlərini məhkəmə sübut qismində qəbul etmiş və qətnamənin əsaslandırması zamanı həmin qəbzlərə də eyni zamanda istinad etmişdir. Məhkəmə 271,21 manat cərimə borcuna münasibətdə hesab etmişdir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh icarə borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, bununla da cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 50 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Cavabdeh İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsində olan imzanın ona məxsus olmadığını iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin müqavilədə olan imzanın onun və ya başqa şəxs tərəfindən icra edilməsi mübahisənin həllində əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı həmin müqaviləyə əsasən cavabdehdən borc tələb etmir. Müqavilənin mətnində cavabdeh tərəfindən 7044,09 manat borcun hissə-hissə ödənilməsi ilə bağlı müddəalar mövcuddur. Lakin təqdim edilmiş sübutlar borcu təsdiq etdiyindən 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsində olan imzanın cavabdehə məxsusluğu ilə bağlı araşdırma aparılmamış və məhkəmə həmin müqaviləni borcun etirafına dair sübut qismində qəbul etməmişdir. Belə ki, cavabdehin tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur və cavabdeh müxtəlif bəhanələrlə məhkəmə araşdırmasını uzatmaq məqsədi güdmüşdür. Cavabdeh ondan borc tələb edilən xx.xx.2018-ci il tarixli 14 və 15 nömrəli müqavilələrin onun tərəfindən imzalandığını etiraf etmişdir. Bundan başqa cavabdeh pandemiya əlaqədar işləyə bilmədiyini və ondan həmin dövrə münasibətdə icarə haqqının tələb edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi ona icarə borcu xx.xx.2020-cü il tarixdə 1300 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə qismən, yəni 866,67 manat məbləğində hesablanmışdır. Göründüyü kimi cavabdehin dəlilləri əsassızdır və ondan tələb edilən borc pandemiyanın qapanma dövrünü əhatə etmir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan cavabdehdən 7044,09 manat əsas borc və 50 manat cərimə məbləği tutulmalı, iddia qalan hissələrdə isə rədd edilməlidir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 376, 379, 380, 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 462.1, 462.3, 467, 700.1, 700.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-cimaddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi dəlillərimiz, sübutlarımız məhkəmə tərəfindən qəbul edilməmiş və qəbul edilməməsinin səbəbi qətnamədə izah edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (9.147,7 manat) ödənilməli dövlət rüsumu 111,48 manat təşkil etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6.2-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə - bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Belə olduğu halda hazırki iddia tələbi ilə bağlı ödənilməli olan 111,48 manat dövlət rüsumunun 50 faizi təxminən 56 manat təşkil edir. Əlavə olaraq bildiririlir ki, məhkəmə tərəfindən dövlət rüsumu məbləğləri bölüşdürülərkən düzgün hesablama aparılmamışdır. Qətnaməyə əsasən həmin iddia üzrə ümumi ödənilməli olan dövlət rüsumu məbləği 186,45 manata çatdırılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən mediasiya xərcinin dövlət rüsumuna hesablanması qərara alınmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh 15 nömrəli icarə müqaviləsi üzrə son ödənişini 1.300 manat olmaqla 28 fevral 2020-ci il tarixdə ödəmişdir. 01 mart 2020-ci il tarixə cavabdehin 1.900 manat borcu yaranmışdır. Pandemiya dövründə iş olmadığı üçün iddiaçı cavabdehdən icarə haqqı tələb etməyib. Pandemiya dövrü bitdikdən sonra 01 iyun 2021-ci il tarixdən cavabdeh obyekti işlətməyə başlayıb və bu müddət dörd ay davam edib. Həmin 4 ay üzrə cavabdeh heç bir ödəniş etməyib. Həmin dövr üçün tələb edilən məbləğ 5.144,09 manatdır. Ümumilikdə isə 7.044,09 manat icarə haqqı ödənilməmişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apelyasiya şikayəti vermiş cavabdeh isə şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir. Qeyd olunanları nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını və qanuniliyini yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə 368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışının predmeti olan hissədə işin müəyyən olunmuş hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-013” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 1300 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 ay müddətinə bağlanır. Müqavilənin 9.2-ci bəndinə əsasən Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam veridiyini bildirməzsə müqaviləin qüvvəsi eyni müddətə artırılır. Müqavilənin 9.3-cü bəndinə əsasən hər iki tərəf digər tərəfi 1 ay əvvəldən xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. İcarəçi bu müqavilə və ya qanunvericiliyin tələblərini pozarsa, icarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. İddiaçı bildirir ki, o, həmin Müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh özünün müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və buna görə də cavabdehin cəmi 7044,09 manat məbləğində icarə borcu yaranmışdır. İddiaçının Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 15 nömrəli icarə müqaviləsi üzrə cavabdeh iddiaçıya cəmi 28.000 manat məbləğində icarə haqqı ödəmişdir. Cavabdehin 2020-ci ilin fevral ayının 01-dən mart ayının 01-dək ödənilməmiş icarə haqqı üzrə 1900 manat, 2021-ci ilin iyun ayının 01-dən oktyabr ayının 31-dək 5144,09 manat borcu vardır. Məhkəmə qeyd edir ki, əsas borca aid hissədə iddia tələbi əsaslı sayılmalıdır. Çünki icarə müqaviləsi üzrə iddiaçıya borcunun olmadığını bildirən cavabdeh bu dəlilini sübuta yetirə bilməmiş, bu halı təsdiq edə biləcək sübutları (məsələn, daha artıq məbləğin ödənildiyini əks etdirən ödəniş qəbzlərini) məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, cavabdeh bildirir ki, o, işlədiyi müddət ərzində bütün icarə haqlarını ödəmişdir, hazırda isə ondan pandemiya ilə bağlı işləmədiyi dövr üzrə icarə haqqının ödənilməsi tələb olunur. Lakin Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Çünki iddiaçının məhkəmələrə təqdim etdiyi maliyyə arayışlarından görünür ki, pandemiya dövründə cavabdehə icarə haqqı ilə bağlı borc hesablanmamışdır. Məhkəmə apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı MPM-nin 77.1 və 14.2-ci maddələrinə istanədən bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə isə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, Məhkəmə müəyyən edir ki, cavabdehin iddiaçı qarşısında 15 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı ilə bağlı icra edilməmiş öhdəliyi var və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi şərtləri cavabdeh tərəfindən pozulduğundan və müqavilə üzrə vaxtında və lazımi qaydada ödənişlər edilmədiyindən, müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə tələb əsaslıdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçının iddia tələbi əsaslı olsa da, 2020-ci ilin mart ayının 01-dək hesablanmış icarə haqqına münasibətdə iddia təmin edilə bilməz, çünki iddiaçı həmin hissədə iddia müddətini ötürmüşdür. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinin şərtlərinə görə, icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə görə icarə haqqının ödənilməsi müddəti aylıq(hər ayın 10-dan gec olmamaqla) müəyyən edilmişdir. Yəni hazırki mübahisənin yaranmasının kökündə vaxtaşırı icra edilməli olan öhdəliklər durur. Mülki Məcəllənin 373.3-cü maddəsinin mənasına görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. İddiaçının Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, xx.xx.2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə əsasən 2020-ci ilin mart ayının 01-dək icarə haqqı üzrə cavabdehin 1900 manat borcu yaranmışdır. Qeyd olunanlardan müəyyən edilir ki, cavabdehin icarə haqqının ödənilməsindən ibarət müqavilə öhdəliklərinin yerinə yetirməməsi və bununla bağlı onun 1900 manat məbləğində borcunun yaranması faktının aşkar olduğu mübahisəsizdir, iddiaçı hüquqlarının artıq 2020-ci ilin mart ayından pozulduğunu bilməli idi və bilirdi. Belə olan halda iddiaçının 2020-ci ilin mart ayından cavabdehdən öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ əmələ gəlmişdir. Lakin iddiaçı bu hüquqdan xx.xx.2023-cü il tarixdə istifadə etmişdir. Başqa sözlə, iddiaçı 2020-ci ilin mart ayının 01-dək icarə haqqı ilə bağlı yaranmış öhdəliklər üzrə iddia müddətini ötürmüşdür. Bu müddətin ötürülməsi isə həmin hissədə iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli 15 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş icarə haqqına görə 5144,09 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə birinci instansiya məhkəməsi icarə haqqının əvəzi olaraq cavabdehdən idiaçının xeyrinə 7044,09 manat tutmaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri bu hissədə qismən əsaslıdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cərimə borcunun tutulması hissəsində iddianı qismən təmin etmişdir. Belə ki, cavabdehin xx.xx.2018-ci il tarixli 15 nömrəli icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi aşkardır. Bu səbəbdən də iddiaçının müqavilə şərtlərinə görə cavabdehə cərimə tətbiq etməsi əsaslıdır. Lakin Məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği çoxdur. Belə ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməsə də, bu məsələ ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının tutulmasını tələb etdiyi 271,21 manat cərimə borcunun məbləği tənasübsüz surətdə yüksəkdir. Məhkəmənin mövqeyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq bu məbləği azaldaraq 50 manat məbləğində müəyyən etmişdir. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə razılaşır. Belə ki, hazırki iddia tələbi üzrə iddianının qiyməti 9147,7 manat olduğu üçün iddia ərizəsi verilməsi üçün ödənilməli olan dövlət rüsumu 111,48 manat müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı mediasiya prosesində iştirak etmək üçün 100 manat mediasiya xərci və “Mediasiya haqqında” Qanunun 9.1-1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin verilməsi üçün 11,48 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflər arasında mütənasib şəkildə bölüşdürülməli və iddiaçının məhkəmə xərci kimi ödədiyi 111,48 manatın 30 manatı iddiaçıya aid edilməli, 81,48 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni icarə haqqının əvəzi olaraq cavabdehdən cəmi 7044,09 manat əsas borcun tutulmasına dair tələbin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilərək, əsas borcun məbləği 5144,09 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının pedmeti olan hissədə qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 5144,09 manat icarə haqqı borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 81,48 manat məhkəmə xərci tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni 50 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-50/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-50/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver