Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-56/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kredit İttifaqı MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, pul ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- müqavilələrin ləğvi, borc tələbi, müqavilə üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsindən Cavabdeh Kredit İttifaqı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kredit İttifaqı MMC-yə qarşı “tərəflər arasında bağlanmış 05.10.2016-cı il və 09.12.2016-cı il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələrin ləğv edilməsi, 05.10.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat faiz borcu və 10000 manat cərimə borcu olmaqla cəmi 10193,64 manat, 09.12.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu və 4925,46 manat cərimə borcu olmaqla cəmi 32860,02 manat pulun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05.10.2016-cı il və 09.12.2016-cı il tarixlərdə xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İsmayıllı rayon filialında olan bank hesabına 05.10.2016-cı il tarixli müqavilə üzrə 100000 manat, 09.12.2016-cı il tarixli müqavilə üzrə 50000 manat pul köçürülmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini gecikdirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 30.032021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiada göstərilən cərimələr həddindən coxdur. Müəssisənin maliyyə vəziyyəti cox pisdir və borcalanlarınında vəziyyəti məlum pandemiya səbəbindən cox ağırdır. İddia irəli sürüldükdən sonra 4800 manat pul ödəmişlər. Borcdan 4800 manat pulun çıxılmasını və cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsi ilə (hakim R. Məcidov) iddia qismən təmin edilmiş, iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış Agentliyin vəsaitindən Cavabdeh Kredit İttifaqı MMC-dən 05.10.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat faiz borcu və 5000 manat cərimə borcu olmaqla cəmi 96093,64 manatın, 09.12.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu və 2000 manat cərimə borcu olmaqla cəmi 29934,56 manat pulun tutularaq iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, Cavabdeh Kredit İttifaqı MMC-dən 30 manat dövlət rüsumunun dövlət gəlirinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının 29.09.2016-cı il tarixli qərarı ilə Agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə Cavabdeh Kredit İttifaqı MMC müvəkkil kredit təşkilatı seçilmiş, Agentliklə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 05.10.2016-cı il tarixli müqaviləyə əsasən, müvəkkil kredit təşkilatı üçün 100000 manat, 09.12.2016-cı il tarixli müqavilə üzrə 50000 manat həcmini aşmamaq şərtilə kredit xətti açılmışdır. Müqavilələrin 3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə 2 bank günü keçdikdən sonra Agentliyə illik 2 % ödəyir. Müqavilənin 5.6-cı bəndinə əsasən, müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrə ödənilir. 6.1-ci bəndə əsasən, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. 8.4-cü bəndə əsasən, müvəkkil kredit təşkilatı müqavilə şərtlərinə əməl etmədikdə Agentlik bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozmaq hüququnu öz üzərində saxlayır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, 05.10.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat manat faiz borcu yaranmış və iddiaçı həmin borca 10000 manat cərimə borcu hesablamış, 09.12.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 4925,46 manat cərimə borcu hesablamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun ödənilməmiş 05.10.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borcu, 468,23 manat faiz borcu və 09.12.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin müqavilələr ləğv edilməli və müqavilələr üzrə əsas və faiz borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilələr üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin 3.1-ci bəndinə əsasən coxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərələr arasında bağlanmış müqavilələrin 6.1-ci bəndlərində tərəflər razılaşmışlar ki, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən çox olmasa da yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 6.3- cü maddəsinə əsasən Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşklatı tərəfindən pozulması aşkar edilərsə, müvəkkil kredit təşkilatı dərhal layihədən kənarlaşdırılır. Belə olan halda borcalanlar tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı aldığı kredit vəsaitini və vəsaitdən istifadəyə görə faiz borclarını 15 gün müddətinə Xidmətə ödəyir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyərək borc ödənilməmiş, buna baxmayaraq iddiaçı müqavilədən irəli gələn hərəkətləri etməmiş və nəticədə cərimənin artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq cərimə azaldılmalı və cavabdehdən 05.10.2016-cı il tarixli müqavilə üzrə 10000 manat deyil, 5000 manat, 09.12.2016-cı il tarixli müqavilə üzrə 4925,46 manat deyil, 2000 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3, 467-ci, 385, 386, 423, 424, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi getdiyi dövrdə İttifaq tərəfindən qeyd olunan müqavilələr üzrə borcdan 06 yanvar 2021-ci tarixdə 2300 manat, 19 mart 2021-ci il tarixdə isə 1800 manat, 30 mart 2021-ci il tarixdə 700 manat olmaqda cəmi 4800 manat pul ödənilmiş və bununla bağlı Şəki Kommersiya Məhkəməsinə rəsmi məlumat verilərək 4800 manatın iddia tələbi üzrə borcdan çıxılmasını və cərimə məbləğinin ləğv edilməsini xahiş etmişdirlər. Lakin məhkəmə 4800 manat pul vəsaitini borcdan çıxmamış, dəbbə pulunu azaltsa da 7000 manatının ittifaqdan tutulmasını qət etmişdir. Odur ki, onlar Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385, 386, 423, 424, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də kollegiya Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsini apelyatorun mübahisələndirdiyi müğavilələr üzrə ödənilmiş 4800 manat borc pul və cərimə məbləği hissəsinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının 29.09.2016-cı il tarixli qərarı ilə Agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə Cavabdeh Kredit İttifaqı MMC müvəkkil kredit təşkilatı seçilmiş, Agentliklə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 05.10.2016-cı il tarixli müqaviləyə əsasən müvəkkil kredit təşkilatı üçün 100000 manat, 09.12.2016-cı il tarixli müqavilə üzrə 50000 manat həcmini aşmamaq şərtilə kredit xətti açılmışdır. Müqavilələrin 3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə 2 bank günü keçdikdən sonra Agentliyə illik 2 % ödəyir. 5.6-cı bəndə əsasən, müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrə ödənilir. 6.1-ci bəndə əsasən, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. 8.4-cü bəndə əsasən müvəkkil kredit təşkilatı müqavilə şərtlərinə əməl etmədikdə Agentlik bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozmaq hüququnu öz üzərində saxlayır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, 05.10.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat manat faiz borcu yaranmış və iddiaçı həmin borca 10000 manat cərimə borcu hesablamış, 09.12.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 4925,46 manat cərimə borcu hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, məhkəmə prosesi getdiyi dövrdə İttifaq tərəfindən qeyd olunan müqavilələr üzrə borcdan 06 yanvar 2021-ci tarixdə 2300 manat, 19 mart 2021-ci il tarixdə isə 1800 manat, 30 mart 2021-ci il tarixdə 700 manat olmaqda cəmi 4800 manat pul ödənilmiş və bununla bağlı Şəki Kommersiya Məhkəməsinə rəsmi məlumat verilərək 4800 manatın iddia tələbi üzrə borcdan çıxılmasını və cərimə məbləğinin ləğv edilməsini xahiş etmişdirlər. Lakin məhkəmə 4800 manat pul vəsaitini borcdan çıxmamış, dəbbə pulunu azaltsa da 7000 manatının ittifaqdan tutulmasını qət etmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası tərəfindən dəfələrlə cavabdeh tərəfdən tələb edilməsinə baxmayaraq, cavabdeh tərəf müqavilələr üzrə borcdan 06 yanvar 2021-ci tarixdə 2300 manat, 19 mart 2021-ci il tarixdə isə 1800 manat, 30 mart 2021-ci il tarixdə 700 manat olmaqda cəmi 4800 manat pulun ödənilməsi barədə sənədlərin əslini və ya lazımı qaydada təsdiq edilmiş surətlərini məhkəmə kollegiyasına təqdim etməmiş, bununla bağlı məhkəmə kollegiyasının iclası 2 dəfə təxirə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəfindən ödənilmiş məbləğ icra mərhələsində həll edilə bilər və ödənilmiş məbləğ tələb edilən məbləğdən çıxıla bilər. Məhkəmə kollegiyası dəbbə puluna münasibətdə apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlili həmin hissədə də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu kifayət qədər azaldılmışdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin 3.1ci bəndinə əsasən coxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərələr arasında bağlanmış müqavilələrin 6.1-ci bəndlərində tərəflər razılaşmışlar ki, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən çox olmasa da yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 6.3-cü maddəsinə əsasən Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşklatı tərəfindən pozulması aşkar edilərsə, müvəkkil kredit təşkilatı dərhal layihədən kənarlaşdırılır. Belə olan halda borcalanlar tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı aldığı kredit vəsaitini və vəsaitdən istifadəyə görə faiz borclarını 15 gün müddətinə Xidmətə ödəyir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyərək borc ödənilməmişdir. Bu səbəbdən də, cavabdehdən 05.10.2016-cı il tarixli müqavilə üzrə 10000 manat deyil, 5000 manat, 09.12.2016-cı il tarixli müqavilə üzrə 4925,46 manat deyil, 2000 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)- 98/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Kredit İttifaqı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-98/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-2(107)-56/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-56/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver