Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-6/2023 14.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun(bundan sonraiddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ASC (bundan sonra- Bank) ilə Cavabdeh2 Tofiq oğlu(bundan sonra- borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 15 ay müddətinə 3.000 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 21,2 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Borcalanın Bank qarşısında öhdəliklərinin təminatı olaraq Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 260009883/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit restruktruzasiya olunaraq tərəflər arasında xx.xx.2017-ci il tarixdə 2 nömrəli Əlavə saziş bağlanmış və həmin sazişlə boracalanın kredit öhdəliyinin əsas borc qalığı 2871,30 manat, faiz və cərimə borcları isə 0 manat müəyyən edilmişdir. Sazişin 1.1-ci bəndinə əsasən restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2019cu il tarixədək uzadılmışdır. Sazişin 1.2-ci bəndinə əsasən illik faiz dərəcəsi 15 % təşkil edir. Eyni zamanda xx.xx.2015-ci il tarixli 260009883/ZM nömrəli zaminlik müqaviləsi üzrə də bank ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli, 2 nömrəli Əlavə saziş imzalanmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 2.871,30 manat, müqavilə müddəti üçün əsas borc məbləğinə hesablanmış faiz borcu 2.088,04 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 2.953, 69 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 415,60 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, borcalanın xx.xx.2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə imzalanmış Əlavə sazişin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə əsas borcu 2.871,30 manat, faiz borcu 861,39 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas kredit borcunun ödənilməsi məqsədilə 2.871,30 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2.088,04 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 2.953,63 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 415,60 manat, iş üzrə ödənilmiş 3,30 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində xərc olmaqla, cəmi 8.328,63 manat pulun Bankın xeyrinə tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və nəticədə tələb olunan məbləğdə kredit borcu yaranmışdır. Cavabdeh olan borcalan Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, hazırki iş üzrə 3 illik iddia müddətinin ötürülmüş olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh olan zamin Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, zaminə qarşı tələbetmə müddətinin ötürülmüş olduğunu əsas gətirərək ona münasibətdə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş məlumat və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il tarixdə 150 manat olmuş, xx.xx.2017-ci il tarixli kredit sazişi üzrə ödəniş edilməmişdir. Şəki Kommerisya Məhkəməsinin e-2-2(046)-1640/2022 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddianın təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 2871,30 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır ki, iddiaçının əsas borca münasibətdə iddia tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh olan əsas borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sazişdən göründüyü kimi, saziş 24 ay müddətinə bağlanılmış və sonuncu icra tarixi xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Hazırki iddiaya dair məhkəmədən ona cavab olaraq ünvanlanmış bildirişin tarixi xx.xx.2022-ci ildir. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank ilə Cavabdeh2 arasında 24 ay müddətinə 2781,30 manat kredit qalığının olmasına dair xx.xx.2017-ci il tarixdə müqavilə üzrə saziş bağlanmışdır. Eyni zamanda Bank tərəfindən verilmiş hesabdan çıxarışı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə 150 manat olmuş, saziş üzrə isə ümumiyyətlə ödəniş olmamışdır. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 24 ay müddətinə xx.xx.2017-ci il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Əsas borclu olan cavabdehin sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə olduğundan, saziş üzrə isə ümumiyyətlə ödəniş olmadığından iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilənin bitmə tarixi olan xx.xx.2019-cu il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə ilkin məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2022ci il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-669/2022 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, daha sonra iddiaçının hazırki iddia ərizəsi elektron kabinet vaitəsilə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə ilk dəfə müraciət edərkən belə onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə tələbin zaminə qarşı hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Məhkəmə qeyd edir ki, zaminin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi və ya verməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində zaminliklə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bankla borcalan arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. xx.xx.2017-ci il tarixdən etibarən kredit müqaviləsinin müddəti xx.xx.2019-ci il tarixdə bitmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, xx.xx.2017-ci il tarixli saziş zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək zaminə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbinə münasibətdə iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan zaminə aid iddia tələbi də rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 376, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 477.0.4, 739.1, 739.2-ci, Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Bank tərəfindən cavabdehlərə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq xx.xx.2022-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, ilkin məhkəməyə müraciət iddia müddətinin son günüxx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti ərzində olmuşdur. Lakin Göyçay Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən, xx.xx.2022-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmiş və səbəb kimi göstərmişdir ki, borcalan fərdi sahibkarlıq statusuna malik olmaqla həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələ mübahisələndirildiyindən hazırki tələbə kommersiya məhkəməsi baxmalıdır. Müvafiq qərardad banka daxil olduqdan sonra qısa zaman ərzində iddia ərizəsinin kommersiya məhkəməsinə göndərilməsi üçün hazırlıqlar başlanılmışdır. Məlumdur ki, kommersiya məhkəmələrinə müraciət etməzdən əvvəl mediasiya prosesi keçirilməlidir. Bu prosedura riayət edildikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yenidən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə Şəki Kommersiya məhkəməsinə müraciət edilmişdir. Bank ilkin məhkəməyə müraciət hüququndan vaxtında istifadə etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını iddia ərizəsinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bank və borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 15 ay müddətinə 3.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən verilmiş kredit restruktruzasiya olunaraq tərəflər arasında xx.xx.2017-ci il tarixdə 2 nömrəli Əlavə saziş bağlanmış və həmin sazişlə boracalanın kredit öhdəliyinin əsas borc qalığı 2.871,30 manat müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Eyni zamanda Bank ilə zamin olan Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuşdur. İşin hallarından müəyyən edilir və cavabdehlər tərəfindən mübahisə edilmir ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, Banka olan borcunu ödəməmiş və nəticədə onun Banka 2.871,30 manat əsas borcu, 861,39 manat əsas borc məbləğinə hesablanmış faiz borcu, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 415,60 manat faiz borcu yaranmışdır. Borcun ödənilməsi gecikdirildiyi üçün Bank tərəfindən borcalana 2.953,69 manat məbləğində cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, borcalanın iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Lakin buna baxmayaraq, həmin öhdəliyin icra edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti Bank tərəfindən ötürülmüşdür. Borcalan- Cavabdeh2 isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməli və bu səbəbdən iddia təmin olunmamalıdır. İddiaçı Bank apellyasiya şikayətində qeyd edir ki, iddia müddətini ötürməmişdir. Belə ki, Bank cavabdehlərə qarşı hazırki tələbi ilə ilk dəfə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və bu müraciəti xx.xx.2022-ci il tarixdə- iddia müddətinin son günündə, yəni iddia müddəti ərzində olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, sözügedən kredit müqaviləsi üzrə üç illik iddia müddətinin axımı 03 fevral 2019-cu il tarixindən başlamış və 03 fevral 2022-ci il tarixində bitmişdir. İş materillarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə qarşı hazırki tələbi ilə bağlı 03 fevral 2022-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Yəni iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla verilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, mediasiya prosesində iştirak qaydalarına əməl edilməməsi əsası ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı iddia edir ki, ilkin iddia tələbini iddia müddətinin son günündə vermiş və bununla da iddia müddətini ötürməmişdir. Halbuki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddianın verilməsi iddia müddətinin kəsilməsinə səbəb olur. Hazırki halda isə ilkin iddia ərizəsi müəyyənləşdirilmiş qaydada verilməmişdir. Bundan sonra iddiaçı nöqsanları düzəldərək ikinci dəfə 12 avqust 2022-ci il tarixdə, yəni iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada verilmədiyindən iddia müddəti kəsilməmişdir. İşə birinci instansiyası məhkəməsində baxıldığı zaman Cavabdeh2 “iddia müddətinin tətbiqi barədə ərizə” ilə birinci instansiyası məhkəməsinə müraciət edərək iddiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi də, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən halların, yəni iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının mövcud olmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq iddianı təmin etməmişdir. Məhkəmə iddia tələbinin zamin olan Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Bank ilə zamin arasında bağlanılan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində qeyd olunmuşdur ki, zaminliyə, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1(bir) il ərzində kreditor zaminə qarşı iddia sürülmədiyi halda xitam verilir. Qeyd olunan zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 2 nömrəli Əlavə saziş bağlansa da, müqavilənin 5.1.4-cü bəndi dəyişdirilmədən saxlanılmışdır(2 nömrəli Əlavə saziş 2.3. bənd). Göründüyü kimi, iddiaçı öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 03 fevral 2019-cu il tarixindən bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən 03 fevral 2020-ci il tarixdə zaminliyə xitam verilmişdir. Qeyd olunanlara əsasən, Məhkəmə qeyd edir ki, zaminliyə xitam verildiyi üçün iddiaçının zaminə qarşı tələb etmək hüququ yoxdur və iddia tələbi zamin olan cavabdehə aid hissədə də əsassızdır. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-6/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-6/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver