Məhkəmə qərarları › İş №2-2(107)-52/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-52/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-52/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “14488,09 manat əsas borc, 2347,77 manat faiz borcu, 1342,55 manat cərimə borcunun, tutulması və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, dəbbə pulu, likvid dəyər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Şəki Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-2(117)-128/2021 nömrəli qətnaməsindən LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 arasında bağlanmış 03.02.2015-ci il tarixli 02/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.02.2015-ci il tarixli 02/15/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Zoğallıq kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı LPO İddiaçı ASC cavabdehin ödənilməmiş 14488,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2347,77 manat faiz borcu, 1342,55 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1342,55 manat faiz məbləği olmaq cəmi 20284,89 manat kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu Zoğallıq kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 48000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2-2(117)-128/2021 saylı qətnaməsi ilə (hakim R.Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh1 14488,09 manat əsas borc, 30 manat ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin X1 mülkiyyətində olan İsmayıllı rayonu Zoğallıq kəndində 0,25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan İsmayıllı rayonu Zoğallıq kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması və satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmiş, eyni zamanda ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı LPO İddiaçı ASC-dən və 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 arasında bağlanmış 03.02.2015-ci il tarixli 02/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 14488,09 manat borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2347,77 manat faiz borcu, 1342,55 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2106,48 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 2347,77 manat faiz borcu, 1342,55 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2106,48 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın cavabdeh X1 mülkiyyətində olan İsmayıllı rayonu Zoğallıq kəndində 0,25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır, "xxxx" MMC tərəfindən alınmış fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayış evinin ilkin satış dəyəri 48000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir, bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7, 449.1, 470.1, 472.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü, 39.3.3-cü, 47.5-ci, maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-2(117)-128/2021 nömrəli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, həmin qətnamə ilə təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ və ipoteka predmetinin ilkin hərrac qiyməti hissəsində nəticə ləğv edilməli və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 03.02.2015-ci il tarixli, 02/15/SKMF saylı kredit müqaviləsinə Cavabdeh1 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 14.500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, digər cavabdehlə ipoteka müqaviləsi bağlanmışdır. Tərəflərindən Cavabdeh1 07.10.2019-cu il tarixdə yeni müqavilə bağlanması üçün **********530 saylı bildiriş göndərilmişdir. Ancaq buna baxmayaraq Cavabdeh1 03.02.2015-ci il tarixli, 02/15/SKMF saylı kredit müqaviləsinin restrukturizasiya olunması üçün LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməmişdir. Bundan başqa ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan İsmayıllı rayonu, Zoğallıq kəndindı 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin hərrac qiyməti ilə razı deyillər. Hesab edirlər ki, ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan İsmayıllı rayonu, Zoğallıq kəndindı 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə qoyulan 48.000 manat qiymət yüksəkdir və yenidən qiymətləndirmə təyin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarı. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, faiz, dəbbə, 5 faiz əldən çıxmış fayda puluna aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 48000 manat olmaqla açıq hərracdan satılması hissəsində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etməli olduğu halda bunu etməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 arasında bağlanmış 03.02.2015-ci il tarixli 02/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 14488,09 manat borcu qalmışdır. Eyni zamanda məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X3” MMC-nin 02 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, İsmayıllı rayonu, Zoğallıq kəndindı 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hazırki dövrə olan likvid qiyməti 45000 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmasada dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyator şikayətinin ilk dəlilində bildirmişdir ki, məhkəmə qanunsuz olaraq faiz və dəbbə pulunu azaltmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faiz və dəbbə pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 arasında bağlanmış 03.02.2015-ci il tarixli 02/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2347,77 manat faiz borcu, 1342,55 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2106,48 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti bu hissələrdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 2347,77 manat faiz borcu, 1342,55 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2106,48 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilə bilməz. Apellyator digər dəlilində ipoteka predmetinin ilkin satış qiymətinin 48000 manat olması ilə razılaşmamış, hazırda həmin əmlakın bazar qiymətinin aşağı olmasını bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşır. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X3” MMCnin 02 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, İsmayıllı rayonu, Zoğallıq kəndində 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hazırki dövrə olan likvid qiyməti 45000 AZN təşkil etmişdir. Göründüyü kimi ipoteka predmetinin dəyərinə münasibətdə şikayətin dəlili əsaslıdır. Ona görə də şikayət həmin hissədə də təmin edilməli, ipoteka predmetinin likvid dəyəri 45000 manat müəyyən edilməldir.. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə qismən təmin edilməli, ipoteka predmetinin likvid dəyəri 45000 manat müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qiymətləndirmə xərci olan 300 manatın 150 manatı iddiaçıdan, 150 manatı isə cavabdehdən tutularaq “X3” MMC-nin hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-2(117)-128/2021 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə dəyişdirilsin. İpoteka predmeti olan İsmayıllı rayonu, Zoğallıq kəndində 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hazırki dövrə olan likvid qiyməti 45000 AZN müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə xərci olan 300 manatın 150 manatı iddiaçıdan, 150 manatı isə cavabdehdən tutularaq “X3” MMC-nin hesabına köçürülsün. (Xidmət göstərən: "xxxx" MMC, Bank rekvizitləri: "xxxx" ASC, Kodu: 201025, Müxbir hesab: AZ37NABZ********************, VÖEN **********, SWİFT kod AİİBAZ2XXXX, H/hesabı AZ48AİİB400600C**********142) Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar