Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-53/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, e-2-2(117)-287/2021 saylı qərardadından iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “400 manat məbləğində torpaq icarəsi haqqının dövlət büdcəsinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, e-2-2(117)-287/2021 saylı qərardadına əsasən iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “400 manat məbləğində torpaq icarəsi haqqının dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi-nin 29 aprel 2021-ci il tarixdə şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Kommersiya Məhkəməsinin 03 may 2021-ci il tarixli, e-2-2(117)-287/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, e-2-2(117)-287/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Bunun üçün vergi orqanları ödənilməmiş əsas vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair qərarlar qəbul etməlidirlər. Pul tələblərinin ödənilməsi ilə bağlı olan belə qərarlar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdırlar, ünvanlandıqları şəxslər üçün məcburi xarakter daşıyırlar və icra olunmalıdırlar. Odur ki, vergi orqanları ödənilməmiş əsas vergi və sair borclarının, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair özləri qərar (inzibati akt) qəbul etməlidirlər və həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Belə olan halda, vergi orqanının hazırkı iddiasının mahiyyəti vergi borcunun vergi ödəyicisindən məhkəmə qaydasında tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit edilmişdir ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Beləliklə, şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının vergi öhdəliyini yerinə yetirilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bu mövqeyə uyğun olaraq hazırkı iddiaya məhkəmədə baxılmalı deyildir və iddiaçı “İnzibati İcraat” haqqında Qanunun tələbləri baxımından borcun tutulması barədə qərar qəbul etməli, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra orqanına göndərməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki, inzibati, komersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki, inzibati, komersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, e-2-2(117)-287/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, e-2-2(117)-287/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Vəzirxan Məlikov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2-2(107)-53/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-53/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver