Məhkəmə qərarları › İş №2-2(107)-57/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-57/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-57/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi X4 və vəkili X1; Cavabdeh - “X7” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X7” MMC-yə qarşı icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, maddi ziyan və sair tələbi barədə kommersiya mübahisəsi işi üzrə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, e-2-2(117)-122/2021 nömrəli icra sənədi üzrə icra vərəqəsinə izah verilməsi barədə Qəbələ rayon İcra və Probasiya şöbəsinin ərizəsinin təmin edilməsinə Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-2(117)-122/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı MMC cavabdeh “X7” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat və 30 manat dövlət rüsumunun, 20000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı hüquqi ünvanı olan ünvan 1ışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, əmlaklardan istifadə edilməsinin və istehsal edilmiş məhsulların satışının dayandırılmasının Cavabdehnə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(117)-122/2021 saylı qərardadı ilə ərizə təmin edilərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı hüquqi ünvanı olan ünvan 1ışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılmasının Cavabdehnə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması qərara alınmışdır. Qərardad əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün 10.02.2021-ci il tarixdə Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsi 15.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(117)-122/2021 saylı qərardadı əsasında verilmiş icra sənədinə izah verilməsini məhkəmədən xahiş etmiş və müraciətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC icra şöbəsinə müraciət edərək Cavabdeh MMC-nin icra sənədi üzrə tələbləri tam yerinə yetirməməsi və kommunal xidmətlərin (qaz və işıq) dayandırılması barədə məlumat vermiş, icra sənədinə əsasən istehsal prosesinin bərpasına borclu tərəfindən törədilən maneələrin aradan qaldırılmasının təmin edilməsini xahiş etmişdir. Odur ki, kommunal xidmətlərin dayandırılmasının iddiaçı cəmiyyətin istehsal prosesinə maneə olub-olmaması məsələsinin aydınlaşdırılmasında çətinlik yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı (hakim Rüfət Məcidov) qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(117)- 122/2021 saylı qərardadında həll edilmiş məsələlərin kommunal xidmətlərlə (qaz və işıq) bağlı olmaması izah edilmişdir. İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla işə baxmış hakim qəbul etdiyi məhkəmə qərarını izah etməyə haqlıdır. İşə hakim M.Hüseynov tərəfindən baxılsa da, izah məsələsinə başqa hakim tərəfindən baxılmışdır. Bundan başqa qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmənin qərardadı cavabdeh tərəfindən 23.02.2021-ci il tarixdə icra edilmiş, bu barədə akt tərtib edilmişdir. Hər iki tərəfin nümayəndələri bu halı etiraf etməsinə baxmayaraq məhkəmə tərəfindən izah verilmişdir. Bundan əlavə qərardadda kommunal xidmətlərin dayandırılmasının iddiaçı cəmiyyətin istehsal prosesinə maneə olub-olmaması məsələsinin aydınlaşdırılmasında çətinlik yaranması ilə bağlı icra məmurunun sualına izah və cavab verilməmişdir. Bundan başqa iddiaçının işıq, qaz ödənişlərdə heç kimə borcu yoxdur. Ödənişlər edilmişdir, cavabdeh də məktubunda bu halı qeyd etmişdir. İcarəyə verən icarəçini kommunal xidmətlərlə təmin etməlidir. Cavabdeh 2021-ci ildən iddiaçını istehsal sexinə buraxmamış, lakin məhkəmə qərardadı ilə maneələr aradan qaldırılmış, lakin kommunal xidmətlər kəsilmişdir. Bu da maneə yaratmağın başqa üsuludur. Odur ki, məhkəmə tərəfindən izah daha ətraflı və dolğun verilsəydi daha məqsədəuyğun olardı. Göstəriləri nəzərə alıb Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı qərardadı ilə şikayət baxılması üçün kommersiya mübahisəsinə dair iş ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 və vəkili X2 şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)- 122/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X7” MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayətə etiraz edərək, onun təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-2(117)-122/2021 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qərardad və onun əsasında verilmiş icra sənədinə izah verilməsi ilə bağlı qanunvericlikdə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində) hüquq norması nəzərdə tutulmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən məhkəmə analoji münasibətləri tənzimləyən 230-cu maddədə nəzərdə tutulmuş hüquq normalarına müraciət etməklə qərardada izah verilməsi mümkündür. Məhkəmə kollegiyası birnci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişilirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. İş materiallarında olan iddianı təmin etmə təbdiri haqqında ərizənin və Şəki Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış 10.02.2021-ci il tarixli e-2-2(117)- 122/2021 nömrəli qərardadının məzmunundan müəyyən olunur ki, tərəflər arasında mübahisə üzrə təmin tədbiri ünvan 2 ünvanına iddiaçı şirkətin rəhbərliyinin, müəssisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulmasının, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılmasının cavabdeh “X7” MMC-yə qadağan edilməsindən və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “...iddiaçı tərəfindən iddia ərizəsi və eyni vaxtda iddianı təmin etmə tədbiri barədə ərizə verilərkən kommunal xidmətlərlə bağlı tərəflər arasında mübahisə olmamış, tərəflər arasında kommunal xidmətlərlə bağlı ayrıca müqavilə mövcud olmuş və iddiaçı təmin tədbiri barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasını xahiş edərkən kommunal xidmətlərlə bağlı məsələni nəzərdə tutmamışdır. İddianı təmin etmək üçün tədbirlərin görülməsi barədə məhkəmə qərardadının qüvvəsi iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minəcəyi məqamadək olduğundan icra sənədini icra olunmuş hesab etmək olmaz. Belə ki, icra sənədində göstərilən tədbirlərin görülməsi bir dəfəlik icranı nəzərdə tutmur, qətnamə qanuni qüvvəyə minənədək öz qüvvəsini saxlayır və mütəmadi xarakter daşıyır. İcra qurumunun təqdimatından müəyyən olunur ki, icra qurumunun müraciəti Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-2(117)-122/2021 nömrəli qərardadı əsasında verilmiş icra sənədində göstərilmiş tənzimləmənin qəbul olunduqdan sonra yaranmış münasibətlərə şamil olunub-olunmaması ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etdiyi və məhkəmə müraciət etdiyi zaman tərəflər arasından kommunal (işıq, qaz) xidmətlərlə bağlı mübahsiə olmamış, iddianı təmin etmə tədbirinin görülməsi barədə iddiaçının müraciəti ünvan 2 ünvanına şirkətin rəhbərliyinin, müəssisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının cavabdeh tərəfindən dayandırılmasından ibarət olmuşdur. ....müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilən əraziyə kommunal xidmətlərin verilməsinin dayandırılması 2021-ci ilin mart ayının sonunda baş vermişdir ki, tərəflər arasında bu halla bağlı baş vermiş mübahisə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2- 2(117)-122/2021 nömrəli qərardadı əsasında verilmiş icra sənədi əsasında həll edilə bilməz. Belə ki, qeyd olunduğu kimi Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı qəbul olunduğu zaman tərəflər arasında qaz və işıqla bağlı mübahisə olmamış və icra sənədi Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı qəbul olunmasınadək yaranmış mübahisə ilə bağlı müvəqqəti tənzimləməni özündə nəzərdə tutur. Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı əsasında verilmiş icra sənədi qəbul olunmasından sonra yaranmış mübahisələrə tətbiq oluna bilməz. Belə ki, məhkəmə aktı qəbul olunanadək yaranmış mübahisə ilə bağlı özündə tənzimləməni əks etdirir və gələcəyə yönəlik tənzimləməni özündə ehtiva edə bilməz. ...Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı qəbul edilənədək yaranmış mübahisələr üzrə tənzimləməni nəzərdə tutduğundan həmin qərardad tərəflər arasında mart ayında yaranmış münasibətlərin həlli üçün istifadə edilə və tətbiq oluna bilməz..”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, 10.02.2021-ci il tarixli iddianın təmin tədbiri haqqında qərardadda Cavabdeh MMC-yə başqa qadağalarla yanaşı iddiaçının istehsal prosesinin bərpasına olan məhdudiyyətlərin qoyulması da qadağan edilmişdir. İstehsal prosesinin bərpası təkcə rəhbərliyin, işçilərin əraziyə giriş-çıxışından, malların daşınmasından asılı deyil, qaz, elektrik verlişi nəticəsində avadanlıqların işləməsindən asılıdır. Avadanlıq işləmirsə istehsal prosesinin bərpasından, davamlığından söz gedə bilməz Belə olan halda birinci instansiya məhkəməsi kommunal xidmətlərin (qazın və elektrik enerjisinin) verilməsinin dayandırılmasının iddiaçının istehsal prosesinə təsirini və istehsal prosesinin kommunal xidmətlərin verilişindən birbaşa asılılığını ətraflı araşdırmamışdır. Eyni zamanda, iş materiallarında olan tərəflər arasında bağlanmış 17 fevral 2021-ci il tarixli 02/20-SN saylı icarə müqaviləsinin 3.4.2-ci bəndində deyilir ki, icarəçi (iddiaçı) kommunal xidmətlərdən istifadə üçün müvafıq icra orqanlarla öz adından müvavilə bağlaya bilər, əgər bunu yerinə yetirmək mümkün olmazsa kommunal xidmətlərdən növbəti qaydada istfadə edəcək. İcarəçi əmlakı təhvil aldıqdan sonra hər növbəti ayın 10dək sayğacın göstəricilərinə əsasən təqdim olunmuş kommunal xərclərini (zibil, kanalizasiya, su, qaz (olduğu təqdirdə) elektrik enerjisi, telefon) 5 (beş) iş günü ərzində icara haqqından əlavə olaraq ödəyır və kommunal xidmətlərin istifadəyə hazır olmasını təmin edir. Həmin müqavilənin 4.2.4-cü bəndinə görə, ... kommunal xidmətlərlə (su təminatı, elektrik enerjisi, qaz, kanalizasiya vəs.) təmin etmək, kommunal xidmətlər icarəçinin təqsiri olmadan dayandırıldığı halda onların bərpası üçün tədbirlər görmək, icarəyə verənin ödənişləri gecikdirməsi və yaxud tamamilə yerinə yetirməməsi üzündən, istehsal prosesisnin dayandığı hər gün üçün icarəçiyə onun yazılı tələbi ilə 20.000 AZN bununla əlaqədar pul vermək ...icarəyə verənin (cavabdehin) vəzifələri sırasına daxil edilmişdir. Həmin müqavilənin 4.4.4-cü bəndinə görə, icarə haqqını və komunal xərcləri hazırki müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin vəzifəsidir. Müqavilənin qeyd edilən bəndlərinə əsasən, icarəyə verən icarəçini komunal xidmətlərlə təmin etməli olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xidmətlərin göstərilməsi barədə 01 may 2020-ci il tarixli, 34 QKZ SC 20 saylı 2.1.1, 2.1.2-ci bəndlərinə görə, “sifarişçi”nin (iddiaçının) müqavilənin şərtlərinə uyğun olaraq xidmətləri qəbul etmək, müqavilə şərtlərinə əsasən lazımi səviyyədə göstərilmiş xidmətlərə görə müəyyən edilmiş məbləği “icraçı”ya ödəmək öhdəlikləri, həmin müqavilənin 2.2.1, 2.2.2-ci bəndlərinə əsasən, “icraçı”nın (cavabdehin) xidmətləri lazımi keyfiyyətlə və hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə göstərmək, təhvil verilmiş xidmətlərin keyfiyyətində aşkar olunmuş hər hansı çatışmazlıqları “sifarişçi”nin (iddiaçının) tələbi ilə əvəzi ödənilmədən qısa müddətə aradan qaldırmaq öhdəlikləri vardır. Göründüyü kimi, cavabdehin icarəyə verdiyi sahələri elektrik enerjisi və qazla da təmin etməsi icarə müqaviləsinin əsas şərtlərindən biri olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi kommunal xidmətlərə görə cavabdehə borcunun olmadığını, cavabdehin nümayəndəsi isə iddiaçının kommunal xidmətləri ödəmədiyini bəyan etmişlər. Birinci instansiya məhkəməsi icra sənədinə verdiyi izahda iddianın təmin tədbiri haqqında 10.02.2021-ci il tarixli qərardadın məqsədi, icarə münasibətlərinin, icarə müqaviləsi üzrə işin faktiki hallarının, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinin pozulmasının nədən ibarət olması, qərardadın hansı halları nəzərə almaqla çıxarılması, hansı məsələlərin həll edilməsi məqsədilə qəbul edilməsi, xüsusilə istehsal prosesinin bərpasının nədən və hansı vacib hallardan asılı olmasını araşdırmamış, cavabdehin istinad etdiyi, mübahisə predmetinə aid olmayan xidməti müqavilə üzrə komunal xidmətlərin dayandırılmasının istehsal prosesinə maneə olub-olmaması məsələsinə ümumiyyətlə toxunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan icra sənədinə verilmiş izah Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinnin tələblərinin pozulmasına (qərardadın məzmununun dəyişdirilməsinə) gətirib çıxarar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh “X7” MMC-yə qarşı icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, maddi ziyan və sair tələbinə dair kommersiya işi Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(117)- 122/2021 saylı qərardadı əsasında verilmiş icra sənədinə izah verilməsi barədə Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün baxılması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Nəcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikаyət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2-2(117)-122/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh “X7” MMC-yə qarşı icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, maddi ziyan və sair tələbinə dair kommersiya işi Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(117)-122/2021 saylı qərardadı əsasında verilmiş icra sənədinə izah verilməsi barədə Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ərizəyə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar