Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-54/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli 83950 ABŞ dolları, yəni 142715 manat əsas borcun və ödənilmiş 433 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 05 mart 2024-cü il tаrixli, e-2-2(117)-356/2024 saylı “iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi” barədə qərаrdаdındаn iddiаçı İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdehnə qarşı “Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli 83950 ABŞ dolları, yəni 142715 manat əsas borcun və ödənilmiş 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kоmmersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 05 mart 2024-cü il tаrixli, e- 2-2(117)-356/2024 saylı qəraradadı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli 83950 ABŞ dolları, yəni 142715 manat əsas borcun və ödənilmiş 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və İddiaçı MMC tərəfindən ********** nömrəli qəbzlə X2 və ya AsanPay vasitəsi ilə ödənilmiş 433 manat dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən qaytarılması qərara alınmışdırdır. İddiaçı MMC Şəki Kоmmersiyа Məhkəməsinin 05 mart 2024-cü il tаrixli, e-2-2(117)- 356/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ...xx.xx.2022-ci il tarixli zərərin əvəzinin ödənilməsinə dair razılıq sazişinin 8-ci bəndinə əsasən göstərilmişdir ki, tərəflər razılaşıblar ki, hazırkı razılıq üzrə mübahisələr, o cümlədən, hazırkı razılığın 2-ci və 3-cü bəndlərində müəyyən edilmiş ödənişlərin müddət və miqdarların pozulması nəticəsində yaranmış, barəsində pozuntu baş verən ölkənin məhkəməsində (iddiaçının) həll olunmalıdır. Şəki Kоmmersiyа Məhkəməsinin 15 mart 2024-cü il tаrixli, e-2-2(117)-356/2024 saylı qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Kоmmersiyа Məhkəməsinin 05 mart 2024-cü il tаrixli, e-2- 2(117)-356/2024 saylı qərardadı ləğv edilməli və kоmmersiyа mübаhisəsinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kоmmersiyа Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını aşağıdakı qaydada əsaslandırmışdır; - Azərbaycan Respublikası, Moldova Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Tacikistan Respublikası, Gürcüstan Respublikası, Türkmənistan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası və Ukrayna Respublikası tərəfindən imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7də Kişinyov şəhərində X1 Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış Kişinyov Konvensiyasının 22-ci maddəsinə əsasən, Daşıyıcılara yüklərin, sərnişinlərin və baqajın daşınması haqqında müqavilələrdən irəli gələn iddialar, müəyyən olunmuş qaydada iddia təqdim edilmiş nəqliyyat təşkilatı idarəsinin olduğu yer üzrə təqdim edilir. - xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15/2023 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ bəndi və əlaqəli qanunvericilik aktları, xarici fiziki və hüquqi şəxslərin statusunu qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, milli rejim (öz vətəndaşları ilə bərabər hüquq və vəzifələr) əsasında müəyyən edir. Eyni rejim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439-cu maddəsində də nəzərdə tutulmuşdur. Bu baxımdan nəzərə alınmalıdır ki, xarici şəxslərin prosessual hüquq və vəzifələri Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin prosessual hüquq və vəzifələri ilə eynilik təşkil edir. - 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. - 2.1-ci bəndinə əsasən məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. - 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. - Göründüyü kimi, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının Məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşmasında digər qayda müəyyən edilmədiyi halda beynəlxalq səlahiyyətinin mövcud olması təsbit edilmişdir ki, yuxarıda qeyd olunduğu kimi, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində X1 Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış Kişinyov Konvensiyasının 22-ci maddəsinə əsasən, Daşıyıcılara yüklərin, sərnişinlərin və baqajın daşınması haqqında müqavilələrdən irəli gələn iddialar, müəyyən olunmuş qaydada iddia təqdim edilmiş nəqliyyat təşkilatı idarəsinin olduğu yer üzrə təqdim edilir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina edərkən düzgün nəticəyə gəlməmişdir. Şikayətin dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən (müqavilə, aktlar və s.) göründüyü kimi Cavabdeh Gürcüstan Respublikası, Tbilisi şəhəri, Yunker küçəsi, ev 4 ünvanında fəaliyyət göstərir və xarici hüquqi şəxsdir. Yəni cavabdeh daşıyıcı şirkətdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində Rusiya Federasiyası Moskva şəhərində LTD A.G logistic şirkəti ilə RUZİ-MM MMC arasında zərərin əvəzinin ödənilməsinə dair razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, LTD A.G logistic şirkəti ona etibar edilmiş yükün - qabıqdan təmizlənmiş, malın kodu 0801, 21010 kq miqdarda (bundan sonra xx.xx.2021-ci il tarixli AG/RUZ/2021 nömrəli müqavilə üzrə, Mal xx.xx.2021-ci il (invoice 2********) badamın itirilməsi nəticəsində İddiaçı MMC-yə vurulmuş zərər ödənilməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Zərərin ödənilməsi haqqında müqavilənin imzalandığı xx.xx.2022-ci il tarixi üçün İddiaçı MMC-yə vurulmuş zərərin miqdarı 95 050 (doxsan beş min əlli) ABŞ dolları təşkil etmişdir. Həmçinin imzalanmış razılaşmanın şərtlərinə əsasən müqavilə bağlanıldığı tarixdən hər ay 2000 (iki min) ABŞ dolları ödənilməklə ödənişin hissə-hissə icra edilməsi qarşılıqlı olaraq razılaşdırılmışdır. Lakin cavabdeh tərəfindən öhdəliklər xx.xx.2022-ci il tarixli müqavilə üzrə tam və vaxtlı vaxtında icra olunmamışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş və xx.xx.2023-cü il tarixində tərtib olunmuş AKT sənədindən də görünür ki, cavabdehin ödənişləri ümumilikdə 11100 (on bir min yüz) ABŞ dolları olmuşdur. Bu ödənişlərdən sonra cavabdehin bizə 83 950 (səksən üç min doqquz yüz əlli ) ABŞ dolları yəni 142 715 AZN (yüz qırx iki min yeddi yüz on beş) borcu qalmışdır. xx.xx.2022-ci il tarixli üzləşmə aktını cavabdehin səlahiyyətli nümayəndəsi Aleksandr Qibradze zəmanətçi, A.G.Logistics LTD-nin direktoru olaraq imzalamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8-ci bəndində göstərilmişdir ki, tərəflər razılaşıblar ki, hazırkı Razılıq üzrə mübahisələr o cümlədən,hazırkı Razılığın 2 və ə 3-cü bəndlərində müəyyən edilmiş ödənişlərin müddət və miqdarların pozulması nəticəsində yaranmış, barəsində pozuntu baş verən ölkənin məhkəməsində (iddiaçının) həll olunmalıdır. Birinci instansiya məhkəməsi bununla əlaqədar mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə hansı məhkəmənin baxmalı olması ilə bağlı tərəflər iddiaçının olduğu yeri seçsələr də, beynəlxalq müqaviləyə əsasən Azərbaycan Respublikası Məhkəmələri hazırkı mübahisəyə baxılması üçün beynəlxalq səlahiyyətə malik deyildir, daşıma müqaviləsindən irəli gələn mübahisələr üzrə cavabdehin ünvanı üzrə müraciət olunmalıdır, həmçinin mülki prosessual qanunvericiliyin qüvvədə olan 440.1-ci maddəsində qeyd edilən ümumi şərt kimi hazırkı iş üzrə Cavabdeh xarici hüquqi şəxs olsa da, sonuncunun Azərbaycan Respublikasında olduğu yer, eləcə də, filial və ya nümayəndəliyi mövcud olmasına dair sübut mövcud deyildir və sonuncunun adətən gəldiyi yer barədə hər hansı sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, həmin mövqe ilk növbədə MPM-in 28-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyi MPM-in müstəsna səlahiyyətdən bəhs edən 444-cü maddəsinin tələblərinə də ziddir. MPM-in 444.0.5-ci maddəsinə əsasən, yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. MPM-in şərh olunan maddəsində nəzərdə tutulan müstəsna səlahiyyət qaydasının mahiyyəti ondan ibarətdir ki, bu maddədə sadalanan işlərə yalnız Azərbaycan Respublikasının məhkəmələri baxa bilərlər. Başqa dövlətin məhkəmələri tərəfindən həmin işlərə baxılmasına yol verilmir. Əgər xarici dövlətlərin məhkəmələri tərəfindən belə işlərə baxılıb qətnamə çıxarılmışsa, MPM-in 465.1.1-ci maddəsinə uyğun olaraq həmin qətnamənin Azərbaycan Respublikasında tanınmasından və icra edilməsindən imtina edilməlidir. Eyni məzmunlu müddəa “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 59-cu maddəsinin “d” bəndində təsbit edilmişdir. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15/2023 nömrəli qərarının 2.7-ci bəndində göstərilmişdir ki, məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 23-cü maddəsinin 1-ci bəndində də deyilir ki, müstəsna məhkəmə aidiyyəti tərəflərin razılaşması ilə dəyişdirilə bilməz. Kollegiya iş materialları əsasında bu qənaətə gəlir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata götürülməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki, iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsaslarının mövcudluğu da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll edilməlidir. Lakin birinci instansiya məhkəməsinin qərardadının məzmunundan görünür ki, iddianının mümkünlüyü ilə bağlı olan digər əsaslar araşdırılıb onlara qiymət verilməmişdir. Ona görə də kollegiya hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 05 mart 2024cü il tаrixli, e-2-2(117)-356/2024 saylı qərardadı ləğv edilməli və kоmmersiyа mübаhisəsinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın icraata götürülməsini istisna edən digər halların olub-olmamasını araşdırmalı, həmin hallar müəyyən edilməzsə, iddianı icraata qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tаrixli, e-2-2(117)-356/2024 saylı qərardadı ləğv edilsin və kоmmersiyа mübаhisəsinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-54/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-54/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver