Məhkəmə qərarları › İş №2-2(107)-53/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-53/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-53/2023 20.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 27334,47 manat əsas borc, 1499,37 manat faiz borcu, 5782,71 manat cərimə borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(117)-326/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 27334,47 manat əsas borc, 1499,37 manat faiz borcu, 4873,83 manat cərimə borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 27334,47 manat əsas borc, 1499,37 manat faiz borcu, 5782,71 manat cərimə borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Tərəflər arasında X3 çərçivəsində xx.xx.2021-ci il tarixli DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 50000 manat məbləği illik faiz dərəcəsi 16,5 %, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 16,5%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,2 % olmaqla xx.xx.2022-ci il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 31,5 % dərəcəsi tətbiq edilir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələblərinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 26 aprel 2023-cü il tarixli, e-2-2(117)-326/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 27334,47 manat əsas borc, 1499,37 manat faiz borcu, 300 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 191,12 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında X3 çərçivəsində xx.xx.2021-ci il tarixli DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 50000 manat məbləği illik faiz dərəcəsi 16,5%, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 16,5%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,2% olmaqla xx.xx.2022-ci il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 31,5% dərəcəsi tətbiq edilir. Cavabdehin xx.xx.2023cü il tarixə əsas borcu 27334,47 manat, faiz borcu 1499,37 manat, cərimə borcu 5782,71 manat təşkil edir və borcu 479 gün gecikdirdiyi maliyyə arayışı ilə təsdiq olunur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 27334,47 manat əsas borc, 1499,37 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3, 467-ci maddələrinin müddəalarına istinad edərək cavabdehdən 300 manat cərimə tutulması nəticəsinə gəlmişdir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idiaçı İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin” qəbul etməsi barədə OnGTC/SE/8603 saylı Razılıq ərizəsi və həmin X3 çərçivəsində çərçivəsində DC********** saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Lakin, cavabdeh DC00317564- 02 saylı maliyyələşdirilməsi üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 479 gün gecikdirmişdir. Odur ki, cavabdehdən 5782,71 manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X1 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00317564-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 479 gün olduğundan cərimə məbləğinin 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıda kifayət qədər dəlil göstərilmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e- 2-2(117)-326/2023 saylı qətnaməsinin cərimə borcu hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ASC “Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılmış Elektron Kabinetdən ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən - cərimə borcunun təmin edilməmiş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

18. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 20.Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(117)-326/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında X3 çərçivəsində xx.xx.2021-ci il tarixli DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00317564-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 50000 manat məbləği illik faiz dərəcəsi 16,5%, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 16,5%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,2% olmaqla xx.xx.2022-ci il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 31,5% dərəcəsi tətbiq edilir. Cavabdehin xx.xx.2023cü il tarixə əsas borcu 27334,47 manat, faiz borcu 1499,37 manat, cərimə borcu 5782,71 manat təşkil edir və borcu 479 gün gecikdirdiyi maliyyə arayışı ilə təsdiq olunur.

38. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin cərimə borcunun tam təmin edilməməsi ilə bağlıdır.

39. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış X2 4-cü bölməsinin 3.11-ci bəndinin tələbinə görə kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödəmədikdə, gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş qaydada və həcmdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 300 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Ona görə də iddia tələbi “5782,71 manat cərimə borcunun tutulması” hissəsində qismən təmin edilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə (dəbbə pulu) tərəflər arasında bağlanmış müqavilərin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Cərimənin 5782,71 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir.

41. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tаrixli qərаrındа dа göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”.

42. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 300 manat məbləğində müəyyən etməsi tərəflərin əmlak mənafelərinə uyğun olmaqla reallığı əks etdirir.

43. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın cərimə (dəbbə pulu) hissəsində düzgün nəticəyə gəlmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

45. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

46. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

47. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

48. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(117)-326/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(117)- 326/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar