Məhkəmə qərarları › İş №2-2(107)-58/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-58/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-58/2023 01.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə Cavabdeh1(bundan sonra- borcalan) arasında 25 may 2021-ci il tarixli, TM- 403/21 nömrəli kredit müqaviləsi bağlanmış və borcalana 12 ay müddətinə- 25 may 2022ci il tarixədək illik 8,5 % dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2(bundan sonra- zamin) arasında 25 may 2021-ci il tarixli, ZT1- 403/21 nömrəli zaminlik müqaviləsi bağlanmış və 25 may 2021-ci il tarixli, TM-403/21 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zamin borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən 25 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 14.462,01 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 1.625,37 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 14.462,01 manat əsas borc və 1.625,37 manat faiz borcu olmaqla, cəmi 16.087,38 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Öhdəliyin icrası üçün zamin də borcalanla birlikdə məsuliyyət daşıyır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-384/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 14.462,01 manat əsas borc, 1.070,28 manat faiz borcunun və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, Cavabdeh1 138,26 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, borcalana 15.000 manat kredit verilmiş, lakin borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə borcalanın ödənilməmiş borcu yaranmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində əsas borca münasibətdə haqlıdır. İddia tələbinin “1.625,37 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Məhkəmə bu məbləğin hesablanması üçün məhkəmə ekspertizası təyin edilməsini məqsədəuyğun hesab etmir. Çünki məhkəmə icraatında ləngimələrə yol veriləcək ki, bu da tərəflərin mənafeyinə uyğun hesab edilmir. Məhkəmənin faiz borcuna münasibətdə sadə hesablama aparması isə tərəflərin hər hansı bir maraqlarına toxunmamaqla bərabər, işin hallarının obyektiv araşdırmasına dəlalət edir. Məhkəmə sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlir ki, 1275 (15000*8,5%/100=1275) manat faiz borcu ödəməli olduğundan və onun 204,72 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən 1.070,28 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin zamin Cavabdeh2 qarşı iddia irəli sürülməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, TM-403/21 nömrəli kredit müqaviləsinin təmini olaraq eyni tarixdə Cavabdeh2la zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli, TM-403/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, məhkəmə hesab edir ki, zaminə qarşı iddia irəli sürmək müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Ona görə də, iddia tələbi Cavabdeh2 qarşı olan hissədə də əsassızdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, cavabdeh X1 qarşı borcun tutulmasının rədd edilməsi hissəsinin ləğv olunmasını və iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin zaminliyə xitam verilməsi barədə mövqeyi ilə razı deyilik. Belə ki, məhkəmə iddia tələbinin zamin Cavabdeh2 qarşı iddia irəli sürülməsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, TM-403/21 nömrəli kredit müqaviləsinin təminatı olaraq eyni tarixdə Cavabdeh2la zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləninn 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021- ci il tarixli, TM-403/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən məhkəmə hesab etmişdir ki, zaminə qarşı iddia irəli sürmək müddəti də bitmişdir. Bundan sonra məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinəistinad edərək qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Məhkəmə daha sonra qeyd edir ki, yuxarıda qeyd edilən maddənin birinci abzasında göstərilən müddət nəzərəalınsa,zaminə qarşı iddiaən geci müqavilənin bitdiyi xx.xx.2022- ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Qeyd etməliyik ki, məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək zaminliyə xitam verilməsi qərarına gələrək iddianı rədd etməsi əsassızdır. Kredit müqaviləsi ilə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə zamin olmuş şəxs Cavabdeh2 arasında 25 may 2021-ci il tarixli, ZT1- 403/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxs borcalanın 25 may 2021-ci il tarixli, TM-403/21 saylı kredit müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Həmin müqavilənin 2.1-ci bəndində deyilir ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası kredit təşkilatı ilə Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TM -403/21 nömrəli kredit müqaviləsidir. Həmin zaminlik müqaviləsinin 2.2.-ci bəndində göstərilir ki, təmin olunmus müqavilənin predmeti borclunun kreditora olan 15.000 manat kredit borcu ve ona hesablanan faizlərdir. Sözügedən zaminlik müqaviləsinin 2.3-cü bəndində isə deylir ki, bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icra müddəti borclunun kredit təşkilatı qarşısında olan xx.xx.2021-ci il tarixli, TM - 403/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirilənədəkdir. Buradan da göründüyü kimi yuxarıda göstərilən kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən tam icra edilmədiyi üçün zamin Cavabdeh2 kreditor qarşısında olan öhdəliyinə xitam verilməsi həm zaminlik müqaviləsinin şərtlərinə, həm də Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələblərinə ziddir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmişdirlər və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdirlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçının iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilsə də, o, qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı tərəfindən şikayətində iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsi mübahisələndirildiyindən Məhkəmə qətnamənin həmin hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0 və 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlili odur ki, məhkəmə zamin olan digər Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh-zamin Ramazan Xammədovun iddiaçı kredit təşkilatı qarşısında məsuliyyəti borc öhdəliyinin tam icrasınadək müəyyənləşmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildiririr ki, iddiaçı ilə zamin Cavabdeh2 arasında 25 may 2021-ci il tarixli, ZT1-403/21 nömrəli zaminlik müqaviləsinin “müqavilənin qüvvədə olma müddəti” adlanan 6-cı bəndində qeyd olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli, TM-403/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin müqavilənin 2.3-cü bəndində isə qeyd olunur ki, bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti borcalanın kredit təşkilatı qarşısında xx.xx.2021-ci il tarixli, TM-403/21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Məhkəmə hesab edir ki, müqavilədə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir: - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi. Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırki halda zaminlik müqaviləsində zaminliyin verilmə müddəti 25 may 2022-ci il tarixdə, yəni hazırki kredit öhdəliyinin icrası vaxtı başa çatdığı tarixdə qurtarmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə 10 aprel 2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı zaminə qarşı hazırki iddia tələbini zaminliyin verilmə müddəti qurtardıqdan sonra irəli sürmüşdür. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2023cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar