Məhkəmə qərarları › İş №2-2(107)-56/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-56/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-56/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 30 aprel 2021-ci il tarixli, TM-344/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 8,5 % dərəcəsi ilə, 12 ay müddətinə, əsas borcun ödənişi 7-ci aydan başlayaraq xx.xx.2022-ci il tarixədək 15.000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 13.191,17 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 969 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 1618,30 manat, müqavilə müddəti bitdikdən sonra borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 1060,79 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 13.191,17 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 969 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1507,47 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1060,79 manat olmaqla, cəmi 16.839,26 manat borcun və 210 manat məbləğində ödənilmiş mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 30 aprel 2021-ci il tarixli, TM-344/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 8,5 % dərəcəsi ilə, 14 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin krediti və ona hesablanmış faizləri ödəniş etməsi razılaşdırılmışdır, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh əsas borcdan 1808,83 manat, faiz borcundan isə 306 manat ödəmişdir. Sözügedən mübahisə ilə bağlı mediasiyanın keçirilməsi üçün 210 manat ödənilmişdir. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-149/2024 nömrəli iş üzrə 05 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, cavabeh Cavabdeh 13.191,17 manat əsas borc, müqavilə müddəti ərzində hesablanmış 969 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1060,79 manat faiz borcu, hesablanmış 200 manat cərimə borcu və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iş materiallarında olan hesabdan çıxarış sənədlərindən müəyyən etmişdir ki, 15.000 manat məbləğində vəsait cavabdehin bank hesabına kredit tranşları formasında köçürülmüşdür. Lakin borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbində qeyd etdiyi 13.191,17 manat əsas borcu və 969 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 1507,47 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsinin 4.7-ci bəndinin şərtinə əsasən illik 10 %-lə hesablanmış 1507,47 manat cərimə borcu tənasübsüz şəkildə yüksək olduğundan, həmçinin vaxtında məhkəməyə müraciət etməməklə borcun artırılmasına şərait yaradıldığını və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borclu olan cavabdehdən 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmş 1060,79 manat faiz borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 21 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 1154,22 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (13191,17 * 5% = 659,55 manat – 1 il üçün, 659,55/ 12 = 54,96 aylıq faiz, 54,96 x 21 ay = 1154,22 manat) təşkil edir. İddiaçı isə 1060,79 manat tələb edir ki, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından həmin məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə ödənilməli dövlət rüsumu 140,52 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən cavabdehdən dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Lakin iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən dövlət rüsumu ödənilməmişdir. Mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Odur ki, yalnız 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462.1, 462.3, 467, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin “iddianın qismən təmin edilməsi” hissəsində dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin 13.191,17 manat əsas borcunun olub-olmamasını məhkəmə tam araşdırmamışdır. Məhkəmə yalnız bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatı mötəbər sübut kimi qəbul etmiş və həmin məlumata əsasən əsas borcun 13.191,17 manat olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə tərəfindən işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsəydi, əsas borcun yuxarıda qeyd edilən qədər olmadığı müəyyən edilərdi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddiaçının iddiası qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh iddia tələbinin qismən təmin edilən hissəsini mübahisələndirdiyindən, Məhkəmə mübahisələndirilməyən hissənin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 30 aprel 2021-ci il tarixli, TM-344/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 8,5 % dərəcəsi ilə, 12 ay müddətinə, əsas borcun ödənişi 7-ci aydan başlayaraq xx.xx.2022-ci il tarixədək 15.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh(borcalan) öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icra etməməsi(gecikdirməsi) aşkardır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, kredit üzərində illik 8,5% hesablanacaqdır(bənd 1.1.a). Məhkəmə hesab edir ki, cavabdeh sözügedən kredit müqaviləsini bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də əsas və faiz borcunun hesablanması halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 1618,30 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin 1507,47 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək dəbbə pulunu 200 manat müəyyən etmişdir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni 30 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişlərin və ödənilməmiş əsas kredit borcunun məbləğini və kreditə görə hesablanan faizləri nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu məbləğini azaldarkən cavabdeh ilə yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimə borcunun 200 manat müəyyən etməkdə haqlı olmuşdur. Müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış və tələb olunan 1060,79 manat faiz borcuna münasibətdə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 21 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 1154,22 manat təşkil edir. İddiaçı isə 1060,79 manat tələb edir ki, Məhkəmə həmin məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə yaranmış borc məbləğini mübahisələndirir. O, bildirir ki, iş üzrə ekspertiza təyin olunmalı, borc məbləği ekspertin rəyi əsasında müəyyən edilməli idi. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2). MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verməmiş, ümumiyyətlə isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa cavabdeh kredit borcunun düzgün hesablanmadığını bildirsə də, bu xüsusatı təsdiq edə və bu hissədə məhkəmənin gəldiyi nəticəni şübhə altına ala biləcək sübutları (məsələn: tərəfindən ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış ödəniş sənədlərini) Məhkəməyə təqdim etməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tаrixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar