Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-56/2022 22.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 may 2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya məxsus mağazanı boşaltması və kooperativə təhvil verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən 14 aprel 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətini ona geri qaytarmış, əsas kimi isə qətnaməni 12 mart 2022-ci il tarixdə almağını, apellyasiya şikayətini isə prosessual müddəti ötürməklə verməyini qeyd etmişdir. Məhkəmə qətnaməsinin ona hansı tarixdə verilməsini unutduğu üçün qətnamənin ona dəqiq hansı tarixdə çatdırılmasını müəyyən etmiş və poçt şöbəsindən ona bildirilmişdir ki, qətnamə ona xx.xx.2022-ci il tarixdə saat 10:07-də çatdırılmışdır. Bu barədə çıxarışı apellyasiya şikayətinə əlavə etmişdir. Qətnamənin ona 14 mart 2022-ci il tarixində çatdırıldığına əmin olaraq apellyasiya şikayətini 14 aprel 2022-ci il tarixində göndərmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti onu verən şəxsə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi-Vəkil həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yerləşdirilərək imzalandığından qanunvericiliyin tələbi baxımından həmin tarixdə tərəflərə, o cümlədən cavabdehin vəkili Vəkil rəsmi qaydada çatdırılmış hesab edilir. Cavabdehin elektron kabinetinin olmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, hüquq və vəzifələrin izahına dair bildirişdə tərəflərə “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinetin yaradılması zəruriliyi və bunun yaradılmamasının nəticələri izah edilmiş, lakin cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmişdir. Buna baxmayaraq məhkəmə yenə də, məhkəmə aktının surətini kağız daşıyıcıda poçt vasitəsi ilə cavabdehin qeydiyyat ünvanı üzrə göndərmiş və sonuncu şəxsən xx.xx.2022-ci il tarixdə imza etməklə məhkəmə qətnaməsinin surətini almışdır. Cavabdehə münasibətdə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddət xx.xx.2022-ci il tarixdən deyil, cavabdeh tərəfindən şəxsən imza edilmiş poçt göndərişinin alınmasına dair xəbərnaməyə əsasən xx.xx.2022-ci il tarixdən hesablansa belə prosessual müddət ötürülmüşdü və cavabdeh həmin prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin qətnaməni aldığı tarixi unutması üzrlü sabəb deyildir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdehin nümayəndəsi-Vəkil isə qərardaddan verdiyi şikayətdə bildirir ki, məhkəmə sübutları obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə, Azərpoçtun internet saytından əldə olunan çıxarışa düzgün hüquqi qiymət verməmiş və qeyd etmişdir ki, çıxarışda qeyd olunan tarix və saat məlumatların "xxxx" MMC-yə məxsus elektron sistemə daxil edilmə günü və saatıdır. Həmin tarix və saat məktub və banderolların ünvan sahiblərinə çatdırıldığı tarix deyil. Lakin məhkəmə hansı qanunvericilik aktına əsaslanaraq sübuta bu cür qiymət verməyi qərardadda göstərməmişdir. Azərpoçtun çıxarışında qeyd edilən tarix cavabdehin qətnaməni rəsmi qaydada aldığı tarixdir. Əgər poçt qətnaməni xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırmış olsa, elektron sistemə xx.xx.2022-ci il tarixdə işləmiş olsa belə bu cavabdehin yox, zərfi ona çatdırılan gün elektron sistemə işləməyə cavabdeh olan poçt işçisinin məsuliyyətsizliyidir. Şikayət vermək üçün prosessual müddət ötürülməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işin 2-ci cildinin 16-cı vərəqəsində olan qəbzdən görünür ki, Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2- 2(117)-18/2022 saylı qətnaməsi 12 mart 2022-ci il tarixdə Cavabdeh şəxsən rəsmi qaydada verilmişdir. Apellyasiya şikayəti isə 14 aprel 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 13 aprel 2021-ci il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 14 aprel 2022-ci il tarixdə verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin nümayəndəsinin-vəkilinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-56/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-56/2022
22.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver