Məhkəmə qərarları › İş №2-2(107)-51/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-51/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-51/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “1460,08 manat əsas borc, 697,72 manat faiz borcu və 700 manat dəbbə pulu olmaqla cəmi 2857,80 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi” tələbinə dair kommersiya işi üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun tutularaq ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “1460,08 manat əsas borc, 697,72 manat faiz borcu və 700 manat dəbbə pulu olmaqla cəmi 2857,80 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit öhdəliyini yerinə yetirmədiyindən əsas və faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 1460,08 manat əsas borc, 697,72 manat faiz borcu, 100 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilməsi və iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 28.01.2019-cu il tarixdə İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 12 ay müddətinə RBYF-5712 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı ticarət və xidmət (dövriyyə vəsaitlərinin artırılması) məqsədilə 3500 manat pulu illik 24 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.13.2-ci bəndinə əsasən öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədikdə kreditin ödəniş cədvəli üzrə qabaqcadan borcunu tam bağlayan borc alandan qabaqcadan ödənilmiş əsas məbləğin 3 faizədək, 2.13.3-cü bəndinə əsasən, müqavilə müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi qədər cərimə tətbiq edilir. Eyni zamanda 28.01.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə RBYF-5712 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilə tərəflərin üzərinə götürdüyü öhdəliklər tam icra olunanadək qüvvədədir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 3500 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 1460,08 manat ödənilməmiş əsas borcu qalmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun miqdarı azaldılmalı və Cavabdeh2 700 manat deyil, 100 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddianın kredit borcunun zaminlər Cavabdeh3 və Cavabdeh1 da əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, müqavilə üzrə bank 12 ay müddətinə qaytarmaq şərtilə borcalan Cavabdeh2 3500 manat məbləğində krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Zaminlik müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilə tərəflərin üzərinə götürdüyü öhdəliklər tam icra olunanadək qüvvədədir. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh2 arasında 28.01.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 12 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 28.01.2019-cu il tarixdən etibarən kredit müqaviləsinin müddəti 28.01.2020-ci il tarixdə bitmişdir. Eyni zamanda 28.01.2019-cu il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, müqavilənin 8.1-ci bəndində müqavilənin borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşməsinə dair müqavilə şərti qeyrimüəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 28.01.2020-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 28.01.2021-ci il tarixdə bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə 10.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək zaminlərə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinə əsasən, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Şərh olunan maddə eyni ilə hazırki mübahisəyə tətbiq ediləcəyi təqdirdə kredit və zaminlik müqavilələrinin 28.01.2019-cu il tarixdə bağlanması iki il müddətin keçməsi ilə bağlı zaminliyə xitam verilməsinə dair qanunvericiliyin istinad olunan maddəsinin təsirinə düşür ki, iddiaçı 10.02.2021-ci il tarixdə zaminlərə qarşı iddia irəli sürməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanına əsasən güzəştli kredit dedikdə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Hazırki iş üzrə kredit müqaviləsi 28.01.2019-cu il tarixdə bağlandığından və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı 28.02.2019-cu il tarixdə qüvvəyə mindiyindən, yəni kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borc olmadığından vaxtı keçmiş kredit borcu hesab edilmir və bu səbəbdən də hazırki kredit borcu qeyd olunan Fərmanın təsir dairəsinə düşmür. Bu səbəbdən də Fərmanın tələblərinə uyğun faiz və cərimə borclarına hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2-ci maddələri, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2-ci maddələri, 372.2-ci və 477.0.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 28 yanvar 2019-cu il tarixdə İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 12 ay müddətinə bağlanan RBYF-5712 nömrəli kredit müqaviləsinə əsasən illik, 24 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 3500 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, 28 yanvar 2019-cu il tarixdə İddiaçı” ASC-nin Yasamal filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 28 yanvar 2019-cu il tarixli, RBYF-5712 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 28 yanvar 2019-cu il tarixli, RBYF-5712 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğinin tam və rəsmi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdırlar. Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsində zaminlərə münasibətdə iddia müddəti ötürüldüyü üçün xitam verilməsi qeyd edilmişdir. Lakin zaminlərə münasibətdə iddia müddəti ötməmişdir. Belə ki, 14 yanvar 2021-ci il tarixli iddia ərizəsi 18 yanvar 2021-ci il tarixdə pretenziya qaydasına riayət edilməklə cavabdehlərə göndərilmiş, 22.01.2021-ci il tarixində cavabdehlər tərəfindən qəbul edilmişdir. Yəni zaminlərə dair hissədə iddia müddəti ötməmişdir. Zamin olan cavabdehlər borc barədə iddia ərizəsi onlara göndərilməklə məlumatlı olmuşdurlar. Bundan əlavə 18.12.2019-cu il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edilmiş, Ağsu Rayon Məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddia predmetinin kommersiya mübahisəsi olduğuna görə geri qaytarmışdır. Həmin qərardaddan şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli qərardadına əsasən geri qaytarma barədə qərardad qüvvədə saxlanılmışdır. Daha sonra isə 22.06.2020-ci il tarixdə Şəki Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. X3 Məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmış və bu, banka rəsmi olaraq göndərilməmişdir. Məhkəməyə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetə əlavə edilmişdir. Yenidən 14.01.2021-ci il tarixli iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin ərizə isə icraata qəbul edilmiş və qətnamə qəbul edilmişdir. Beləliklə də zaminlərə münasibətdə iddia müddəti ötürülməmişdir. Odur ki, apelyator yuxarıdakıların diqqətə alınaraq, şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsinin qismən, zaminlərə münasibətdə ləğv edilməsini, həmin hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 28 yanvar 2019cu il tarixli RBYF-5712 saylı kredit müqaviləsi üzrə cəmi 2257.80 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsinin qismən, zaminlərə münasibətdə ləğv edilməsini, həmin hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 28 yanvar 2019cu il tarixli RBYF-5712 saylı kredit müqaviləsi üzrə cəmi 2257.80 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsində göstərilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-ci maddəsinə əsasən Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. in Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsinin qismən, zaminlərə münasibətdə ləğv edilməsini, həmin hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 28 yanvar 2019cu il tarixli RBYF-5712 saylı kredit müqaviləsi üzrə cəmi 2257.80 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsini qismən, zaminlərə münasibətdə ləğv edilməsinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə zaminlərə münasibətdə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsi qismən, zaminlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 28 yanvar 2019-cu il tarixli RBYF-5712 saylı kredit müqaviləsi üzrə 1460,08 manat əsas borc, 697,72 manat faiz borcu, 100 manat dəbbə pulu cəmi 2257.80 manat, eyni zamanda 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 28.01.2019-cu il tarixdə İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 12 ay müddətinə RBYF-5712 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı ticarət və xidmət (dövriyyə vəsaitlərinin artırılması) məqsədilə 3500 manat pulu illik 24 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.13.2-ci bəndinə əsasən, öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədikdə kreditin ödəniş cədvəli üzrə qabaqcadan borcunu tam bağlayan borc alandan qabaqcadan ödənilmiş əsas məbləğin 3 faizədək, 2.13.3-cü bəndinə əsasən, müqavilə müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi qədər cərimə tətbiq edilir. Eyni zamanda 28.01.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə RBYF-5712 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilə tərəflərin üzərinə götürdüyü öhdəliklər tam icra olunanadək qüvvədədir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 3500 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 1460,08 manat ödənilməmiş əsas borcu qalmışdır. Bundan əlavə iddiaçı tərəf 18.12.2019-cu il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edilmiş, Ağsu Rayon Məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddia predmetinin kommersiya mübahisəsi olduğuna görə geri qaytarmışdır. Həmin qərardaddan şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli qərardadına əsasən geri qaytarma barədə qərardad qüvvədə saxlanılmışdır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, apelyatorun apellyasiya şikayətinin əsas dəlili zaminlərə münasibətdə iddia müddəti ötürülməmiş olmasıdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 28.01.2019-cu il tarixdə İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 12 ay müddətinə RBYF-5712 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı ticarət və xidmət (dövriyyə vəsaitlərinin artırılması) məqsədilə 3500 manat pulu illik 24 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 28.01.2020-ci il tarixdə bitmişdir. İddiaçı tərəf müqavilənin müddəti başa çatmadan 18.12.2019cu il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, Ağsu Rayon Məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri mülki işin kommersiya məhkəməsinə aid olduğuna görə geri qaytarmışdır. Həmin qərardaddan şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli qərardadına əsasən geri qaytarma barədə qərardad qüvvədə saxlanılmışdır. İşin bu halı iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli qərardadı ilə müəyyən edilir. Göründüyü kimi iddiaçı tərəf zaminlərə münasibətdə müddəti ötürməmişdir. İddiaçı tərəf yenidən 10.02.2021-ci il tarixli iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Yəni zaminlərə münasibətdə müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə zaminlərə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsi qismən, zaminlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 28 yanvar 2019-cu il tarixli RBYF-5712 saylı kredit müqaviləsi üzrə 1460,08 manat əsas borc, 697,72 manat faiz borcu, 100 manat dəbbə pulu cəmi 2257.80 manat, eyni zamanda 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2(117)-123/2021 saylı qətnaməsi qismən, zaminlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 28 yanvar 2019-cu il tarixli RBYF-5712 saylı kredit müqaviləsi üzrə 1460,08 manat əsas borc, 697,72 manat faiz borcu, 100 manat dəbbə pulu cəmi 2257.80 manat pul, eyni zamanda 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar