Məhkəmə qərarları › İş №2-2(107)-58/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-58/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-58/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin хеyrinə 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 631.95 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776.39 manat cərimə faizi olmaqla, cəmi 51408.34 manat və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcu və 3,208.34 manat cərimə faizi olmaqla, cəmi 57,041.67 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1456/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə 350000 manat məbləğində bərpa olunan kredit limiti açılmışdır.

2. Əsas kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc alan krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə görə hesablanmış faziləri borc verənə ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 8.2-ci bəndinə əsasən əlavə kredit müqaviləsində başqa qayda nəzərdə tutulmadığı halda borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc verən tərəfindən borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müvafiq əlavə kredit müqaviləsində kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər.

3. Bundan sonra əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir.

4. Eyni zamanda əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir.

5. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3163-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilən öhdəlik xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsidir.

6. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

7. Bundan başqa xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ipoteka ilə yüklü edilmişdir.

8. xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinin 5.4-cü bəndində göstərilmişdir ki, tərəflər razılığa gəlirlər ki, tutma yönəldilən zaman ipoteka predmetinin ilkin satış qiyməti ipoteka saxlayanın seçimi əsasında aşağıda qeyd olunmuş qiymətləndiricilərdən (qiymətləndirmə şirkətlərindən) biri tərəfindən müəyyən ediləcək: - 5.4.1. "xxxx" MMC; - 5.4.2. "xxxx" MMC

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, o cümlədən, ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq 3163/ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.

10. Caspian Valuation şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 118000 manat, likvid dəyəri 106000 manat təşkil edir.

11. İş materillarında olan maliyyə arayışından görünür ki, cavabdehin 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 631.95 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776.39 manat cərimə faizi olmaqla borcu mövcuddur.

12. Eyni zamanda digər maliyyə arayışından görünür ki, cavabdehin 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcu və 3,208.34 manat cərimə faizi olmaqla borcu mövcuddur.

II. Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin хеyrinə 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 298.62 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776.39 manat cərimə faizi olmaqla, cəmi 51,075.01 manat və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcu və 3,208.34 manat cərimə faizi olmaqla, cəmi 57,041.67 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və iddia tələbinin 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 298.62 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində məbləğin artırılaraq 631.95 manat qəbul edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

16. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 20 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1456/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 623,28 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 200 manat cərimə faizi olmaqla, cəmi 50 823,28 manat və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3781,2 manat faiz borcu və 300 manat cərimə faizi olmaqla, cəmi 54 081,2 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun, 0.40 manat xidmət haqqı və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 106 000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehlərin "xxxx" ASCyə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən, qalan 150 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq “Caspian Valuation” şirkətinin "xxxx" ASC-nin Nərimanov filialında olan bank müvafiq hesabına ödənilməsi qət edilmişdir.

17. Məhkəmə iddia tələbinin “2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 631.95 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu, 3907-KQ nömrəli, xx.xx.2023cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir.

18. Məhkəmə zaminə münasibətdə hesab etmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır.

19. Məhkəmə qeyd etmişdir ki, adi hesablama ilə faiz borcu gecikdirilən 184 gün üçün aşağıdakı qaydada sadə hesablama yolu ilə müəyyən edilmişdir ki, 50000x15:100=7500. 7500:365=20,5 manat günlük. 20,55x184=3781,2 manat təşkil edir. Ona görə də hesablama nəticəsində iddiaçı 3780,82 manat qeyd edilən müqavilə üzrə faiz borcu tələb edə bilər.

20. Məhkəmə 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 776.39 manat məbləğində cərimə faizi və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 3208.34 manat məbləğində cərimə faizinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməli, cavabdehlərdən 2596KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 200 manat cərimə borcu, 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 300 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 106 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 445.2-445.7, 448.1, 462.1, 462.3, 467, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 39.3.3, 47.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 119.1, 216-220-ci maddələrinə istinad edərək həmin nəticəyə gəlmişdir.

23. Həmin qətnamədən narazı olan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

24. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqavilələri, ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xəbərdarlıq məktubları, maliyyə arayışları, hesabdan çıxarışlar, Mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarını düzgün tədbiq etməmiş və sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, ipoteka predmetinin likvid dəyərinin öyrənilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Caspian Valuation MMC-yə müraciət edilmiş və Caspian Valuation şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 118000 manat, likvid dəyəri isə 106000 manat müəyyən olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, qiymətləndirmə şirkəti əmlakın bazar və likvid dəyərini düzgün müəyyən etməmişdir. Belə ki, internet resuslarından (bina.az) əldə etdikləri və müqayisə üçün apellyasiya şikayətinə əlavə etdikləri materiallardan də aydın olur ki, eyni ərazidə ipoteka predmeti ilə müqayisədə torpaq və yaşayış sahəsi daha az olan fərdi yaşayış evinin bazar dəyəri bir halda 105 000 manat, digər halda isə 112 000 manat müəyyən olunmuşdur. İpoteka predmeti 0.7 ha torpaq sahəsi üzərində 2 mərtəbəli, ümumi sahəsi 149,3 kv olan fərdi yaşayış evidir. Yuxarıda qeyd olunan yaşayış evlərinin müvafiq göstəricilərinə münasibətdə ipoteka predmetinin bazar dəyərinin 118000 manat, likvid dəyərinin isə 106000 manat müəyyən olunması ən azı ədalətsizlik kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən hesab edirlər ki, ipoteka predmetinin yenidən qiymətləndirilməsi zərurəti vardır və qiymətləndirmənin aparılması hər hansı hüquqi şəxsə deyil, bilavasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən, tərəfimizdən elektron məhkəmə portalı vasitəsilə iş üzrə müvafiq ekspertizanın keçirilməsi üçün vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatətə münasibət bildirməmişdir. Belə ki, iddiaçının tələb etdiyi əsas məbləğə hesablanan faiz və cərimə məbləğinin düzgünlüyü müəyyən edilməli, bu məqsədlə ekspertiza təyin olunmalı və xüsusi biliyə malik ekspert tərəfindən müvafiq ekspertiza həyata keçirilməlidir. Lakin, məhkəmə öz şəxsi mülahizəsi ilə, hansısa düstüra əsaslanmaqla faiz və cərimə məbləğini hesablamışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1456/2024 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

27. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1456/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

33. İş üzrə cavabdeh tərəfin apellyasiya şikayəti brinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və iddia tələblərinin rədd edilməsinə yönəlsə də, şikayətin məzmununda isə qətnamə bütövlükdə deyil, əsasən əsas, faiz və cərimə borcunun məbləğinə və iopoteka predmetinin likvid dəyərinin müəyyən edilməsinıə dair hissədə mübahisələndirilir. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

39. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

40. Maddə 462. Dəbbə pulu anlayışı - 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (...). - 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

43. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

44. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;

46. Maddə 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

47. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (...); - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (...).

48. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: (...); - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

58. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

59. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1n tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2- 2(117)-1456/2024 saylı qətnaməsi əsas borc hissəsində dəyişdirilməlidir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

63. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə 350000 manat məbləğində bərpa olunan kredit limiti açılmışdır. Bundan sonra əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. İddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3163-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin kredit öhdəlikləri zaminliklə təmin edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin yerinə yetirilməsi üçün ipoteka ilə yüklü edilmişdir.

64. İddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh2 MMC öhdəliklərini yerinə yetirməmiş və onun hər iki müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Cavabdeh2 MMC kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehlərə qarşı hazırkı iddia tələbləri ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmə işə mahiyyəti üzrə baxaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

65. Apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən əsas məbləğə hesablanan faiz və cərimə məbləğinin düzgün müəyyən edilməməsi, bu məqsədlə ekspertiza təyin olunmaması və məhkəmənin öz şəxsi mülahizəsi ilə, hansısa düstüra əsaslanmaqla faiz və cərimə məbləğini hesablaması barədədir.

66. Kollegiya həmin dəlili əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən əsas və hesablanmış faiz borcuna münasibətdə konkret etiraz məhkəməyə təqdim edilməmiş, lakin borcun həcmi suallar doğurduğundan iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Kredit müqavilələri əsasən 3 aylıq tranşlar şəkilində qısamüddətli zaman üçün verilmiş kredit məbləğləridir. Həmçinin həmin kredit vəsaitləri üzrə faiz borcuna dair edilən ödənişlərin məbləği ortadadır və konkretdir. Bunun da adi hesablama qaydasında məhkəmə tərəfindən hesablanması mümkündür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə müqavilənin bitdiyi vaxtdan 91 gün müddət üçün 5 % fazilə hesablanan məbləğ olaraq 631.95 manat pul tələb edir. Məhkəmə müəyyən edir ki, xx.xx.2024-cü il tarixdə müqavilənin müddəti bitmiş, həmin tarixdən 2024-cü ilin avqust, sentyabr, oktyabr və noyabr ayının da 6-nadək 91 gün üçün hesablama aparmışdır. Hesablama 50000 x 5 : 100 = 2500 manat. 2500:365=6,85x91= 623,28 manat təşkil edər. Ona görə də iddiaçı 623,28 manat tələb etməkdə haqlıdır. Eyni zamanda əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə 3,833.33 manat faiz borcu tələb edir.

67. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, borclu kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 2596KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 200 manat cərimə borcu, 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 300 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

68. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcunun miqdarının müəyyən edilməsində də ədalətli mövqe sərgiləmişdir.

69. Apellyasiya şikayətinin əsas dəlillərindən biri məhkəmə əmtəəşünaslıqekspertizasının keçirilməsi ilə bağlı olduğundan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2025-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinin 5.4-cü bəndinə əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi qiymətləndirilməsi, yaşayış evinin və mənzilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilməsi və rəy alınanadək işin icraatının dayandırılması qərara alınmışdır.

70. 15 aprel 2025-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 07 aprel 2025-ci il tarixli, MB 18/0291 saylı qiymətləndirmə rəyində (hesabatında) qeyd olunur ki; - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin 07 aprel 2025-ci ildə

likvid dəyəri 115 000 (bir yüz on beş min) manat təşkil edir.

71. İş üzrə verilmiş qiymətləndirmə rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

72. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndiricinin rəyi nəzərdən keçirilərkən müəyyən edilir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Kollegiya izah edir ki, qiymətləndiricinin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan iddiaçının qiymətləndiricinin rəyində göstərilənlə müqayisədə daha yüksək dəyərdə olduğunu göstərdiyi əşyalara münasibətdə məhz qiymətləndiricinin rəyində müəyyən edilmiş dəyərlər əsas götürülməlidir.

73. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinin 5.4-cü bəndinə əsasən, tərəflər tutma yönəldilən zaman ipoteka predmetinin ilkin satış qiymətinin "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilməsi barədə razılığa gəlirmişlər.

74. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

76. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

77. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

78. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

79. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1456/2024 saylı qətnaməsi – ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) hissəsində dəyişdirilərək həmin məbləğ 115 000 (bir yüz on beş min) manat müəyyən edilməli, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. İddia qismən təmin edildiyindən 300 manat qiymətləndirmə xərcinin 150 manatı iddiaçı "xxxx" ASC-dən, 150 manatı isə Cavabdeh1 tutularaq müstəqil qiymətləndirici "xxxx" MMC Qiymətləndirmə Şirkətinin (VÖEN: **********, hesablaşma hesabı: AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1456/2024 saylı qətnaməsi – ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) hissəsində dəyişdirilərək həmin məbləğ 115 000 (bir yüz on beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 manat qiymətləndirmə xərcinin 150 manatı iddiaçı "xxxx" ASC-dən, 150 manatı isə Cavabdeh1 tutularaq müstəqil qiymətləndirici "xxxx" MMC Qiymətləndirmə Şirkətinin (VÖEN: **********, hesablaşma hesabı: AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar