Məhkəmə qərarları › İş №2-2(107)-55/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-55/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-55/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Bank) ilə Cavabdeh1 (bundan sonra borcalan) arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 0183/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 6 % dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh2 arasında 30 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın tam mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlili kəndində 0,13 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı ******* nömrəli “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük xx.xx.2015-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan əsas kredit borcunun ödənilməsi məqsədilə 10.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1.779,33 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.381,67 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1.918,20 manat olmaqla, cəmi 15.079,20 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat xərcin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin borcalandan iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar ona xəbərdarlıq edilmiş, lakin borcalan bundan heç bir nəticə çıxarmamışdır. Hazırki tələblə borcalana qarşı iddia ərizəsi ilə ilk dəfə xx.xx.2020-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)-218/2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar geri qaytarılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabr ayının 31-də başa çatmasına baxmayaraq tövsiyyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, borcalan tərəfindən Banka güzəştli şərtlərlə yeni müqavilə bağlanması barədə müraciət olunmamışdır. Borcalanın Banka hazırda ödənilməmiş qalmış əsas kredit borcu 10.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 1.779,33 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 1.381,67 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 1.918,20 manat, cəmi 15.079,20 manat təşkil edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə 3 illik iddia müddətinin ötürülmüş olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-208/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia təmin edilməmiş, ödənilməmiş 135,24 manat dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manatın 150 manatının iddiaçıdan, 150 manatının isə borcalandan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 10.000 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Hazırki mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik müddət müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hallar mövcud deyildir. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə ilk müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-218/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli 3 il müddətinə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı ilk dəfə hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmənin iddiaçıya ödəniş qrafikinin təqdim edilməsi ilə bağlı müraciətinə baxmayaraq məhkəmənin tələb etdiyi sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi Anar Nəcəfzadə məhkəməyə iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, ölkədə baş verən pandemiya səbəbi ilə əlaqədar iddiaçının hərəkət məhdudiyyəti yaranməş və karantin rejimi məhkəməyə müraciət etməyə imkan verməmişdir. Hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra xx.xx.2020-ci il tarixdə ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmışdır. İddia tərəfi iddia müddətinin ötürülmədiyini iddia edir. İddia tərəfinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ölkədə baş vermiş pandemiya və bununla əlaqədar yaranmış hərəkət məhdudiyyəti kommersiya məhkəmələrinə ediləcək müraciətlər üçün maneə yaratmamışdır. Belə ki, qanunvericiliyin tələbi baxımından kommersiya mübahisələri üzrə icraat elektron qaydada aparıldığından iddiaçı heç bir hərəkətə ehtiyac olmadan “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Covid-19 infeksiyasının yayılması ilə bağlı X1 tərəfindən iddiaçının iddia etdiyi kimi, 2019-cu ildə deyil, xx.xx.2020-ci il tarixdə pandemiya elan edilmiş və bundan sonra dünya dövlətləri kimi Azərbaycan Respublikası da karantin rejiminin tətbiqinə başlamış, lakin iş yerləri, o cümlədən məhkəmələr fəaliyyətini davam etdirmişdir. Göründyü kimi, iddia tərəfin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri əsassızdır və hazırki iş üzrə Mülki Məcəllənin 397-ci maddəsində müəyyən edilmiş iddia müddətinin axımının dayandırılmasına və Mülki Məcəllənin 380-ci maddəsində müəyyən edilmiş iddia müddətinin axımının kəsilməsinə əsas ola biləcək hal mövcud deyildir. İddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Əsas tələb olan borc tələbinə münasibətdə iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutumanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. Birinci instansiyası məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd etmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 135,24 manat olmalıdır ki, iddia rədd edildiyindən ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat pul iddiaçı və əsas borclu olan cavabdehdən bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 376, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü tarixli Qərarında qeyd edilib ki, “...Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci tarixli Qərarında qeyd edilib ki, “İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” Həmin dövrdə ölkədə və dünyada baş verən Covid 19 pandemiyası səbəbi ilə Azərbaycan Respublikası ərazisində karantin rejimi tətbiq edilmiş və ölkə ərazisində hərəkət məhdudiyyəti təmin edilmişdir. Yalnız bu məhdudiyyət aradan qalxdıqdan sonra ilk dəfə xx.xx.2020-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət olunmuş və iddia ərizəsi pretenziya qaydalarına əməl olunmadığına görə geri qaytarılmışdır. Bu səbəbdən həmin işlərin araşdırılaraq yenidən məhkəməyə müraciət olunması uzun müddət vaxt tələb etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddənin tələbindən göründüyü kimi normanın ilk hissəsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci hissəsi isə müqavilədən yaranan öhdəliklərin icra olunmasına qədər müqavilənin qüvvədə olma prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə öhdəliklərin vicdanla yerinə yetirilməsi huquqi prinsipindən yaranır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitam şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyi icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmə anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilib ki, “...formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və bu məsələlər heç bir münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçının manafeyini, cavabdeh tərəfindən hüquqlarının pozulub-pozulmamasını nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz ərizəsi ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən məhkəmə xərcləri düzgün bölüşdürülməmişdir. İddia tələbi tam rədd edildiyinə görə heç bir məhkəmə xərci cavabdehə aid edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud kommersiya mübahisəsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bank və borcalan arasındakı kredit müqaviləsi 30 aprel 2014-cü il tarixdə bağlanmış və borcalana 3 il (36 ay) müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, **********200 saylı maliyyə arayışından görünür ki, müqavilə üzrə borcalan tərəfindən heç bir ödəniş edilməmişdir. İşin hallarından görünür ki, borcalan, iddiaçı qarşısında üzərinə götürdüyü borc öhdəliyini lazımınca icra etməmişdir. Yaranmış borcun ödənilməsi iddiaçı tərəfindən borcalana təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə hazırki işin mübahisəsiz halı kimi müəyyən edir ki, iş üzrə tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı borcalana müəyyən məbləğdə kredit verməyi, borcalan isə bu öhdəliyi vaxtında və lazımi qaydada icra etməyi üzərinə götürmüşdür. Borcalanın müqavilə öhdəliklərinin icrasının təminatı kimi iddiaçının xeyrinə daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Məhkəmə bildirir ki, işə birinci instansiyası məhkəməsində baxıldığı zaman borcalan “iddia müddətinin tətbiqi barədə ərizə” ilə birinci instansiyası məhkəməsinə müraciət edərək idiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi də həmin ərizəni və müvafiq maddi hüquq normalarını nəzərə alaraq iddianı təmin etməmişdir. Hazırda birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş iddiaçı hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bir sıra qərarlarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bundan başqa, həmin dövrdə ölkədə və dünyada baş verən Covid 19 pandemiyası səbəbi ilə Azərbaycan Respublikası ərazisində karantin rejimi tətbiq edilmiş və ölkə ərazisində hərəkət məhdudiyyəti təmin edilmişdir. Yalnız bu məhdudiyyət aradan qalxdıqdan sonra ilk dəfə xx.xx.2020-ci il tarixdə müvafiq iddia ilə məhkəməyə müraciət olunmuş, iddia ərizəsi pretenziya qaydalarına əməl olunmadığına görə geri qaytarılmışdır. Bu səbəbdən həmin işlərin araşdırılaraq yenidən məhkəməyə müraciət olunması uzun müddət tələb etmişdir. Bu baxımdan hesab edilir ki, kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir. Yuxarıda qeyd olunduğu kimi Məhkəmə razılaşır ki, borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi aşkardır. Məhkəmə işdə olan sənədlərə və tərəflərin bildirdiklərinə əsasən müvafiq qənaətə gəlmişdir. Lakin Məhkəmə apellyasiya şikayətində göstərilən dəlilləri birmənalı olaraq əsassız hesab edir. Çünki apellyasiya şikayətində əks olunmuş mövqedən görünür ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş iddia müddəti institutunun mahiyyətini sual altında qoyur, subyektiv hüquq pozulduğu halda bu institutun hüquq münasibətlərinə tətbiqini qəbul etmir. Həmçinin iddiaçı nəzərə almamışdır ki, iddia müddətləri və onların müəyyənləşdirilməsi qaydalarını nəzərdə tutan qanunun tələbləri imperativ xarakter daşıyır. Subyektiv hüququnun pozulması təsdiq olunduğu halda, müvafiq hüquq münasibətləri üçün müəyyən edilmiş iddia müddətinin tətbiqini istisna edən hüquq norması qüvvədə olan heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Əks halda, belə bir hüquq institutunun qanunvericilikdə təsbit olunmasının heç bir mənası olmazdı. Digər tərəfdən qeyd olunmalıdır ki, koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən məhkəmələrin fəaliyyəti məhdudlaşdırılsa da, fiziki və hüquqi şəxslərin ərizə və şikayətlərinin, o cümlədən də iddia ərizələrinin poçt şöbələri vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Bundan başqa, karantin rejimində iddiaçı təşkilat qismən fəaliyyət göstərmiş və hazırki iş üzrə iddia ərizəsini vaxtında vermək imkanına malik olmuşdur. İşin hallarından müəyyən olunur ki, iddia müddətinin axımı 30 aprel 2017-ci il tarixdən başlanmış, lakin iddiaçı 3 illik iddia müddətini ötürməklə müvafiq iddia ilə ilk dəfə 20 may 2020-ci il tarixdə(iş materiallarında 100-cü vərəq), ikinci dəfə isə 02 mart 2022-ci il tarixdə birinci instansiyası məhkəməsinə müraciət etmişdir. Müddəti ötürmüş iddiaçı müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə onu da bildirir ki, borcalanın öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi, onu “iddia müddətinin tətbiqi barədə ərizə” vermək hüququndan məhrum edə bilməz. Borcalan da öz növbəsində bu hüququndan istifadə etmiş, sözügedən ərizəni işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim etmişdir. Ona görə də hesab edilməlidir ki, birinci instansiyası məhkəməsi müvafiq maddi hüquq normalarını və borcalanın ərizəsini nəzərə alaraq iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar