Məhkəmə qərarları › İş №2-2(107)-59/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-59/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-59/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin (bundan-sonra-İddiaçı BOKT ASC) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, borcun ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(117)-102/2024 saylı qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Tərəflər arasında 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Bu müqavilənin 1.4-cü bəndinə əsasən kredit, xx.xx.2017-ci il tarixli 2017/00471-01 №-li kreditin restrukturizasiyası üçün verilmişdir. Müqavilənin 1.8-ci bəndində göstərilmişdir ki, əsas borc və ona hesablanacaq faizlər borcalan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli əsasənda ödənilir.

2. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit vəsaitini hər ay 620 ABŞ dolları məbləği olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür.

3. Kredit müqaviləsinin 3.1-ci bəndinin tələbinə görə, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır.

4. Tərəflər arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 2021/00192-01İP nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsində olan öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam borcalan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzil ipoteka qoyulmuşdur.

5. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixində verilmiş **********08-05301-093054 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsusdur. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri “ipoteka qoyan”ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 105 000 (bir yüz beş min) manat məbləğində müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 63.94 kv.m olan fərdi yaşayış evi (tam) (yüklülüyün növü ipoteka), xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2021-ci il qeydiyyat tarixi (********** qeydiyyat nömrəsi) ilə daşınmaz əmlakın dövlət reyestrində 1511 nömrəli reyestr kitabının 138034 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ƏEM/M 51-177/24 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.94 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 166 000 manat müəyyən edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 1092-1023 qeydiyyat nömrəli borc haqqında arayışda əsas borc 8010,73 ABŞ dolları, faiz borcu 677,01 ABŞ dolları, dəbbə pulu 1000 ABŞ dolları olmaqla cəmi 9687,74 ABŞ dolları göstərilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 9687,74 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 140 manat və mediasiya xərcləri kimi ödənilmiş 210 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır.

11. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 14 mart 2024-cü il tarixli, e-2-2(117)-102/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı BOKT ASC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00192-01 №-li Kredit Müqaviləsi ləğv edilməsi, Cavabdeh 8010,73 ABŞ dolları məbləğində əsas borc, 677,01 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8 887,74 ABŞ dolları borc, ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə borc və 140 manat dövlət rüsumu olaraq ödənilmiş pul tutularaq İddiaçı BOKT ASC-nin hesabına ödənilməsi, tələb Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanlı küçəsi, ev 1, 6 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış üçün likvid dəyəri 166000 (bir yüz altmış altı min) manat müəyyən olunması, həmin əmlakın açıq hərracda satıması, satışından əldə olunmuş pul hesabına hazırkı qətnamə ilə tutulmuş borcun ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılaraq müəyyən edilən 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq Əmlak Ekspert Mərkəzi” MMC-nin müvafiq hesabına ödənilməsi qət edilmişdir.

12. Məhkəmə müvafiq əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, bir neçə dəfə məhkəmə iclasları keçirilmiş, tərəflər məlumatlandırılmış, lakin cavabdeh tərəf əsas və faiz borcunu mübahisələndirməmiş, həmin borcun şübhəli və ya real olmaması ilə bağlı hər hansı etiraz, əks mövqe təqdim edilmədiyindən, həmçinin qeyd edilən borcların mövcud olmaması ilə bağlı hər hansı bir sübut və ya dəlil təqdim edilmədiyindən əlavə araşdırma aparılmamış, ekspertiza təyin edilməmişdir. Bu səbəbdən də iddia tələbi üzrə əsas və faiz borcu ilə bağlı iddiaçının tələbi haqlı qəbul edilir.

13. Məhkəmə müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasnda bağlanmış Kredit müqaviləsinin 3.1-ci bəndinin tələbinə görə, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır.

14. Məhkəmə verilən kredit xarici valyutada olduğundan, kreditin ödənilməsində cavabdeh tərəfindən gecikdirilmə edilən vaxtdan xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət edilməsini, tərəflərin əmlak mənafelərini, həmçinin tərəflər arasında əvvəllər də kredit münasibətlərinin mövcud olduğunu nəzərə alıb 1000 ABŞ dolları cərimə məbləğinin 200 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuni, ədalətli və ağılabatan hesab etmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı müvafiq rəyə münasibətdə tərəflər hər hansı bir mübahisəli məqamla bağlı məhkəməyə etiraz və ya dəlillərini təqdim etməmiş, tərəflər arasında ipoteka müqaviləsinin bağlandığı vaxt qeyd edilən əmlakın dəyərinin 105 000 manat olması hazırkı vaxtda isə mütəxəssisin qeyd etdiyi 166 000 manat məbləğində olması real vəziyyətə uyğun hesab edilir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğv edilməsi barədə deyil, bu barədə məhkəməyə müraciət edəcəyini qarşı tərəfə bildirdiyindən, həmçinin bu barədə iddia tələbi irəli sürdüyündən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında kredit müqaviləsi ləğv edilməlidir.

17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 422, 423.2, 424.3, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1, 116.2, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 217.2-ci, “İpoteka haqqında” Azərbaycan Respulikası Qanununun 33, 39.3.3-cü maddələrinin müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

18. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

19. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, borc haqqında arayış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinspinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, çünki cavabdeh işin baxılmasında iştirak etməməklə, ondan tələb edilən dəbbə pulunun tənəsübsüz dərəcədə yüksək olması barədə də hər hansı dəlil irəli sürməmiş və sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 166000 manat müəyyən edilmişdir. Məhkəmə göstərmiş ki, əmlakın qiymətləndirilməsi ilə bağlı müvafiq rəyə münasibətdə tərəflər hər hansı bir mübahisəli məqamla bağlı məhkəməyə etiraz və ya dəlillərini təqdim etməmiş, tərəflər arasında ipoteka müqaviləsinin bağlandığı vaxt qeyd edilən əmlakın dəyərinin 105000 manat olması hazırkı vaxtda isə mütəxəssisin qeyd etdiyi 166000 manat məbləğində olması real vəziyyətə uyğun hesab edilir, əks mövqe olmadığından məhkəmə tərəfindən əlavə sübutların əldə edilməsi, ekspertiza təyin edilməsi və ya digər prosessual hərəkətlər edilməmişdir. Hesab edirlər ki, məhkəmə sözügedən rəyə əsaslanıb, girov əmlakın ilkin satış qiymətini 166000 manat müəyyən etməklə düzgün nəticəyə gəlməmiş, çünki həmin əmlakın tərəflər arasında razılaşdırılmış və ipoteka müqaviləsində göstərilmiş dəyəri 105000 manat təşkil edir, girov əmlakın likvid dəyəri ilə bağlı məqam mübahisəlidir və bu rəy məhkəmə iclasından əvvəl və ya iclas zamanı iş materiallarına əlavə edilməklə tərəflər ilə müzakirə edilməli idi. Göründüyü kimi, məhkəmə iclası zamanı mütətəssis rəyi iş materiallarında olmamış, buna baxmayaraq, məhkəmə girov əmlanın ilkin satış qiymətini müəyyən edərkən, həmin rəyi əsas götürmüşdür. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e- 2-2(117)-102/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəlsə də, şikayətdə dəbbə pulunun tam tutulmaması və ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) yuxarı həddə müəyyən edilməsi mübahisələndirilir. Ona görə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

36. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

38. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

40. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

46. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(117)-102/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Bu müqavilənin 1.4-cü bəndinə əsasən kredit, xx.xx.2017-ci il tarixli 2017/00471-01 №-li kreditin restrukturizasiyası üçün verilmişdir. Müqavilənin 1.8-ci bəndində göstərilmişdir ki, əsas borc və ona hesablanacaq faizlər borcalan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli əsasənda ödənilir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit vəsaitini hər ay 620 ABŞ dolları məbləği olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür.

54. Bundan başqa 06 avqust 2021-ci il tarixli 2021/00192-01İP nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi 105 000 manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00471-01 №-li kreditin restrukturizasiyası ilə bağlı 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır.

55. Birinci instansiya məhkəməsi müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasnda bağlanmış Kredit müqaviləsinin 3.1-ci bəndinin tələbinə görə, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Bu səbəbdən məhkəmə hesab edir ki, verilən kredit xarici valyutada olduğundan, kreditin ödənilməsində cavabdeh tərəfindən gecikdirilmə edilən vaxtdan xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət edilməsini, tərəflərin əmlak mənafelərini, həmçinin tərəflər arasında əvvəllər də kredit münasibətlərinin mövcud olduğunu nəzərə alıb 1000 ABŞ dolları cərimə məbləğinin 200 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuni, ədalətli və ağılabatan hesab edir.

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı hesab edərək qeyd edir ki, dəbbə pulunun (cərimənin, penyanın) hüquqi təyinatı əsas öhdəlik olan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.

57. Qanunun tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

58. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (cərimənin, penyanın) azaldılaraq kredit müqaviləsi üzrə 200 ABŞ dolları məbləğində müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğundur. Kollegiya cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alır.

59. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 166 000 manat müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı müvafiq rəyə münasibətdə tərəflər hər hansı bir mübahisəli məqamla bağlı məhkəməyə etiraz və ya dəlillərini təqdim etməmiş, tərəflər arasında ipoteka müqaviləsinin bağlandığı vaxt qeyd edilən əmlakın dəyərinin 105 000 manat olması hazırkı vaxtda isə mütəxəssisin qeyd etdiyi 166 000 manat məbləğində olması real vəziyyətə uyğun hesab edilir.

60. Məhkəmə kollegiyası birinci insatsniya məhkəməsinin həmin mövqeyini əsaslı sayıt, ona görə də apellyasiya şikayətinin ipoteka predmeti olan mənzilin likvid dəyəri ilə bağlı dəlilini əsassız sayır.

61. Apellyasiya şikayəti zamanı yaranmış zərurətlə əlaqədar iddiaçıdan Cavabdeh 21 may 2024-cü il tarixə kredit borcunun nə qədər təşkil etməsi haqqında arayış alınmışddır. Həmin arayışdan görünür ki; - Cavabdeh 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 saylı kredit müqaviləsi üzrə 21 may 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir:

Qalıq borc: Kreditə görə: 2537,44 ABŞ dolları Faiz borcu: 30,31 ABŞ dolları Dəbbə: 711,00 ABŞ dolları Cəmi: 3278,75 ABŞ dolları

62. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş 10 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh (kredit ödənişi) ödəniş təyinatı üçün 1000 (bir min) ABŞ dolları ödəniş edilmişdir.

63. Məhkəmə kollegiyası hazırkı mübahisəyə həm birinci instansiya məhkəməsində baxılması zamanı, həm də ondan sonra cavabdeh tərəfindən müqavilə üzrə borcun böyük qisminin ödənilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti vermədiyindən işin həmin halına qiymət verilməsi mümkün deyidir. Bununla belə cavabdeh tərəfindən edilmiş həmin ödənişlər qətnamənin icrası zamanı mütləq qaydada nəzərə alınmalı haldır.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

65. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(117)-102/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(117)-102/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı BOKT ASC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar